>> əvvələ <<
Bələdiyyə vergiləri
Bələdiyyə vergiləri 

Bələdiyyə vergiləri dedikdə, Vergi Məcəlləsi ilə və müvafiq qanunla müəyyən edilən, bələdiyyələrin qərarlarına əsasən tətbiq edilən və bələdiyyələrin ərazilərində ödənilən vergilər nəzərdə tutulur.
Bu bukletdə Vergi Məcəlləsi ilə müəyyən edilmiş və bələdiyyə büdcəsinə ödənilən aşağıdakı vergilər barədə məlumat verilir:

  1. fiziki şəxslərin torpaq vergisi
  2. fiziki şəxslərin əmlak vergisi
  3. yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi
  4. bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi.

Bələdiyyə vergilərinin dərəcələri vergi qanunvericiliyində təsbit edilmiş hədlər daxilində müəyyən edilir. Vergi qanunvericiliyinə uyğun olaraq, bələdiyyələr öz ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı kateqoriyalarını yerli vergilərdən tam və ya qismən azad etmək, vergi dərəcələrini azaltmaq barədə qərar qəbul edə bilərlər.

Torpaq vergisi

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq vergisinə cəlb olunurlar və onların mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi və keyfiyyəti nəzərə alınmaqla şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti  0,06 manatdır.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı yaşayış fondlarının həyətyanı sahələri və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə vergi torpaq sahəsinin hər 100 kvadrat  metrinə görə hesablanır və aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:    

 

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar   (hər 100 m2 görə manatla)

Yaşayış fondlarının,  həyətyanı sahələrinin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar     (hər 100 m2 görə manatla)

Bakı

10

 0,6

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

8

0,5

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

4

0,3

Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə  Abşeron rayonunun qəsəbə və kəndləri istisna olmaqla)

 

2

 

0,1

Torpaq vergisi torpaq barəsində mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq  vergisi tutulur.
Fiziki şəxslər və bələdiyyə müəssisələri torpaq sahələri barədə özlərinin mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra bələdiyyələrdə 1 ay müddətində uçota durmalıdırlar.
Bələdiyyələr tərəfindən fiziki şəxslərə torpaq vergisi hər il iyulun 1-dək hesablanılır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır. Ayrılıqda bir neçə fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Fiziki şəxslərin torpaq vergisi yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödənilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği gəlirdən çıxılmalara aid edilir.

Vergi güzəştləri

Aşağıdakı fiziki şəxslərin torpaq vergisi 10 manat məbləğində azaldılır:
- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
- Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;
-  I və II qrup müharibə əlilləri;
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslər;
- Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində digər radiasiya qəzaları nəticəsində şua xəstəliyinə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər. 

Əmlak vergisi

Rezident və qeyri-rezident fiziki şəxslər əmlak vergisinin ödəyiciləridir.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan və Azərbaycan Respublikasının ərazisində yerləşən tikililəri və ya onların hissələri (bundan sonra bina adlandırılacaq), həmçinin yerindən və istifadə edilib-edilməməsindən asılı olmayaraq rezident fiziki şəxslərə məxsus su və hava nəqliyyatı vasitələri əmlak vergisinin vergitutma obyekti sayılır.
Fiziki şəxslər əmlak vergisini aşağıdakı qaydada və dərəcələrlə ödəyirlər:
- onların xüsusi mülkiyyətində olan binaların inventarlaşdırılmış dəyərindən: bu dəyər 5000 manatadək olduqda vergi tutulmur, 5000 manatdan çox olan məbləğdən isə - 0,1 faizlə.
- su və hava nəqliyyatı vasitələrinə görə: su və hava nəqliyyatı vasitəsinin mühərrikinin 1 kub santimetri üçün 0,02 manat; mühərriki olmayan su və hava nəqliyyatı vasitələri üçün - onların bazar qiymətinin 1 faizi.
Binalar üzrə əmlak vergisi müəyyən edilmiş qaydada binaların inventar dəyərinə əsasən hesablanılır.
Fiziki şəxslərin xüsusi mülkiyyətində olan binalarına görə əmlak vergisi onların yerləşdiyi ərazinin bələdiyyəsi tərəfindən hesablanır. Bir neçə sahibi olan bina üzrə əmlak vergisi həmin binanın hər sahibi üçün onun binanın dəyərindəki payına uyğun olaraq hesablanır.
Su və hava nəqliyyatı vasitələrinə görə vergi onların qeydiyyatını həyata keçirən təşkilatlar tərəfindən verilən məlumatlar əsasında hər il yanvarın 1-i vəziyyətinə hesablanılır. Belə qeydiyyatın olmadığı hallarda, həmin əmlakın sahibi mülkiyyətində olan su və hava nəqliyyatı vasitələri barədə lazımi məlumatları (buraxılış ili, alış qiyməti və texniki xarakteristikası) əks etdirən sənədləri hər il yanvar ayının 1-dək bələdiyyəyə təqdim edir. Bir neçə fiziki şəxsə məxsus olan su və hava nəqliyyatı vasitəsinə görə vergi həmin nəqliyyat vasitəsini öz adına qeydiyyatdan  keçirmiş şəxsdən tutulur.
Bələdiyyələr əmlak vergisinin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər. Cari il üçün verginin məbləği bərabər hissələrlə - həmin il avqustun 15-dəknoyabrın 15-dək ödənilir. Əmlak vergisi  əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi bu maddə ilə müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi  tərəfindən ödənilir.
Fiziki şəxslərdən əmlak vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir.

Vergi güzəştləri
     
Binaların icarəyə, kirayəyə verildiyi, habelə sahibkarlıq və ya kommersiya fəaliyyəti ilə məşğul olmaq üçün istifadə edildiyi hallar istisna olmaqla yuxarıda qeyd olunan, torpaq vergisindən güzəşt verilən fiziki şəxslərin, habelə pensiyaçıların və müddətli hərbi xidmət hərbi qulluqçularının və onların ailə üzvlərinin müddətli hərbi xidmət dövründə binalara görə ödəməli olduqları əmlak vergisininin məbləği 30 manat azaldılır.
Misgərlik, qalayçılıq, dulusçuluq və saxsı məmulatlarının, təsərrüfat müxəlləfatının, bağçılıq-bostançılıq alətlərinin, xalq musiqi alətlərinin, oyuncaqların, suvenirlərin, qamışdan və qarğıdan məişət əşyalarının düzəldilməsi, keramika  məmulatlarının bədii işlənməsi, bədii tikmə, ağac materiallarından məişət alətlərinin hazırlanması sahəsində hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin sənətkarlıq emalatxanalarının binaları və ya binaların bu  emalatxanalar yerləşən hissələri əmlak vergisinə cəlb edilmir. 

Mədən vergisi

Azərbaycan Respublikasının ərazisində faydalı qazıntıların çıxarılmasına görə ödənilən vergi mədən vergisi adlanır və yerin təkindən bu faydalı qazıntıları çıxaran fiziki şəxslər və müəssisələr mədən vergisinin ödəyiciləridir.
Aşağıdakı yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi bələdiyyə büdcəsinə ödənilir:
- kərpic-kirəmid gilləri
- tikinti qumları
- çınqıl xammalı.
Fiziki şəxslər və müəssisələr bu tikinti materiallarına görə mədən vergisini onların yerin təkindən çıxarılan hər 1 kub metri üçün 0,5 manat məbləğində ödəyirlər.
Mədən vergisi üzrə vergitutulan əməliyyatın aparıldığı vaxt faydalı qazıntıların çıxarıldığı vaxt sayılır.
Mədən vergisi üzrə hesabat dövrü təqvim ayı sayılır. Hesabat ayı üçün mədən vergisinin məbləği faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dək ödənilir.
Mədən vergisinin ödəyiciləri mədən vergisinin bəyannaməsini hər ay, hesabat ayından sonrakı ayın 20-dən gec olmayaraq bələdiyyələrə təqdim etməlidirlər.

Mənfəət vergisi

Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatların mənfəət vergisi bələdiyyə büdcəsinə ödənilir. Mənfəət vergisinin dərəcəsi 22 %-dir.

 

>> əvvələ <<