>> əvvələ <<
Torpaq vergisi

Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində torpaq sahələri olan fiziki şəxslər və müəssisələr torpaq vergisinin ödəyiciləridir. Torpaq mülkiyyətçiləri və ya istifadəçiləri təsərrüfat fəaliyyətinin nəticələrindən asılı olmayaraq torpaq vergisinə cəlb olunurlar.

  • Vergitutma obyekti

                
Fiziki şəxslərin və müəssisələrin Azərbaycan Respublikasının ərazisində mülkiyyətində və ya istifadəsində olan torpaq sahələri vergitutma obyekti sayılır.
Torpaq vergisi torpaq sahələri barədə özlərin mülkiyyət və ya istifadə hüququnu təsdiq edən sənədlər əsasında müəyyənləşdirilir. Tikililərin və qurğuların altında olan torpaqlara, həmçinin obyektlərin sanitariya mühafizəsi üçün zəruri olan torpaq sahələrinə görə torpaq  vergisi tutulur.

  • Verginin dərəcəsi

 
Kənd təsərrüfatı torpaqlarının vergi dərəcələri torpaqların təyinatı, coğrafi yerləşməsi, keyfiyyəti nəzərə alınmaqla, şərti ballar əsasında torpaq sahəsinin hər bir hektarına görə hesablanır. Bir şərti balın qiyməti  6 qəpikdır.
Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar, yaşayış fondlarının, həyətyanı sahələrin torpaqları və vətəndaşların bağ sahələrinin tutduğu torpaqlar üzrə vergi torpaq sahəsinin hər 100kvadrat metrinə görə hesablanır və aşağıdakı cədvəldə göstərilən dərəcələr tətbiq olunur:    

 

Yaşayış məntəqələri

Sənaye, tikinti, nəqliyyat, rabitə, ticarət-məişət xidməti və digər xüsusi təyinatlı torpaqlar
( manatla)

Yaşayış fondlarının,  həyətyanı və  bağ sahələrinin tutduğu torpaqlar
( manatla)

Bakı

10

0,6

Gəncə, Sumqayıt şəhərləri və Abşeron rayonu

8

0,5

Digər şəhərlər (rayon tabeliyində olan şəhərlər istisna olmaqla), rayon mərkəzləri

 

4

 

0,3

Rayon tabeçiliyində olan şəhərlərdə, qəsəbələrdə və kəndlərdə (Bakı və Sumqayıt şəhərlərinin, habelə Abşeron rayonunun qəsəbə və kəndləri  istmsna olmaqla)

 

2

 

0,1

  • Torpaq vergisinin hesablanması və ödənilməsi qaydaları

Torpaq vergisinin ödəyiciləri torpaq sahələri barədə mülkiyyət və istifadə hüquqlarını təsdiq edən sənədləri aldıqdan sonra fiziki şəxslər və bələdiyyə müəsisələri bələdiyyələrdə, digər müəssisələr isə vergi orqanında 1 ay müddətində uçota durmalıdırlar.
Torpaq vergisini müəssisələr torpaq sahələrinin ölçüsünə və torpaq vergisinin dərəcələrinə əsasən illik olaraq hesablayır və mayın 15-dən gec olmayaraq hesablamaları vergi orqanına verirlər.
Bələdiyyələr tərəfindən fiziki şəxslərə torpaq vergisi hər il iyulun 1-dək hesablanır və tədiyə bildirişləri avqustun 1-dən gec olmayaraq onlara çatdırılır.
Ayrılıqda bir neçə hüquqi və ya fiziki şəxsin mülkiyyətində və ya istifadəsində olan tikililərin altında qalan və ya onlara xidmət üçün ayrılmış torpaq sahələrinə görə vergi onlara məxsus tikili sahələrinə mütənasib surətdə hesablanır.
Torpaq vergisi bərabər məbləğlərdə 15 avqust və 15 noyabr tarixlərindən gec olmayaraq ödənilir. Torpaq vergisi torpağın əvvəlki  sahibi tərəfindən ödənilmədiyi halda, vergi müəyyən edilmiş ödəmə vaxtına həmin torpağın sahibi tərəfindən ödənilir.
Müəssələrin torpaq vergisi dövlət büdcəsinə, fiziki şəxslərin torpaq vergisi isə yerli (bələdiyyə) büdcəyə ödənilir.
Fiziki şəxslərin sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə etdikləri torpaqlara, habelə hüquqi şəxslərə məxsus olan torpaqlara görə hesablanmış torpaq vergisinin məbləği məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Torpağın icarə haqqı torpaqdan müddətli istifadəyə görə icarəçinin icarəyə verənə ödədiyi vəsaitdir.
İcarəyəverən torpaq vergisi tədiyəçisi olduqda, torpaq vergisi icarə haqqının tərkibinə daxil edilir. İcarəyəverən torpaq vergisi tədiyəçisi olmadıqda, icarə haqqının tərkibində torpaq vergisi nəzərə alınmır.

  • Vergi güzəştləri

Aşağıdakı torpaqlar vergiyə cəlb edilmir:
- yaşayış məntəqələrinin ümumi istifadədə olan torpaqları;
- dövlət hakimiyyəti orqanlarının, büdcə təşkilatlarının və yerli özünüidarəetmə orqanlarının, Azərbaycan Respublikası Milli Bankının və onun qurumlarının, habelə Azərbaycan Respublikası Dövlət Neft Fondunun mülkiyyətində və ya istifadəsində olan torpaqlar;
- istehsal fəaliyyətinə cəlb edilməmiş dövlət, meşə, və su fondu torpaqları, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına məxsus olan sektorunun altında yerləşən torpaqlar;  
- dövlət sərhəd zolaqları və müdafiə təyinatlı torpaqlar. 

Aşağıdakı fiziki şəxslərin mülkiyyətində olan torpaqlara görə torpaq vergisinin məbləği 10 manat azaldılır:

- Azərbaycan Respublikasının Milli Qəhrəmanları;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanları;
- Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslər;
-  I və II qrup müharibə əlilləri;
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadları (ərləri);
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla  təltif edilmiş şəxslər;
- müharibə veteranı adı almış şəxslər;
- Çernobıl AES-də mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində xəstəliyə tutulmuş və bu xəstəliyi keçirmiş şəxslər.

  • Maliyyə sanksiyaları və faizlər

Torpaq sahəsinin mülkiyyətçiləri torpaq vergisinin düzgün hesablanması və vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.      
Torpaq vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına  əsasən 40 manat  məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Aktivləri barədə  məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği hesabatda göstərilməli olan məbləğə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla)50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Torpaq vergisi üzrə vergi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.

>> əvvələ <<