Bu bukletin müddəaları avtomobil nəqliyyatı vasitələri, o cümlədən taksi ilə sərnişin və yük daşımalarını həyata keçirən şəxslərə və mənzil tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərəşamil edilmir.
Sadələşdirilmiş verginin ödəyiciləri
ƏDV məqsədləri üçün qeydiyyata alınmamış və əvvəlki üç aylıq dövr ərzində vergi tutulan əməliyyatlarının həcmi 22500 manat və ondanaz olan şəxslər sadələşdirilmiş vergi ödəyicisi olmaq hüququna malikdirlər. Belə vergi ödəyiciləri hər il aprel ayının 20-dən gec olmayaraq vergi bəyannaməsini və ya bu hüquqdan istifadə etməyəcəyi barədə yazılı məlumatı uçotda olduqları vergi orqanına təqdim etməklə seçdiyi metodu təqvim ilinin sonunadək tətbiq etməlidirlər.
Aşağıda göstərilən şəxslər sadələşdirilmiş verginin ödəyicisi ola bilməzlər:
- aksizli mallar istehsal edən şəxslər;
- kredit və sığorta təşkilatları, investisiya fondları, qiymətli kağızlar bazarının peşəkar iştirakçıları, lombardlar;
- qeyri dövlət pensiya fondları;
- əmlakın icarəyə verilməsindən və royaltidən gəlir əldə edənlər;
- mülkiyyətindəki avtonəqliyyat vasitələrindən başqa digər əsas vəsaitlərinin qalıq dəyəri 1.000.000 (bir milyon) manatdan artıq olan, lakin fəaliyyəti avtonəqliyyat vasitələri ilə daşımaların və mənzil tikinti fəaliyyətinin həyata keçirilməsindən ibarət olmayan şəxslər.
Vergitutma obyekti
Hesabat dövrü ərzində sadələşdirilmiş vergi ödəyicisi tərəfindən təqdim edilmiş mallara (işlərə, xidmətlərə) və əmlaka görə əldə edilmiş ümumi hasilatin, habelə satışdankənar gəlirlərin həcmi vergitutma obyektidir.
Sadələşdirilmiş vergi ödəyən hüquqi şəxslər ƏDV-nin, mənfəət vergisinin və əmlak vergisinin, hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslər bu fəaliyyət üzrə gəlir vergisinin və ƏDV-nin ödəyicisi deyildirlər.
Sadələşdirilmiş verginin dərəcəsi
Sadələşdirilmiş vergi, bu verginin ödəyicilərinin malların təqdim edilməsindən, işlərin görülməsindən, xidmətlərin göstərilməsindən əldə etdiyi vəsaitin məbləğindən (ümumi hasilatının həcmindən) və satışdankənar gəlirlərdən aşağıdakı dərəcə ilə hesablanır;
Bakı şəhərində - 4 faiz,
digər şəhər və rayonlarda, Naxçıvan MR-da - 2 faiz.
Bakı şəhəri istisna olmaqla Azərbaycan Respublikasının digər şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən vergi ödəyicilərinə bu regionlar üzrə müəyyən edilmiş dərəcələri o halda tətbiq edilir ki, bu vergi ödəyiciləri özünün istehsal sahəsi, daşınmaz əmlakı və işçi qüvvəsi ilə həmin ərazilərdə fəaliyyət göstərmiş olsunlar.
Azərbaycan Respublikasının şəhər və rayonlarında, Naxçıvan MR-da vergi uçotuna alınmış, lakin Bakı şəhərində fəaliyyət göstərən sadələşdirilmiş verginin ödəyiciləri vergini Bakı şəhəri üzrə müəyyən olunmuş vergi dərəcələri ilə ödəyirlər.
Müxtəlif vergi dərəcələri ilə vergiyə cəlb edilən gəlirlər üzrə uçot ayrı-ayrılıqda aparılmalıdır. Belə uçot aparılmadıqda ən yüksək vergi dərəcəsi tətbiq edilir.
Sadələşdirilmiş verginin hesablanması qaydası, ödəmə müddəti və bəyannamənin verilməsi
Hesabat dövrü üçün sadələşdirilmiş verginin məbləği müəyyən edilmiş vergi dərəcəsini hesabat dövrünün ümumi hasilatının həcminə tətbiq etməklə hesablanır. Məsələn:
Siz pərakəndə ticarətlə məşğul olursunuz və rüblük dövriyyəniz 12.000 manat olmuşdur:
Bakı şəhərində fəaliyyət göstərirsinizsə ödəyəcəyiniz verginin məbləği
12.000x4%=480 manat,
digər şəhər və rayonlarda, Naxçıvan MR-da fəaliyyət göstərirsinizsə
12.000x2%=240 manat olacaqdır.
Sadələşdirilmiş vergi üçün hesabat dövrü rübdür.
Sadələşdirilmiş verginin ödəyiciləri hesabat dövründən sonrakı ayın 20-dək ödənilməli olan verginin məbləği haqqında vergi orqanlarına bəyannamə verir və həmin müddətdə vergini dövlət büdcəsinə ödəyirlər.
Vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsin fəaliyyətinə xitam verildikdə 30 gün müddətində vergi orqanına bəyannamə təqdim edilməlidir. Bu zaman vergi dövrü hesabat dövrü sayılan müddətin əvvəlindən vergi ödəyicisi fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
- Ödəmə mənbəyində verginin tutulması
Sadələşdirilmiş verginin ödəyicisi olan və ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Fiziki şəxslərə muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirdən gəlir vergisi aylıq hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq, qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi isə gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına təqdim edilməlidir.
- Maliyyə sanksiyaları, cərimə və faizlər
Sadələşdirilmiş vergi ödəyicilərinə vergi qanunvericiliyinin pozulması hallarına görə Vergi Məcəlləsinin müddəalarına uyğun olaraq aşağıda göstərilən maliyyə sanksiyaları və faizlər tətbiq edilə bilər:
- sadələşdirilmiş verginin hesabatını və ya vergi öhdəliyinin yaranmaması haqqında arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində;
- aktivləri barədə məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində;
- verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında;
- nağd pul hesablaşmalarının aparılması qaydalarının pozulmasına, o cümlədən alıcıya çekin, bankların valyuta mübadilə şöbələri tərəfindən müştəriyə təqdim edilməli olan bank çıxarışlarının və ya digər ciddi hesabat blanklarının verilməməsinə və ya ödənilmiş məbləğdən aşağı məbləğ göstərilməklə verilməsinə görə vergi ödəyicisinə
- il ərzində belə hallara birinci dəfə yol verildikdə – 400 manat;
- il ərzində belə hallara ikinci dəfə yol verildikdə – 800 manat;
- il ərzində belə hallara üç və daha çox dəfə yol verildikdə – 1200 manat məbləğində;
- sərvətlərin və ya pul vəsaitin 1000 manatdan çox olan məbləğdə uçotdan gizlədilməsi və ya uçota alınmamasına görə
-gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 5 faiz miqdarında;
- il ərzində belə hallara təkrar yol verildikdə, gizlədilmiş və ya uçota alınmamış sərvətlərin və ya vəsaitin ümumi məbləğinin 1000 manatdan çox olan hissəsinə 10 faiz miqdarında;
- Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
- sadələşdirilmiş vergi müəyyən edilmiş müddətdə ödənilmədikdə, ona hər bir ötmüş gün üçün ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz hesablanır.
İnzibati Xətalar və Cinayət Məcəllələrinin müddəalarına uyğun olaraq qanunpozuntusuna yol vermiş sadələşdirilmiş vergi ödəyicilərinə qarşı aşağıdakı cəza tədbirləri görülə bilər:
- valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılmasına və ya dəyişdirilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 30 faizindən 70 faizinədək miqdarda
- valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsinə görə inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 40 faizindən 80 faizinədək miqdarda
- aksiz markası ilə markalanmalı olan malların belə marka olmadan 550 manatadək olan məbləğdə satılmasına və ya satış məqsədi üçün saxlanılmasına görə aksiz markası olmayan mallar müsadirə edilməklə
fiziki şəxslər – 38,5 manatdan 44 manatadək
vəzifəli şəxlər – 88 manatdan 99 manatadək
hüquqi şəxslər – 220 manatdan 330 manatadək
- saxta aksiz markalarını əldə etmə və ya satmağa görə 1100 manatdan 2200 manatadək olan miqdarda cərimə və ya 2 ilədək müddətə islah işləri və ya 3 ilədək müddətə azadıqdan məhrum etmə
- aksiz markası ilə markalanmalı olan məhsulları (malları) belə marka olmadan xeyli miqdarda, yəni 550 manatdan 2200 manatadək olan məbləğdə satma, satış məqsədi ilə saxlama əmlakı müsadirə olunmaqla 1100 manatdan 3300 manatadək cərimə və ya 1 ilədək müddətə islah işləri və ya 2 ilədək müddətə azadlıqdan məhrum etmə
- eyni əməllər külli miqdarda, yəni 2200 manatdan yuxarı olan məbləğdə, təkrar və ya qabaqcan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə əmlakı müsadirə olunmaqla 5 ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
AVTONƏQLİYYAT XİDMƏTİNİ HƏYATA KEÇİRƏN ŞƏXSLƏR ÜÇÜN SADƏLƏŞDİRİLMİŞ VERGİ
Sadələşdirilmiş verginin ödəyiciləri
Mülkiyyətində və ya istifadəsində olan avtonəqliyyat vasitələri ilə (beynəlxalq yük və sərnişin daşımaları istisna olmaqla) Azərbaycan Respublikasının ərazisində sərnişin və yük daşımalarını (o cümlədən taksi ilə) və yaxud həmin daşımaları müqavilə əsasında digər şəxslər vasitəsi ilə həyata keçirən şəxslər sadələşdirilmiş verginin ödəyiciləridir. Bu şəxslərin mülkiyyətində və ya istifadəsində olan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş verginin vergitutma obyekti hesab olunur.
Sadələşdirilmiş verginin dərəcəsi
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarını həyata keçirən vergi ödəyiciləri üçün aylıq olaraq sadələşdirilmiş vergi aşağıdakı kimi müəyyən olunur:
Daşınma növü |
Ölçü vahidi |
Verginin aylıq məbləği (manatla) |
Sərnişin daşınması (taksi istisna olmaqla), oturacaq yerlərinin sayına görə:
- 13-dək
- 13-dən 31-dək
- 31 və ondan yuxarı |
1 oturacaq yeri |
1,8 manat
21,6 manat + 13-cü yerdən başlayaraq hər oturacaq yerinə görə 0,5 manat
30,6 manat + 31-ci yerdən başlayaraq hər oturacaq yerinə görə 0,3 manat |
Taksi ilə sərnişin daşınması |
1 ədəd nəqliyyat vasitəsi |
9 manat |
Yük daşınması |
1 ton yük
götürmə
qabiliyyəti |
1 manat |
Sadələşdirilmiş verginin məbləği sərnişin və yük daşınmasının həyata keçirildiyi ərazidən asılı olaraq yuxarıdakı cədvəldə göstərilmiş vergi məbləğinə xüsusi əmsalar tətbiq etməklə müəyyən edilir. Belə ki, daşımalar Bakı şəhərində (kənd və qəsəbələr daxil olmaqla) və Bakı şəhəri ilə ölkənin digər yaşayış məntəqələri arasında həyata keçirildikdə bu əmsal 2-yə, Abşeron rayonu, Sumqayıt, Gəncə şəhərlərində və həmin rayon və şəhərlərlə digər yaşayış məntəqələri arasında (Bakı şəhəri istisna olmaqla) həyata keçirildikdə 1,5-ə bərabər olur. Daşıma digər şəhər və rayonlarda və həmin şəhər və rayonlarla digər yaşayış məntəqələri arasında həyata keçirildikdə isə (Bakı, Sumqayıt, Gəncə şəhərləri və Abşeron rayonu istisna olmaqla) əmsal tətbiq edilmir.
Avtomobil nəqliyyatı vasitələrində (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yük götürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsinə əsasən müəyyən edilir.
Avtomobil nəqliyyatı vasitələrindəki (taksi istisna olmaqla) oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsində göstərilmədikdə həmin göstəricilər Daxili İşlər Nazirliyi tərəfindən vergi orqanlarına verilmiş arayışlar əsasında müəyyən edilir. Oturacaq yerlərinin sayını avtomobil nəqliyyatı vasitələrinin qeydiyyat şəhadətnaməsi və ya Daxili İşlər Nazirliyi tərəfindən verilmiş arayışlar əsasında müəyyən etmək mümkün olmadıqda sadələşdirilmiş verginin məbləği yerlərin faktiki sayına görə müəyyən edilir.
Sadələşdirilmiş verginin hesablanması qaydası və ödəmə müddəti
Avtomobil nəqliyyatı vasitəsilə sərnişin və yük daşımalarına görə aylıq sadələşdirilmiş vergi hər bir avtonəqliyyat vasitəsi üçün – yuxarıdakı cədvəldə göstərilmiş sadələşdirilmiş verginin ölçü vahidini verginin aylıq məbləğinə və daşımanın həyata keçirildiyi ərazidən asılı olaraq müəyyən edilmiş əmsala vurmaqla hesablanılır və dövlət büdcəsinə ödənilir. Məsələn:
Oturacaqlarının sayı 17 ədəd olan mikroavtobusunuzla Bakı şəhərində sərnişin daşınmasını həyata keçirirsiniz. Bu zaman Sizinödəyəcəyiniz verginin aylıq məbləği aşağıdakı kimi hesablanacaq:
Oturacaqların sayı 17 ədəd olduğundan (13-dən 31-dək) sadələşdirilmiş verginin aylıq məbləği 21,6+5x0,5=24,1 manat olacaq və Sizin fəaliyyətiniz Bakı şəhərində həyata keçirildiyindən ödəyəcəyiniz sadələşdirilmiş verginin aylıq məbləği 24,1x2=48,2 manat olacaqdır.
Bundan sonra vergi ödəyicisi təqvim ayının sonunadək ərizə ilə birlikdə sadələşdirilmiş verginin tam məbləğdə ödənilməsini təsdiq edən bank ödəniş sənədini Nəqliyyat Nazirliyinə təqdim etməklə öz istəklərinə uyğun olaraq növbəti ay, rüb, yarım il və ya ilüçün ciddi hesabat blankı olan «Fərqlənmə nişanı» alır.
Bank ödəniş sənədində avtomobil nəqliyyatı vasitəsinin dövlət qeydiyyat nişanının seriya və nömrəsi aydın göstərilməlidir. «Fərqlənmə nişanı» vergi ödəyicisinin ərizəsinə əsasən iki iş günündən gec olmayaraq verilir.
Avtonəqliyyat xidməti göstərən şəxslər tərəfindən ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə, həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Sadələşdirilmiş verginin ödənilməsinə avtonəqliyyat vasitəsinin sahibi, nəqliyyat vasitəsi vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi əsasında istifadə edildikdə isə vəkalətnamə (etibarnamə) və ya icarə müqaviləsi ilə idarə edən şəxslər məsuliyyət daşıyır.
Hüquqi şəxs özünə məxsus avtomobil nəqliyyatı vasitələri ilə daşımaları həyata keçirdikdə sadələşdirilmiş vergi onun tərəfindən ödənilməlidir.
Fəaliyyəti yalnız avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və yük daşımalarından ibarət olan vergi ödəyiciləri vergi orqanlarına bəyannamə vermirlər.
Vergi ödəyicilərinin balansında olan avtomobil nəqliyyatı vasitələri ilə öz istehsal fəaliyyətini təmin etmək üçün işçilərinin və özünə məxsus yüklərinin daşınmasında istifadə olunan avtomobil nəqliyyatı vasitələri sadələşdirilmiş vergiyə cəlb edilmir və bu nəqliyyat vasitələri üçün hec bir haqq ödənilmədən «Xüsusi fərqlənmə nişanı» alınır. «Xüsusi fərqlənmə nişanı» vergi ödəyicisinin müraciətindən sonra beş iş günü ərzində Nəqliyyat Nazirliyi tərəfindən verilir. Bu nişanı almış vergi ödəyiciləri avtomobil nəqliyyatı vasitələrini satarkən və ya icarəyə verərkən, habelə digər məqsədlər üçün istifadə edərkən ən azı bir iş günü əvvəl bu nişanı geri qaytarmalıdır.
Vergi ödəyicisi işçi heyətini və özünə məxsus yükləri daşımaq üçün yeni avtonəqliyyat vasitəsi aldıqda bu nəqliyyat vasitələri müvafiq qaydada qeydiyyata alındıqdan sonra beş gün ərzində Nəqliyyat Nazirliyinə bu barədə müəyyən edilmiş formada məlumat təqdim edir.
«Fərqlənmə nişanı» və «Xüsusi fərqlənmə nişanı» aşağıdakı məlumatları özündə əks etdirir:
- vergi ödəyicisi olan hüquqi şəxsin tam adı və ya fiziki şəxsin adı, atasının adı, soyadı;
- vergi ödəyicisinin VÖEN-i;
- nişanın qüvvədə olma müddəti;
- avtonəqliyyat vasitəsinin markası və dövlət qeydiyyatı nişanı;
- avtonəqliyyat vasitələrində oturacaq yerlərinin sayı və ya yükgötürmə qabiliyyəti;
- daşımanın həyata keçirildiyi ərazi;
- ödənilmiş verginin məbləği.
Avtomobil nəqliyyatı vasitələrilə daşımaları həyata keçirən vergi ödəyiciləri bu fəaliyyətdən başqa digər fəaliyyətlə məşğul olurlarsa əldə olunan gəlir və xərclərin uçotu hər bir fəaliyyət növü üzrə ayrılıqda aparılır və bu fəaliyyət növü üzrə mənfəəti (zərəri) digər fəaliyyət növündən əldə edilmiş mənfəətə (zərərə) aid edilmir.
Xüsusi nişan və avadanlıqlarla təchiz olunmuş xüsusi təyinatlı (sahibkarlıq fəaliyyəti çərçivəsində onlara digər vergi ödəyiciləri tərəfindən göstərilən bu cür xidmətlər istisna olmaqla), habelə dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının, hasilatın pay bölgüsü, əsas ixrac boru kəməri haqqında və bu qəbildən olan digər sazişlər çərçivəsində fəaliyyət göstərən xarici podratçıların və subpodratçıların, dövlət fondlarının, xarici ölkələrin diplomatik və konsulluq nümayəndəliklərinin, beynəlxalq təşkilatların nümayəndəliklərinin rəsmi istifadəsi üçün nəzərdə tutulan avtomobil nəqliyyatı vasitələri üçün "Fərqlənmə nişanı" və ya "Xüsusi fərqlənmə nişanı" alınmır. Belə avtomobil nəqliyyatı vasitələrinin sahibləri həmin avtonəqliyyat vasitələri barədə Nəqliyyat Nazirliyinə məlumat verirlər.
"Fərqlənmə nişanı" olmadan avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşınmasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.