>> əvvələ <<
VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTU

Hüquqi və fiziki şəxslərin fəaliyyətinə vergi nəzarətini həyata keçirmək məqsədilə onlar vergi orqanlarında vergi ödəyicisi kimi uçota alınırlar.   
Bu zaman hər bir vergi ödəyicisinə onu uçota alan vergi orqanının kodunu və vergi ödəyicisinin sıra nömrəsini özündə əks etdirən, bütün vergilər üzrə Azərbaycan Respublikasının ərazisində vahid olan və vergi ödəyicisi tərəfindən mühasibat, statistika, vergi və digər sənədlərdə hökmən göstərilməli olan vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN) verilir.
Vergi uçotuna hüquqi şəxslər olduqları (dövlət qeydiyyatı haqqında sənədlərdə qeyd olunmuş hüquqi ünvan), Azərbaycan mənbəyindən gəlir əldə edən və bu gəlirdən ödəmə yerində vergi ödəməyən qeyri-rezidentlər həmin gəlirin alındığı yer üzrə, rezident fiziki şəxslər isə yaşadıqları yer üzrə alınırlar.
Vergi ödəyicisinin uçotda olduğu vergi orqanının ərazisindən kənarda fəaliyyət göstərən təsərrüfat subyekti (obyekti) olarsa, ödəyici həm özünün olduğu yer üzrə, həm də təsərrüfat subyektinin (obyektinin) olduğu yer üzrə uçota alınır və bu barədə vergi ödəyicisinə müvafiq arayış verilir.
Sahibkarlıq fəaliyyətini həyata keçirən hüquqi şəxslərin sərbəst balansa, cari və ya başqa hesablara malik olan filialları, struktur bölmələri və ya digər ayrıca bölmələri, habelə qeyri-rezidentin Azərbaycan Respublikasının qanunvericiliyinə müvafiq olaraq yaradılmış filialları və daimi nümayəndəlikləri ayrıca uçota alınır və müvafiq olaraq onlara VÖEN verilir.
Azərbaycan Respublikasının büdcə və qeyri-kommersiya təşkilatları olduğu yerdən kənarda yerləşən və onların funksiyalarının həyata keçirilməsi məqsədilə yaradılan bölmələri ayrıca uçota alına və onlara VÖEN verilə bilər.

VERGİ UÇOTUNA ALINMAQ ÜZRƏ ÖHDƏLİYİN YARANMASI

Kommersiya hüquqi şəxslərinə, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarına qanunvericiliyə müvafiq qaydada dövlət qeydiyyatına alındığı zaman VÖEN verilir və həmin andan onlar vergi uçotuna alınmış hesab olunurlar. Bu zaman verilən dövlət qeydiyyatı haqqında şəhadətnamə vergi ödəyicisinin vergi uçotuna alınmasını təsdiq edən şəhadətnamə hesab edilir.
Vergi orqanlarında uçota alınmaq üçün qeyri-kommersiya hüquqi şəxsləri, habelə xarici qeyri-kommersiya hüquqi şəxslərinin nümayəndəlik və filialları tərəfindənonların olduğu, fiziki şəxslər tərəfindən isə yaşadığı yer üzrə vergi orqanına ərizə verilir.
Vergi orqanına ərizə qeyri-kommersiya hüquqi şəxsin dövlət qeydiyyatına alındığı gündən, Azərbaycan Respublikasında filial və nümayəndəlik vasitəsi ilə sahibkarlıq fəaliyyəti həyata keçirildikdə isə filialın və ya nümayəndəliyin yaradılmasından sonra 30 gün müddətində verilməlidir.
Ödəmə mənbəyində vergiyə cəlb olunması nəzərdə tutulmayan (tutulması mümkün olmayan) gəlirləri olan və ya royaltidən gəlirləri olan fiziki şəxslər, yaxud Azərbaycan Respublikasının hüdudlarından kənarda gəlir əldə edən rezident fiziki şəxslər ərizəni gəlir əldə etmək hüququ yarandığı gündən gec olmayaraq vergi orqanına verməlidirlər.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTA ALINMASI ÜÇÜN TƏLƏB OLUNAN SƏNƏDLƏR

Dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınmaq üçün hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri vergi orqanına Vergilər Nazirliyinin təsdiq etdiyi “Kommersiya hüquqi şəxsin dövlət qeydiyyatı haqqında ərizə”yə aşağıda qeyd olunan sənədləri əlavə etməklə müraciət etməlidilər:
Daxili investisiyalı kommersiya hüquqi şəxslər:
- hüquqi şəxs statusu almaq istəyən qurumun təsisçisi (təsisçiləri) və ya onun  (onların) səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş nizamnaməsi 2 nüsxədə;
- hüquqi şəxs statusu almaq istəyən qurumun yaradılması və nizamnaməsinin təsdiq edilməsi haqqında təsisçi (təsisçilər) tərəfindən imzalanmış qərar;
- təqdim edilən ərizənin təsisçilər barədə əlavəsi (hüquqi və fiziki şəxs olan təsisçilər barədə ayrı-ayrılıqda məlumat verir, zərurət yarandıqda fiziki şəxs olan təsisçilərin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər);
- ərizə vergi orqanına təqdim edilən tarixə cəmiyyətin müşahidə şurası seçildiyi halda təqdim olunan ərizənin müvafiq əlavəsində onun üzvləri barədə məlumatlar (zərurət yarandıqda müşahidə şurasının üzvlərinin səxsiyyət vəsiqəsinin surətlərinin ərizəyə əlavə edilməsi tələb oluna bilər);
- təsisçilər tərəfindən icraedici və sərəncamverici səlahiyyətlərə malik olan qanuni təmsilçinin və ya rəhbərin təyin edilməsi barədə qərarın surəti (zərurət yarandıqda qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər);
- hüquqi şəxs statusu almaq istəyən qurumun hüquqi ünvanını təsdiq edən sənəd;
- məhdud məsuliyyətli cəmiyyət və ya səhmdar cəmiyyəti, bank və ya sığorta təşkilatı yaradıldıqda nizamnamə kapitalının ödənilməsini təsdiq edən sənəd;
- hüquqi şəxs statusu almaq istəyən qurum xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə məlumat təqdim olunan ərizənin müvafiq əlavəsi;
- ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.
Banklar və sığorta şirkətləri, ali və orta təhsil müəssisələri yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyəti orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
- təsisçi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- təsisçi əcnəbi və ya vətəndaşlığı olmayan şəxs olduqda onun hər hansı bir ölkədə təsərrüfat fəaliyyəti ilə məşğul olmasını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənəd;
Xarici kommersiya hüquqi şəxslərin nümayəndəlik və ya filialları dövlət qeydiyyatına alınmaq üçün aşağıdakı sənədləri vergi orqanına təqdim etməlidilər:
- nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxs və ya onun səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmiş əsasnamə 2 nüsxədə;
- nümayəndəliyin və ya filialın yaradılması və onun rəhbərinin və ya qanuni təmsilçisinin təyin edilməsi barədə həmin nümayəndəliyi və ya filialı yaradan xarici hüquqi şəxsin qərarının əsli və ya notariat qaydada təsdiq edilmiş surəti (zərurət yarandıqda qanuni təmsilçinin və ya rəhbərin şəxsiyyət vəsiqəsinin surətinin ərizəyə əlavə edilməsi tələb oluna bilər);
- nümayəndəliyin və ya filialın təsisçisi xarici hüquqi şəxs olduqda, onun xarici ölkədə qeydiyyatını təsdiq edən qanunvericilikdə müəyyən edilmiş qaydada leqallaşdırılmış sənədlər - qeydiyyat şəhadətnaməsinin (reyestrdən çıxarışın) və nizamnaməsinin notariat qaydasında təsdiq olunmuş surəti;
- nümayəndəliyin və ya filialın hüquqi ünvanını təsdiq edən sənəd;
- nümayəndəlik və ya filial xüsusi vergi rejimi ilə fəaliyyət göstərəcəyi halda, bu barədə məlumat göstərəcəyi təqdim olunan ərizənin müvafiq əlavəsi;
- ərizə təsisçinin (təsisçilərin) müvafiq qaydada vəkil etdiyi şəxs tərəfindən imzalandıqda vəkalətnamə ərizə ilə birlikdə təqdim olunur.
Xarici bankların və sığorta şirkətlərinin, xarici ali və orta təhsil müəssisələrinin nümayəndəlikləri və ya filialları yaradıldıqda həmçinin müvafiq fəaliyyətin keçirilməsi üçün aidiyyatı orqanın ilkin razılığı barədə sənəd tələb olunur.
Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin dövlət qeydiyyatı Ədliyyə Nazirliyində həyata keçirildiyindən sonra həmin şəxslər vergi orqanına ərizə ilə müraciət etdikdə aşağıdakı sənədləri təqdim edirlər:
- dövlət qeydiyyatına alınma haqqında şəhadətnamənin və nizamnamənin (və ya əsasnamənin) surəti;
- rəhbərin təyin olunmasını təsdiq edən sənədlərin surəti;
- hüquqi şəxsin ünvanını təsdiq edən sənədlərin surəti;
- rəhbərin şəxsiyyətini təsdiq edən sənədin surəti;
- hüquqi şəxsin olduğu yer (ünvanı) haqqında məlumat.

Vergi ödəyiciləri olan qeyri-kommersiya hüquqi şəxslər onların yuxarı təşkilatlarına VÖEN verildikdən sonra uçota alınırlar.

Fiziki şəxslər (fərdi sahibkar) vergi orqanında  uçota alınmaq üçün aşağıdakı sənədləri təqdim edirlər:
- ərizə;
- şəxsiyyəti təsdiq edən sənədin surəti;
- yaşadıgı yer haqqında məlumat.
Qeyri-kommersiya hüquqi şəxslərin, xarici qeyri-kommersiya hüquqi şəxslərin filial və nümayəndəliklərinin və fiziki şəxslərin vergi orqanında vergi uçotuna alınması 2 gün, kommersiya hüquqi şəxslərin, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filiallarının vergi orqanında dövlət qeydiyyatına və müvafiq olaraq vergi uçotuna alınması isə 3 gün müddətində həyata keçirilir.
Vergi ödəyicisinə onun vergi uçotuna alınmasını təsdiq edən sənəd kimi şəhadətnamə verilir və bu sənəd həmin şəxsin ödəyici olduğu dövr ərzində ödəyicidə saxlanılır. Yalnız şəhadətnamə itrildikdə və ya yarasız halda düşdükdə, ödəyici vergi orqanına müraciət edərək üzərində müvafiq qeyd aparılan yeni nüsxə ala bilər.  

Vergi ödəyicisinin olduğu yer və ya yaşadığı yer dəyişdikdə, vergi orqanına bu cür dəyişiklik baş verdiyi gündən 40 gün müddətində ərizə verməlidir. Vergi ödəyicisinin olduğu və ya yaşadığı yeri dəyişməsi barədə ərizə ilə vergi orqanına müraciət etdiyi gündən sonrakı 15 gün müddətində həmin şəxs yenidən uçota alınmalıdır.

Vergi orqanına uçota alınmaq üçün təqdim etdiyi ərizədəki məlumatlarda hər hansı dəyişiklik baş verdikdə, dəyişiklik baş verən gündən 40 gün müddətində vergi ödəyicisi vergi orqanına məlumat verməlidir.
Ərizədə göstərilənlərin düzgünlüyünə vergi ödəyicisi (onun rəhbəri) cavabdehdir.

Xatırladaq ki, uçota alınma, yenidən uçota alınma və uçotdan çıxarılma ödənişsiz həyata keçirilir.

VERGİ ÖDƏYİCİSİNİN BANK HESABLARININ AÇMASI

Dövlət qeydiyyatı vergi orqanları tərəfindən aparılan hüquqi şəxslər, habelə xarici kommersiya hüquqi şəxsinin nümayəndəlik və filialları dövlət qeydiyyatına alınması haqqında ərizə ilə birlikdə və ya qeydiyyata alındıqdan sonra istənilən vaxt, digər vergi ödəyiciləri isə uçota alınması haqqında şəhadətnaməni aldıqdan sonra bank idarəsində hesab açmaq üçün vergi orqanına ərizə verir. Vergi orqanı bu ərizə əsasında vergi ödəyicisinə 2 gündən gec olmayaraq şəhadətnamə-dublikat verir.
Vergi ödəyicisinə verilən şəhadətnamə-dublikatların sayı məhdudlaşdırılmır və onların hər biri nömrələnir. Bank hesabının açlıması məqsədi ilə şəhadətnamə-dublikat vergi ödəyicisinin büdcəyə vergilər, faizlər, maliyyə sanksiyaları üzrə borcu olmadıqda verilir.
Banklar hüquqi şəxslərə, onların filial və nümayəndəliklərinə, fərdi sahibkarlara yalnız onlar vergi orqanlarında uçota alınması haqqında şəhadətnamə-dublikatını təqdim etdikdən sonra bank hesabları açırlar.
Bank hesabları yalnız şəhadətnamə-dublikatda göstərilən banklarda (bankın filialında) açılır.

VERGİ ÖDƏYİCİLƏRİNİN UÇOTDAN ÇIXARILMASI

Hüquqi şəxsin ləğvi və ya yenidən təşkil edilməsi, hüquqi şəxs tərəfindən öz filialının və ya nümayəndəliyinin ləğv edilməsi, nümayəndəlik vasitəsi ilə fəaliyyətinin ləğvi, fərdi sahibkarın fəaliyyətinin ləğvi hallarında uçotdan çıxarılma vergi ödəyicisinin müraciətinə əsasən həyata keçirilir.
Hüquqi şəxsin VÖEN-nin tamamilə ləğv olunması aşağıdakı hallarda həyata keçirilir:
a) qanunvericiliklə müəyyən edilmiş qaydada hüquqi şəxsin ləğv edilməsi barədə qərar qəbul olunduqda;
b) hüquqi şəxsin təşkilati–hüquqi forması dəyişdikdə;
c) hüquqi şəxsin mülkiyyət mənsubiyyəti dəyişdikdə. 
Hüquqi şəxsin ləğv olunması haqqında qərar qəbul edildikdə ləğvetmə komissiyası yaradılmalı və həmin komissiya 10 gün müddətində hüquqi şəxsin uçota alındığı ərazi vergi orqanına aşağıdakı sənədlər əlavə olunmaqla müvafiq məktubla müraciət etməlidir:
- ləğvetmə barədə sərəncamın surəti;
- vergi ödəyicisi olan hüquqi şəxsin ləğv balansı.
Ləğvetmə proseduru vergi ödəyicisi tərəfindən büdcəyə və büdcədənkənar fondlara olan borclar tam ödənildikdən sonra başa çatmış hesab olunur və o, uçotdan çıxarılır.
Fiziki şəxsin VÖEN-nin ləğvi onun vəfatı zamanı, fəaliyyətinə xitam verildikdə, məhkəmə tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada itkin düşmüş və ya fəaliyyət qabiliyyətini itirmiş sayıldıqda mümkündür. Fəaliyyətinin dayandırılması onların uçotdan çıxarılmasına əsas vermir.
Vergi ödəyicisinin VÖEN-i ləğv edilərkən onun uçota alınmasını təsdiq edən şəhadətnamə vergi orqanına təhvil verilməli, vergi orqanı isə şəhadətnamə – dublikatın etibarsız hesab olunması barədə bank idarələrinə məlumat verməlidir.    

CƏRİMƏLƏR

Vergi uçotu ilə bağlı aşağıdakı qanunpozuntularına görə vergi ödəyicisinə 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir:
- qanunla müəyyən edilmiş müddətdə vergi orqanlarında uçota alınmaq üçün ərizə verilmədikdə;
- qanunla müəyyən edilmiş müddətdə olduğu yer, yaxud yaşadığı yerin dəyişməsi barədə ərizə verilmədikdə;
- uçot məlumatlarında (vergi ödəyicisinin vergi uçotuna alınma haqqında ərizədə qeyd olunan rekvizitlər) dəyişiklik haqqında məlumat təqdim edilmədikdə.

Vergi qanunvericiliyinə dair Sizə tələb olunan əlavə məlumatları Vergi ödəyicilərinə xidmət şöbəsindən, Vergilər Nazirliyinin 195 nömrəli Telefon Məlumat Xidmətindən və ya Vergilər Nazirliyinin rəsmi internet səhifəsindən (www.taxes.gov.az) əldə edə bilərsiniz.

>> əvvələ <<