Azərbaycan Respublikasının ərazisinə daxil olan və həmin ərazidən sərnişin və yük daşıması üçün istifadə edən avtomobil nəqliyyatı vasitələrinin sahibləri olan qeyri-rezident müəssisələr və qeyri-rezident fiziki şəxslər, habelə Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində minik avtomobilləri, avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri olan şəxslər Azərbaycan Respublikasının avtomobil yollarından istifadəyə görə yol vergisinin ödəyiciləridir.
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri yol vergisinin vergitutma obyektidir.
Verginin dərəcələri
Avonəqliyyat vasitələrinin növündən, oturacaqların sayından, yük götürmə qabiliyyətindən və avtonəqliyyat vasitələrinin yüklə birlikdə ümumi çəkisindən, oxa düşən ağırlığından, Azərbaycan Respublikası ərazisində qət edilən məsafədən, təhlükəli yüklərin daşınmasından asılı olaraq Azərbaycan Respublikasının ərazisinə daxil olan xarici dövlətlərin avtonəqliyyat vasitələrindən, habelə Azərbaycan Respublikasının ərazisində şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələrinin mühərriklərinin həcmindən asılı olaraq avtonəqliyyat vasitələrindən vergi hesablanır.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan şəxslər illik yol vergisini həmin avtonəqliyyat vasitələrinin mühərrikinin həcminə görə aşağıdakı dərəcələrlə ödəyirlər:
Vergitutma obyektinin adı |
Yol vergisinin dərəcəsi |
Minik avtomobilləri:
- Mühərrikinin həcmi 2000 sm3-dək olduqda
- Mühərrikinin həcmi 2000 sm3-dən çox olduqda |
Mühərrikin həcminin hər sm3-nə görə – 0,01 manat
20 manat + mühərrikin həcminin 2000 sm3-dən çox hissəsi üçün hər sm3-rə görə – 0,02 manat |
Avtobuslar və digər avtomobil nəqliyyatı vasitələri |
Mühərrikin həcminin hər sm3-nə görə – 0,02 manat |
Misal 1: Mühərrikinin həcmi 1600 sm3 olan VAZ-2106 markalı «Jiquli» avtomobilinin illik yol vergisi 16 manat (1600 x 0,01 manat) təşkil edir.
Misal 2: Mühərrikinin həcmi 2500 sm3 olan «Chevrolet» markalı avtomobilin illik yol vergisi 30 manat (20 manat + 500 x 0,02 manat) təşkil edir.
Misal 3: Mühərrikinin həcmi 10850 sm3 olan KAMAZ markalı yük maşınının illik yol vergisi 217 manat (10850 x 0,02 manat) təşkil edir.
Kənd təsərrüfatı məhsullarının istehsalında istifadə olunan kənd təsərrüfatı texnikası (traktorlar, kombayn və yığım maşınları, pambıq yığan maşınlar) və büdcə təşkilatlarının avtomobil nəqliyyatı vasitələri yol vergisini ödəməkdən azaddırlar.
Yol vergisinin tutulması və bəyannamənin təqdim edilməsi
Xarici dövlətlərin avtonəqliyyat vasitələri müəyyən edilmiş vergini həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tuturlar və bir bank günü ərzində dövlət büdcəsinə köçürürlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər illik yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər.
İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə, avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan (Daxili İşlər Nazirliyi) tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
Hesablanmış verginin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Avtonəqliyyat vasitələrini dövlət qeydiyyatına alan orqan (Daxili İşlər Nazirliyi) hər rüb hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq yeni qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmış avtonəqliyyat vasitələri barədə məlumatı Azərbaycan Respublikasının Vergilər Nazirliyinə təqdim edir.
Maliyyə sanksiyaları və faizlər
Yol vergisinin hesabatını və ya vergi öhdəliyinin yaranmaması barədə müvafiq arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını 5 gün müddətində ödəmədikdə vergi orqanı müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Yol vergisi üzrə vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicilərindən hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.