Azərbaycan Respublikasının ərazisində, o cümlədən Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektorunda faydalı qazıntıların çıxarılmasına görə ödənilən vergi mədən vergisi adlanır.
Vergi ödəyiciləri
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölgəsi də daxil olmaqla) yerin təkindən faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Vergitutma obyekti
Azərbaycan Respublikasının ərazisində (Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan sektoru da daxil olmaqla) yerin təkindən çıxarılan faydalı qazıntılar vergitutma obyektidir.
Mədən vergisi üzrə vergitutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntıların çıxarıldığı vaxt sayılır.
Mədən vegisinin dərəcələri
Yerin təkindən çıxarılan xam neft, təbii qaz və filiz faydalı qazıntılarına görə mədən vergisi onların topdansatış qiymətinə tətbiq edilməklə aşağıdakı kimi müəyyənləşdirilir:
Mədən vergisinə cəlb
olunan faydalı qazıntıların adı |
Mədən vergisinin
dərəcələri
(faizlə) |
Xam neft |
26 |
Təbii qaz |
20 |
Filiz faydalı qazıntıları:
- bütün növ metallar |
3 |
Vergitutma məqsədləri üçün topdansatış qiyməti dedikdə, vergi ödəyicisinin çıxardığı faydalı qazıntılar üçün müəyyən etdiyi (əlavə dəyər vergisiz) faktiki buraxılış (satış) qiyməti (bazar qiymətlərindən aşağı olmayan), bu qiymətlər dövlət tərəfindən müəyyən edildikdə isə tənzimlənən qiymətlər nəzərdə tutulur.
Yerin təkindən çıxarılan aşağıdakı qeyri-filiz faydalı qazıntıların növündən asılı olaraq mədən vergisi hər kubmetr üçün aşağıdakı dərəcələrlə hesablanır:
Mədən vergisinə cəlb
olunan qeyri-filiz faydalı
qazıntıların adı |
Mədən vergisinin
dərəcələri (manatla) |
Qeyri-filiz faydalı qazıntıları: |
|
- seolit |
0,5 |
- barit |
0,5 |
- mişar daşları |
0,5 |
- çınqıl xammalı |
0,5 |
- Yüngül doldurucular
(keramzit, aqloporit) istehsalı üçün gillər |
0,5 |
- bentonit gilləri |
0,5 |
- kərpic-kirəmit gilləri |
0,5 |
- vulkan külü və pemza |
0,5 |
- kvars qumları |
0,5 |
- tikinti qumları |
0,5 |
- sement xammalı (əhəng
daşı, mergel, gil, vulkan külü) |
0,5 |
- üzlük daşları (mərmər, qabbro, tuflar, travertin, mərmərləşmiş əhəng daşı) |
1 |
- qiymətli və yarımqiymətli
bəzək daşları |
4 |
- daş duz |
4 |
- yodlu bromlu sular |
0,02 |
- mineral sular |
6 |
Verginin hesablanması qaydası, ödənilməsi müddəti və bəyannamənin verilməsi
Mədən vergisi yerin təkindən çıxarılmış xam neft, təbii qaz və bütün növ metalların topdansatış qiymətinə, yerin təkindən çıxarılmış digər faydalı qazıntılarin isə hər kubmetrinə müvafiq müəyyən olunmuş vergi dərəcələrini (vergitutma bazasına) tətbiq etməklə hesablanır.
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayıdır.
Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq ödənilir.
Mədən vergisinin ödəyiciləri vergi bəyannaməsini hər ay hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına, yerli büdcələrə daxil olan mədən vergisi üzrə isə bələdiyyələrə təqdim etməlidirlər.
Mədən vergisi gəlirdən məhdudlaşdırılmayan çıxılmalara aid edilir.
Mədən vergisi (yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi istisna olmaqla) dövlət büdcəsinə ödənilir.
Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə büdcəsinə) büdcəyə ödənilir.
Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-keramiədt gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Xam neftin və qazın hasilatı zamanı mədən vergisi hesablanarkən, hasil edilmiş neftin və qazın miqdarından texnoloji proseslə əlaqədar quyuya geri vurulan neftin və qazın miqdarı Nazirlər Kabinetı tərəfindən müəyyən edilən normativlər əsasında çıxılır.
Maliyyə sanksiyaları və faizlər
Mədən vergisinin hesablanmamasına, vaxtında ödənilməməsinə və bəyannamələrin müəyyən edilmiş müddətdə verilməməsinə görə vergi ödəyiciləri və onların vəzifəli şəxsləri mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
Mədən vergisinin hesabatını və mədən vergisi üzrə öhdəliyin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin 50faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Sərvətlərin və ya pul vəsaitin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmamasına görə
- gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında;
- il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faiz miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Mədən vergisi üzrə vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.