>> əvvələ <<
Әmlak vergisi

Müəssisənin əmlak vergisi dedikdə müəssisənin  balansında olan əsas vəsaitlərə görə hesablanıb ödənilən vergi başa düşülür.
Vergitutma obyekti olan rezident müəssisələr və Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsi ilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr əmlak vergisinin ödəyiciləridirlər.

Vergitutma obyektləri

Əmlak vergisi üzrə aşağıdakılar vergitutma obyekti sayılır:
- müəssisələrin balansında olan əsas vəsaitlərin orta illik dəyəri;
- Azərbaycan Respublikasında özünün daimi nümayəndəliyi vasitəsilə sahibkarlıq fəaliyyətini həyata keçirən qeyri-rezident müəssisələr üçün - yalnız daimi nümayəndəliklə bağlı olan əsas vəsaitlərin orta illik dəyəri.

Vergi dərəcəsi

Müəssisələr əsas vəsaitlərin orta illik qalıq dəyərindən 1% dərəcəsi ilə əmlak vergisi ödəyirlər.

Vergi güzəştləri və azadolmalar

Dövlət hakimiyyəti orqanları, büdcə təşkilatları və yerli özünü idarəetmə orqanları, Milli Bank və onun qurumları, dövlət fondları və əlillərin ictimai təşkilatları əmlak vergisini ödəməkdən azaddır.
Vergitutma məqsədləri üçün müəssisənin əmlakının dəyəri aşağıdakı əmlakların dəyərində azaldılır:
- ekologiya, yanğından mühafizə və ya mülki-müdafiə üçün istifadə edilən obyektlərin;
- məhsul ötürücü kəmərlərin, dəmir və avtomobil yollarının, rabitə və enerji ötürücü xətlərinin, meliorasiya və suvarma sistemi obyektlərinin;
- yol  vergisinə cəlb edilən avtonəqliyyat vasitələrinin;
- təhsil, səhiyyə, mədəniyyət və idman müəssisələrinin yalnız bu sahələrin təyinatı üzrə istifadə etdiyi obyektlərinin;
Şəhərlərdə sərnişin daşımaları üçün istifadə olunan trolleybuslar və tramvaylar əmlak vergisindən azaddır.

Verginin hesablanması və ödənilməsi qaydası

Əmlak vergisi müəssisənin əmlakının orta illik qalıq dəyərinə əsasən hesablanır.
Müəssisənin əmlak vergisi üçün vergi dövrü təqvim ili sayılır.
Əmlak vergisinin ödəyiciləri cari vergi ödəmələri kimi hər rübün ikinci ayının 15-dən gec olmayaraq əvvəlki ildəki əmlak vergisi məbləğinin 20 faizi həcmində vergi ödəyir.      
Əvvəlki hesabat ilində əmlak vergisi ödəyicisi olmayan və növbəti ildə bu verginin ödəyicisi olan, habelə yeni yaradılmış və əmlak vergisi ödəyicisi olan hüquqi şəxslər əmlakın əldə edildiyi rübdən sonra hər rübün ikinci ayının 15-dən gec olmayaraq həmin əmlaka görə hesablanmalı olan illik əmlak vergisi məbləğinin 20 faizi miqdarında cari vergi ödəmələri həyata keçirirlər. Əmlak vergisi üzrə cari vergi ödəmələri vergi ili üçün vergi ödəyicisindən tutulan verginin məbləğinə aid edilir.
Dövlət büdcəsinə hesabat dövrü üçün ödənilməli olan verginin məbləği hesabat dövrü ərzində əvvəllər hesablanmış ödəmələr nəzərə alınmaqla müəyyən edilir.
Cari vergi ödəmələri müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicisindən ödənilməmiş cari vergi ödəmələrinə görə faiz tutulur.
Əmlak vergisi üzrə cari vergi ödəmələri hesabat ili başa çatdıqdan sonra yenidən haqq-hesab edilir və bu zaman hesablanmış cari vergi məbləği hesabat üzrə vergi məbləğindən çox olduğu halda artıq hesablanmış cari vergi və ona uyğun faiz məbləğləri azaldılır.
Müəssisə əmlak vergisinin illik bəyannaməsini hesabat ilindən sonrakı ilin mart  ayının 31-dən gec olmayaraq vergi orqanına verir.
Vergi ödəyicisi olan hüquqi şəxs onun ləğv edilməsi haqqında qərarının qəbul edilməsi tarixindən, qeyri-rezidentin daimi nümayəndəliyi üçün bu tarix göstərilmədikdə isə qərarın Azərbaycan Respublikasının xarici dövlətlərdəki nümayəndəlikləri (Azərbaycan Respublikasının mənafeyini təmsil edən digər ölkənin konsulluq idarələrində) leqallaşdırıldığı tarixindən sonra 30 gün müddətində vergi orqanına əmlak vergisinin bəyannaməsini verməlidir və bu halda hesabat dövrü vergi ilinin əvvəlindən vergi ödəyicisinin sahibkarlıq fəaliyyətini dayandırdığı günə qədər olan dövrü əhatə edir.
Əmlak vergisinin bəyannaməsi üzrə vergilər bu bəyannamənin verilməsi üçün müəyyən edilmiş müddətlərədək ödənilir. Hesablanmış verginin məbləği mənfəət vergisinin məqsədləri üçün məhdudlaşdırılmayan gəlirdən çıxılmalara aid edilir.
Müəssisələrin əmlak vergisi dövlət büdcəsinə ödənilir.

Vergi tutulan dəyərin müəyyən edilməsi qaydası

Vergitutma məqsədləri üçün müəssisənin əmlakının orta illik qalıq dəyəri götürülür. Müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) orta illik qalıq dəyəri aşağıdakı qaydada hesablanır:
- müəssisənin əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) hesabat ilinin əvvəlinə (əvvəlki vergi ilinin sonuna müəyyən edilən qalıq dəyərindən həmin il üçün hesablanmış amortizasiya məbləği çıxıldıqdan sonra qalan dəyər) və sonuna qalıq dəyəri toplanıb ikiyə bölünür.
- müəssisə hesabat ili ərzində yaradıldıqda və ya əmlak vergisi ödəyicisi olduqda, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu tarixə və ilin sonuna qalıq dəyəri toplanaraq 24-ə bölünür və müəssisənin yaradıldığı və ya əmlak vergisi ödəyicisi olduğu aydan sonra, ilin sonuna qədər olan ayların sayına vurulur.
- müəssisə hesabat ili ərzində ləğv edildikdə, onun əmlakının (avtonəqliyyat vasitələri istisna olmaqla) ilin əvvəlinə və ləğv edildiyi tarixə qalıq dəyəri toplanaraq 24-ə bölünür və ilin əvvəlindən müəssisənin ləğv edildiyi aya qədər olan ayların sayına vurulur.

Maliyyə sanksiyaları və faizlər

Müəssisə rəhbərləri müəssisənin balansında olan əsas vəsaitlər üçün əmlak vergisinin düzgün hesablanması və hesablanmış əmlak vergisini vaxtında büdcəyə ödənilməsinə görə məsuliyyət daşıyırlar.      
Əmlak vergisinin hesabatını əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavininin) qərarına əsasən 40 manat miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını 5 gün müddətində ödəmədikdə vergi orqanı müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının rəhbərinin (onun müavinin) qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa, vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla) 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Əmlak vergisi üzrə vergi və cari vergi ödənişi müəyyən edilmiş müddətdə ödənilmədikdə vergi ödəyicilərindən və ya vergi agentindən hər bir ötmüş gün üçün ödənilməmiş vergi və ya cari vergi ödənişi məbləğinin 0,1 faizi miqdarında faiz tutulur.
Bu faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

>> əvvələ <<