>> əvvələ <<
Vergi öhdəliklərinin yerinə yetirilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

Vergi öhdəliklərinin yerinə yetirilməsi və bəyannamələrin təqdim edilməsi müddətləri

Vergiləri (o cümlədən cari vergi ödəmələrini) ödəmək vəzifəsi vergi ödəyicisinin vergi öhdəliyi hesab  olunur. Vergi öhdəliklərinin yerinə yetirilməsi ödənilməli olan vergi məbləğinin müəyyən edilmiş müddətlərdə və qaydada  ödənilməsi deməkdir. Hər bir vergiyə dair ödənilmə müddətləri müəyyən edilir. Vergi ödəyicisinin hesablarında və ya kassasında vəsaitin, habelə onun əmlakının olub-olmamasından asılı  olmayaraq vergi öhdəliklərinin yerinə yetirilməsi məcburidir. Vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. Vergi öhdəliyinin yerinə yetirilməsi müddəti vergi ili ərzində 1 aydan 9 ayadək uzadıla bilər.
Vergi hesabatı vergi bəyannaməsindən ibarətdir. Vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını göstərilən müddətlərdə və yerdə vergi  orqanına verməlidirlər. Hesabatın verilmə müddəti başa çatanadək vergi ödəyicisi gəlir vergisinin və ya mənfəət vergisinin hesabatının verilməsi müddətinin uzadılması barədə müraciət edirsə və bu zaman ödənilməli olan verginin məbləğini tamamilə ödəyirsə, hesabatın  verilməsi müddəti üç ayadək uzadılmış hesab olunur. Müddətin uzadılması verginin ödənilməsi müddətini dəyişdirmir. Hesabat üzrə hesablanmış verginin məbləği ödənilmiş məbləğdən artıq olduqda, yaranan fərq, verginin ödənilməsinin son  müddəti günündən hesablanan faizlər nəzərə alınmaqla büdcəyə keçirilməlidir.
Vergilərin ödənilmə və ya bəyannamələrin təqdim edilmə müddətinin sonuncu günü qeyri iş gününə düşdüyü halda növbəti iş gününə keçirilir.

Gəlir və mənfəət vergisi üzrə: Gəlir və mənfəət vergisi üzrə hesabat dövrü təqvim ilidir. Hüquqi şəxslər və fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməlidirlər. Bələdiyyə mülkiyyətində olan müəssisə və təşkilatlar mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə) ödəyirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini öz seçiminə əsasən aşağıda göstərilən iki mümkün metoddan birinə uyğun müəyyənləşdirə bilər.
Birinci metod: Hər rüb üçün cari ödəmələrin məbləği əvvəlki vergi ilində hesablanmış verginin 1/4 hissəsi məbləğində müəyyən edilir.
İkinci metod: Cari rübdəki gəlirin məbləğini keçən ilin ümumi gəlirində (gəlirdən çıxılan məbləğlər nəzərə alınmadan) verginin xüsusi çəkisini göstərən əmsala vurmaqla müəyyən edilir.
Bu zaman vergi ödəyicisi il ərzində cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirməyin yuxarıdakı iki mümkün metodundan birini seçir və hər il aprel ayının 15-dən gec olmayaraq bu barədə vergi orqanına məlumat verir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün ikinci metodu seçdiyi halda, hər rüb başa çatdıqdan sonra 15 gün ərzində mənfəətdən və ya gəlirdən hesablanmış cari vergi məbləği barədə vergi orqanına arayış təqdim etməlidir, əks halda, vergi orqanı birinci metodu tətbiq edir.
Vergi ödəyicisi cari vergi ödəmələrinin məbləğini müəyyənləşdirmək üçün tətbiq etdiyi metod barədə məlumat vermədiyi halda vergi orqanı birinci metodu tətbiq edir və həmin metod vergi ilinin sonunadak dəyişdirilmir.     
Rezident müəssisələr, Azərbaycan Respublikasında daimi nümayəndəliyi olan, vergiyə cəlb olunan gəliri Azərbaycan mənbəyindən olan və bu gəlirindən ödəmə yerində vergi tutulmayan qeyri-rezidentlər, habelə ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir, o cümlədən royaltidən gəlir əldə edən Azərbaycan Respublikasının rezident fiziki şəxsləri hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına bəyannamə verirlər. Həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) fiziki şəxslər gəlir vergisini, hüquqi həxslər isə mənfəət vergisini dövlət büdcəsinə ödəyirlər.
Bələdiyyə mülkiyyətində olan müəssisələr mənfəət vergisini yerli büdcəyə (bələdiyyə büdcəsinə), digər müəssisələr isə dövlət büdcəsinə ödəyirlər.
Vergi ödəyicisi Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyətini dayandırdıqda, vergi ilinin əvvəlindən sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edən bəyannaməni növbəti ilin mart ayının 31-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına verməlidir.
Əlavə dəyər vergisi üzrə: ƏDV ödəyən vergi ödəyicisi ƏDV-nin bəyannaməsini hər hesabat ayı üçün, hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verməli və həmin müddətə də vergini dövlət büdcəsinə ödəməlidir.
Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən ƏDV bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
Aksiz vergisi üzrə: Aksizli mallar istehsal edildikdə hər hesabat ayı üçün vergi tutulan əməliyyatlar üzrə aksizlər hesabat dövründən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə ödənilməli və həmin müddətdə vergi orqanına bəyannamə verilməlidir.
Aksizli mallar idxal edildikdə, aksiz gömrük orqanları tərəfindən gömrük rüsumlarının tutulduğu qaydada tutulur.
Vergi ödəyicisi ləğv edildikdə (fəaliyyətinə xitam verildikdə) hesabat ayının əvvəlindən fəaliyyəti dayandırdığı günə qədər olan dövrü əhatə edən aksiz bəyannaməsi növbəti ayın 20-dən gec olmamaqla 30 gün müddətində vergi orqanına təqdim edilməlidir.
Əmlak vergisi üzrə: Əmlak vergisi üzrə hesabat dövrü təqvim ilidir. Əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisinin 20 faizi həcmində dövlət büdcəsinə vergi ödəyirlər. Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayınınn 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələrini həyata keçirirlər. Cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Əmlak vergisinin ödəyicisi olan müəssisələr əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq qeydiyyatda olduğu vergi orqanına verirlər.  Həmin vaxtadək illik əmlak vergisi üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) müəssisələr əmlak vergisini dövlət büdcəsinə ödəyirlər.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
Fiziki şəxslər tərəfindən cari il üçün illik əmlak vergisinin məbləğini bərabər hissələrlə - həmin il avqustun 15-dək və noyabrın 15-dək yerli (bələdiyyə) büdcəyə ödəyirlər. Əmlak vergisi əmlakın əvvəlki sahibi tərəfindən ödənilmədiyi hallarda, vergi müəyyən edilmiş ödəmə vaxtında həmin əmlakın sahibi  tərəfindən ödənilir. Bələdiyyələr verginin ödənilməsi barədə tədiyə bildirişini vergi ödəyicilərinə avqustun 1-dən gec olmayaraq verməlidirlər.
Torpaq vergisi üzrə: Torpaq vergisi üzrə hesabat dövrü təqvim ilidir. Müəssisələr torpaq sahəsinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən torpaq vergisini illik olaraq hesablayır və may ayının 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Cari il üçün illik torpaq vergisinin məbləğini bərabər hissələrlə - həmin il avqustun 15-dən və noyabrın 15-dən gec olmayaraq hüquqi şəxslər dövlət büdcəsinə, fiziki şəxslər isə yerli (bələdiyyə) büdcəyə ödəyirlər. Torpaq vergisi torpağın əvvəlki  sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir. Bələdiyyələr tərəfindən hər il iyulun 1-dək fiziki şəxslərə torpaq vergisi hesablanılır və tədiyə bildirişləri avqustun  1-dən gec olmayaraq onlara çatdırılır.
Yol vergisi üzrə: Xarici dövlətlərin avtonəqliyyat vasitələrindən yol vergisi həmin avtonəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə daxil olan zaman gömrük orqanları tərəfindən tutulur və bir bank günü ərzində dövlət büdcəsinə köçürülür.
Azərbaycan Respublikasının ərazisində təqvim ilinin sonu vəziyyətinə mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan hüquqi şəxslər yol vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart ayının 31-dən gec olmayaraq vergi orqanına təqdim edir və həmin müddətədək hesablanmış vergini dövlət büdcəsinə ödəyirlər.
Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində avtonəqliyyat vasitələri olan fiziki şəxslər yol vergisini avtomobillər texniki baxışdan keçən zaman dövlət büdcəsinə ödəyirlər. İllik yol vergisinin ödənildiyini təsdiq edən sənədlər təqdim edilmədikdə avtonəqliyyat vasitələrinin dövlət qeydiyyatını aparan orqan tərəfindən avtonəqliyyat vasitələrinin qeydiyyatı, yenidən qeydiyyatı və texniki baxışı keçirilmir.
Mədən vergisi üzrə: Mədən vergisinin ödəyiciləri hesabat ayı üçün faydalı qazıntıların çıxarıldığı aydan sonrakı ayın 20-dən gec olmayaraq vergini ödəyir və həmin müddətdə də bəyannamə verirlər. Yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisi yerli (bələdiyyə) büdcəyə ödənilir və bələdiyyələrə mədən vergisinin bəyannaməsi verilir. Yerli əhəmiyyətli tikinti materiallarına kərpic-kiramid gilləri, tikinti qumları, çınqıl xammalı aid edilir.
Sadələşdirilmiş vergi üzrə: Sadələşdirilmiş verginin ödəyicisi olan şəxslər hesabat rübündən sonrakı ayın 20-dən gec olmayaraq ödənməli olan verginin məbləği haqqında vergi orqanına bəyannamə verir və həmin müddət ərzində vergini dövlət büdcəsinə ödəyirlər.
Mənzil tikinti fəaliyyəti ilə məşğul olan şəxslər hər bir tikinti sahəsi üçün sadələşdirilmiş vergini tikintinin təməl işlərinin başlandığı rübdə hesablayır və hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq vergi orqanına bəyannamə verirlər.
Bu fəaliyyətlə məşğul olan vergi ödəyiciləri vergi ödəyicisi kimi uçota alındıqları yerdən asılı olmayaraq, mənzil tikintisi fəaliyyətinin faktiki həyata keçirildiyi (mənzil tikintisi meydançasının faktiki yerləşdiyi) ərazi (zona) üçün müəyyən edilmiş qaydaya uyğun hesablanmış sadələşdirilmiş vergini bərabər hissələrlə 12,5 faiz həcmində hər rübdən sonrakı ayın 20-dən gec olmayaraq öhdəlik tam yerinə yetirilənədək dövlət büdcəsinə ödəyirlər.
Sadələşdirilmiş verginin ödəyiciləri olan şəxslər uçotu «Kicik sahibkarlıq subyektlərinin təsərrüfat əməliyyatlarının Uçotu kitabı»na uyğun aparmaqla «1-KM nömrəli hesabatı» (işçilərinin sayı 2 nəfərdən artıq olmayan şəxslər tərəfindən «Uçot kitabı»nın yalnız «A.Gəlirlər» və «B.Xərclər» bölmələri doldurulur və 1-KM nömrəli hesabat forması tərtib edilmir), hesabat dövründən sonrakı mart ayının 15-dək Azərbaycan Respublikasının statistika və vergi orqanlarına təqdim edirlər.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən vergi ödəyiciləri başqa hallar nəzərdə tutulmamışdırsa, bu fəaliyyətə görə vergi orqanlarına bəyannamə vermirlər.
Avtomobil nəqliyyatı vasitələri ilə sərnişin və ya yük daşımalarını həyata keçirən şəxslər hər bir avtomobil nəqliyyatı vasitəsi üçün təqvim ayının sonunadək növbəti ay (aylar) üçün ciddi hesab blankı olan «Fərqlənmə nişanı» almalıdırlar. «Fərqlənmə nişanı» vergi ödəyicisinin Nəqliyyat Nazirilyinə  yazılı formada müraciətinə əsasən iki iş günündən gec olmayaraq verilir. «Fərqlənmə nişanı» almaq üçün müraciət edən vergi ödəyicisinin ərizəsinə həmin fəaliyyət üçün sadələşdirilmiş verginin ödənilməsini təsdiq edən bank ödəniş sənədi əlavə olunmalıdır. Bu fəaliyyətlə məşğul olan şəxslər tərəfindən hesablanmış vergi tam məbləğdə dövlət büdcəsinə ödədikdən sonra onlara "Fərqlənmə nişanı" verilir və ödənilmiş vergi onların həmin ayda fəaliyyət göstərib-göstərməməsindən asılı olmayaraq geri qaytarılmır və növbəti ayın vergiləri ilə əvəzləşdirilmir.
Avtonəqliyyat vasitəsinin sahibi və ya istifadəçisi dəyişdikdə həmin nəqliyyat vasitəsinə sonrakı aylar üçün əvvəlki sahib və ya istifadəçi tərəfindən qabaqcadan ödənilmiş vergilər nəzərə alınır və verginin ödənildiyini təsdiq edən "Fərqlənmə nişanı"nın yenidən rəsmiləşdirilməsi tələb olunmur.
Ödəmə mənbəyində tutulan vergilər üzrə: Ödəmə mənbəyində vergi tutan hüquqi şəxslər və fərdi sahibkarlar muzdla işləyən fiziki şəxslərə, habelə qeyri-dövlət pensiyaları və digər ödəmələri (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verərkən onlardan ödəmə mənbəyində vergini tutmağa borcludurlar.
Fiziki şəxslərin muzdlu işlə əlaqədar hesablanmış aylıq gəlirindən gəlir vergisi hesablanır və hesablanmış vergi növbəti ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Qeyri-dövlət pensiyaları və digər ödəmələr (rezident müəssisələrə və ya qeyri-rezidentin daimi nümayəndəliklərinə Azərbaycan Respublikaksında ödənilən icarə haqqı və royalti istisna olmaqla) verilərkən bu gəlirdən vergi tutulur və tutulmuş vergi gəlirin ödənildiyi rübdən sonrakı ayın 20-dən gec olmayaraq dövlət büdcəsinə köçürülür.
Ödəmə mənbəyində tutulan vergilər barədə bəyannamə rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq vergi orqanına verilir.
Dövlət rüsumu üzrə: Dövlər rüsumu üzrə hesabat dövrü rübdür. Notariat hərəkətlərinə görə dövlət rüsumu notarius tərəfindən qəbul edildilərək iki bank günü ərzində,  Azərbaycan Respublikasının xarici ölkələrdəki diplomatik nümayəndəliklərində aparılan konsul əməliyyatları üçün alınan dövlət rüsumu bir ay ərzində, digər dövlət rüsumları isə tutulduqdan sonra bir bank günü ərzində dövlət büdcəsinə köçürülür. Dövlət rüsumunu tutan şəxslər hesabat rübündən sonrakı ayın 20-dək dövlət rüsumunun tutulması barədə hesabatı vergi orqanına təqdim etməlidirlər.
Maliyyə sanksiyaları, inzibati cərimələr və faizlər:
Vergi hesabatını və vergi öhdəliyinin yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla)50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
«Fərqlənmə nişanı» olmadan avtomobil nəqliyyatı vasitəsi ilə sərnişin və ya yük daşımasına görə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu  faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.
Dövlət rüsumunu tutan səlahiyyətli vəzifəli şəxslər tərəfindən dövlət rüsumunun düzgün tutulmamasına və ya dövlət büdcəsinə vaxtında və tam ödənilməməsinə görə - 77 manatdan 99 manatadək məbləğində inzibati cərimə edilir.

 

>> əvvələ <<