>> əvvələ <<
Fiziki şəxslərin gəlir vergisi
  • Gəlir

  Rezident və qeyri-rezident fiziki şəxslər gəlir vergisinin ödəyiciləridirlər.
Rezident fiziki şəxslərin gəliri onun Azərbaycan Respublikasında və onun hüdudlarından kənarda əldə etdiyi gəlirdən ibarətdir.
Qeyri-rezident fiziki şəxsin gəliri onun Azərbaycan Respublikası mənbələrindən əldə etdiyi gəlirlərdən ibarətdir.
Gəlirlərə aşağıdakılar aiddir:
-  muzdlu işlə əlaqədar əldə edilən gəlir;
- muzdlu işə aid olmayan fəaliyyətdən əldə edilən gəlir;
- vergidən azad edilən gəlirlərdən başqa bütün digər gəlirlər.

  • Muzdlu işlə əlaqədar əldə edilən gəlir

  Fiziki şəxs tərəfindən muzdlu işlə əlaqədar alınan gəlir - əmək haqqı, bu işdən alınan hər hansı ödəmə və ya faydadır.
Faktiki ezamiyyə xərclərinin, habelə dəniz nəqliyyatında ezamiyyə xərcləri əvəzinə üzücü heyyətin üzvlərinə sutkalıq ödənişlərin və ya digər işgüzar xərclərin əvəzinin ödənilməsi gəlirə daxil deyildir.

  • Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir

  Muzdlu işə aid olmayan fəaliyyətdən gəlir aşağıdakılardan ibarətdir:
  Sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunan aktivlərin təqdim edilməsindən gəlir;
- sahibkarlıq fəaliyyətinin məhdudlaşdırılmasına və ya müəssisənin bağlanılmasına razılıq verilməsinə görə alınan gəlir;
- əsas vəsaitlərin təqdim edilməsindən alınan məbləğlər;
- gəlirdən çıxılan, kompensasiya edilən məbləğlərdən və ya ehtiyatların azalmasından gəlir.
  Qeyri-sahibkarlıq fəaliyyətindən gəlir, o cümlədən:
- faiz gəliri;
- dividend;
- əmlakın icarəyə verilməsindən gəlir;
-  royalti;
- sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir;
- vergi ödəyicisinə bağışlanmış borc məbləği (işçinin işə götürənə olan borcunun və ya öhdəliyinin bağışlandığı halda – həmin borcun və ya öhdəliyin məbləği istisna olmaqla);
- təqvim ili ərzində alınan hədiyyə və mirasların məbləği (işəgötürənin öz işçisinə malı, işi və ya xidməti təqdim etdiyi, yaxud hədiyyə verdiyi halda-bu cür malların, işlərin və xidmətlərin bazar qiyməti ilə dəyəri istisna olmaqla);
- vergi ödəyicisinin aktivlərinin ilkin qiymətinin artdığını göstərən hər hansı digər gəlir (təqdim olunduğu və ya vergitutma məqsədləri üçün amortizasiya hesablandığı təqdirdə) - əmək haqqından başqa;
-  həyatın yığım sığortası üzrə sığorta olunanın ödədiyi və ya onun xeyrinə ödənilən sığorta haqları ilə sığorta ödənişləri arasındakı fərq.

  • Vergitutma obyekti

  Rezidentlərin gəlirləri üzrə vergitutma obyekti vergi ili üçün bütün gəlirlərlə həmin dövr üçün müəyyənləşdirilən gəlirdən çıxılan məbləğ arasındakı fərqdən, yəni vergiyə cəlb edilən gəlirdən ibarətdir.
Ödəmə mənbəyində vergi tutulduğu halda, vergitutma obyekti vergiyə cəlb olunan gəlirdir.
Azərbaycan Respublikasında daimi nümayəndəlik vasitəsilə fəaliyyət göstərən qeyri-rezidentin vergiyə cəlb olunan gəliri Azərbaycan mənbələrindən daimi nümayəndəliklə bağlı əldə etdiyi ümumi gəlirlə həmin dövrdə bu gəlirlərin əldə edilməsi ilə əlaqədar çəkdiyi və gəlirdən çıxılan məbləğ arasındakı fərqə bərabərdir.
Qeyri-rezidentin ödəmə mənbəyində vergi tutulan ümumi gəliri, gəlirdən çıxılan məbləğ nəzərə alınmadan, ödəniş yerində vergitutma obyektidir.

  • Gəlirin dəqiqləşdirilməsi

          
Fiziki şəxslərə ödənilən dividenddən, faizlərdən, icarə haqlarından və royaltidən ödəniş mənbəyində vergi tutulmuşdursa, bu dividend, faizlər, icarə haqları və royalti gəlirdən çıxılır və bir daha vergiyə cəlb edilmir.
Fiziki şəxslərin ümumi gəlirlərindən gəlirdən çıxılmayan xərclərdən başqa, gəlirlərin əldə edilməsi ilə əlaqədar bütün xərclər çıxılır.           
Ezamiyyə xərclərinin normadan artıq olan hissəsi sahibkarlıq fəaliyyətindən əldə edilən gəlirdən çıxılmır.

  • Gəlir vergisindən azadolmalar

  Fiziki şəxslərin aşağıdakı gəlirləri gəlir vergisindən azaddır:
  - Rotasiya qaydasında xaricə ezamiyyətə göndərilən diplomatik xidmət əməkdaşlarının və diplomatik xidmət orqanlarının inzibati-texniki xidmətini həyata keçirən şəxslərin xarici ölkədə aldığı əmək haqqı, Azərbaycan vətəndaşı olmayan diplomatik və ya konsulluq əməkdaşlarının rəsmi məşğulluğundan gəlir;
- Azərbaycan Respublikasının rezidenti olmayan şəxsin iş yerindən gəlir – əgər bu gəlir Azərbaycan Respublikasının rezidenti olmayan işə götürən tərəfindən, yaxud onun adından ödənilirsə və qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən və ya onun adından, yaxud daimi nümayəndəlikdə fəaliyyəti ilə əlaqədar ödənilmirsə;
- təqvim ili ərzində alınan hədiyyələrin, təhsil və ya müalicə haqlarını ödəmək üçün maddi yardımın, birdəfəlik müavinətin dəyərinin 1000 manatadək olan hissəsi, xaricdə müalicə haqlarını ödəmək üçün maddi yardımın dəyərinin 2000 manatadək  olan hissəsi, mirasların dəyərinin 20000 manatadək olan hissəsi;
Təhsil və ya müalicə haqları almış şəxslərə bu güzəşt o halda verilir ki, həmin məbləğlərin təyinatı üzrə ödənildiyini təsdiq edən müvafiq sənədlər təqdim edilmiş olsun.
- hədiyyə, maddi yardım və miras vergi ödəyicisinin ailə üzvlərindən alındığı halda, onun tam dəyəri;
- əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənilən müavinətlər istisna olmaqla, dövlət müavinətlərı, əvəzsiz dövlət köçürmələri, dövlət pensiyaları, dövlət təqaüdləri, işçilərin sayının və ştatların ixtisar edilməsi ilə əlaqədar olaraq əmək müqaviləsinə xitam verildikdə işçilərə Azərbayjan Respublikasının Əmək Məcəlləsinə müvafiq ödənilən təminatlar, habelə Azərbaycan Respublikası qanunları və Azərbaycan Respublikasının Prezidentinın qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına fərdi birdəfəlik ödəmələr və ya maddi yardımlar;
- alimentlər;
- qiymətli daşlardan və metallardan, qiymətli daşlar və metalların məmulatlarından, incəsənət əsərlərindən, əntiq əşyalardan və vergi ödəyicisinin sahibkarlıq fəaliyyətində istifadə edilən və ya istifadə edilmiş əmlakdan başqa, daşınan maddi əmlakın  təqdim edilməsindən gəlir;
- sığorta hadisəsi baş verdikdə sığortalının həyatına, habelə onun əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin əvəzini ödəmək üçün pul və ya natura şəklində ödənilmiş vəsait, həmçinin işəgötürən tərəfindən ödənilən bütün növ icbari və könüllü tibbi sığorta haqları, 5 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə işəgötürənin Azərbaycan Respublikasının sığortaçılarına ödədikləri sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 5 illik müddət keçdikdən sonra sığortalıya ödənilən hər hansı məbləğlər;
- vergi ödəyicisinin azı 3 il ərzində əsas yaşayış yeri olduğu daşınmaz əmlakının təqdim edilməsindən gəlir;
- dəymiş zərərlərin ödənilməsi ilə bağlı alınan kompensasiya ödənişləri;
  -  bilavasitə kənd təsərrüfatı məhsullarının istehsalından alınan gəlirlər;
- sənətkarlıq sahəsində fəaliyyət göstərən fiziki şəxslərin gəliri;
- müvafiq qaydada dövlət qeydiyyatından keçmiş lotereyalardan, habelə dövlət daxili uduşlu istiqrazlardan əldə olunan uduşların dəyəri;
- kompensasiya xarakterli müxtəlif ödənişlər,
- hərbi qulluqçulara, prokurorluq orqanlarının prokurorluq işçilərinə və prokurorluq işçiləri olmayan hərbiqulluqçularına, hüquq-mühafizə və feldyeger rabitəsi orqanlarının xüsusi rütbəsi olan əməkdaşlarına ödənilən bütün növ ödənişlər (vəzifə və hərbi (xüsusi) rütbəyə görə maaşlar istisna olmaqla), habelə, əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əmək haqqı, mükafat və digər maddi təminatlar;
- işəgötürən tərəfindən işçinin hərbi və alternativ xidmətə çağrılması ilə əlaqədar ödənilən müavinətlərin qanunvericilikdə nəzərədə tutulan məbləği;
- yarışlarda və müsabiqələrdə əşya şəklində alınan mükafatların tam dəyəri;
- beynəlxalq yarışlarda və müsabiqələrdə pul şəklində alınan mükafatların 4000 manatadək olan dəyəri;
- respublika, şəhər və rayon yarışlarında və müsabiqələrində 200 manatadək olan dəyəri;
- dövlət qulluqçusu pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;
- Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına deputatlıq səlahiyyətlərinin yerinə yetirilməsi ilə əlaqədar xərclərin ödənilməsi üçün vəzifə maaşlarına aylıq pul təminatı və Azərbaycan Respublikası Prezidentinin qərarı ilə vəzifəyə təyin olunan Azəybaycan Respublikasının icra hakimiyyəti və digər dövlət orqanlarının (təsisatlarının) rəhbər işçilərinə səlahiyyətlərinin icrası ilə bağlı təmsilçilik xərclərinin ödənilməsi üçün verilən vəzifə maaşlarına aylıq əlavə pul təminatı.   

  • Vergi güzəştləri
  • Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 400 manat məbləğində azaldılır:

  - Azərbaycan Respublikasının Milli Qəhrəmanlarının;
- Sovet İttifaqı və Sosialist Əməyi Qəhrəmanlarının;
- Şöhrət ordeninin hər üç dərəcəsi ilə təltif edilmiş şəxslərin;
III qrup müharibə əlillərinin;
- həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarının (ərlərinin);
- 1941-1945-ci illərdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallar ilə təltif edilmiş şəxslərin;
- qanunvericiliklə müəyyən edilmiş qaydada müharibə veteranı adı almış şəxslərin;
  - Çernobıl AES-də qəza, mülki və ya hərbi təyinatlı atom obyektlərində radiasiya nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslərin.

  • I və II qrup əlillərin (müharibə əlillərindən başqa) hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 100 manat məbləğində azaldılır.
  • Aşağıdakı fiziki şəxslərin hər hansı muzdlu işdən vergi tutulmalı olan aylıq gəliri 55 manat məbləğində azaldılır:

  - həlak olmuş, yaxud sonradan vəfat etmiş döyüşçülərin valideyinləri, habelə vəzifələrinin icrası zamanı həlak olmuş dövlət qulluqçularının valideyinləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;
- 1990-ci il yanvarın 20-də SSRİ qoşunlarının müdaxiləsi nəticəsində, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi zamanı həlak olmuş şəxslərin valideyinləri və arvadları (ərləri). Bu şəxslərin arvadlarına (ərlərinə) güzəşt o halda verilir ki, onlar təkrar nigaha girmiş olmasınlar;
- Əfqanıstana və döyüş əməliyyatları aparan başqa ölkələrə göndərilmiş hərbi qulluqçular və ya təlim-yoxlama toplanışlarına çağırılmış hərbi vəzifəlilər;
- daimi qulluq tələb edən uşaqlara və ya I qrup əlilə baxan və onunla birlikdə yaşayan valideyinlərdən biri (özlərinin istəyi ilə), arvad (ər), himayəçi və ya qəyyum;
- məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər. Bu güzəşt mənzil qanunvericiliyinə və ya mülki hüquqi əqdlərə əsasən ayrıca mənzil sahəsi əldə etməsi nəticəsində daimi məskunlaşmış şəxslərə şamil edilmir.
Fiziki şəxsin yuxarıda göstərilən güzəştlərin bir neçəsi üzrə güzəşt hüququ olduqda, ona bu güzəştlərdən biri, məbləğcə ən böyük olanı verilir.

  • Qohumluq dərəcəsindən asılı olmayaraq himayəsində azı üç nəfər, o cümlədən gündüz təhsil alan 23 yaşınadək şagirdlər və tələbələr olan ər və ya arvaddan birinin vergi tutulmalı olan aylıq gəliri 20 manat məbləğində azaldılır.

  Bu qayda uşaqların 18 yaşa, tələbələrin və şagirdlərin 23 yaşa çatdığı ilin sonunadək, habelə uşaqların və himayədəkilərin öldüyü hallarda ölüm ilinin sonunadək saxlanılır.   
Əmək haqqından tutulan vergi hesablanarkən fiziki şəxslərin vergi güzəştləri hüququ qanunla müəyyən edilmiş sənədlərin təqdim edildiyi andan yaranır və yalnız fiziki şəxsin əmək kitabçasının olduğu yerdə həyata keçirilir.

  • Gəlir vergisinin dərəcəsi

    Fiziki şəxslərin aylıq gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan aylıq gəlirin məbləği

Verginin məbləği

2000 manatadək

14 faiz

2000  manatdan çox olduqda

280 manat + 2000manatdan çox olan məbləğin 35 faizi

Fiziki şəxslərin muzdlu işlə əlaqədar aldıqları və vergi tutulmalı olan aylıq gəlirindən yuxarıda göstərilən dərəcələrlə ödəmə mənbəyində gəlir vergisi tutulur.
Fiziki şəxslərin aylıq gəliri 200 manatadək olduqda minimum əmək haqqının 1 misli məbləğində olan hissəsi azaldılır.
İki və ya daha çox yerdə muzdla işləyən fiziki şəxslərin gəlirlərindən gəlir vergisi hər bir iş yerində ödənilən məbləğdən ayrıca hesablanır və dövlət büdcəsinə ödənilir.
Dövlət sosial təminat sistemi vasitəsilə ödənilən pensiyalar istisna edilməklə, digər şəxslərə pensiya ödəyən, muzdla işləyən fiziki şəxslərə ödəmələr verən, vergi ödəyicisi kimi vergi orqanlarında uçota alınmayan, VÖEN təqdim etməyən fiziki şəxslərin göstərdiyi xidmətlərə (işlərə) görə  həmin fiziki şəxslərə haqq ödəyən hüquqi şəxslər və fərdi sahibkarlar yuxarıda göstərilən dərəcələrə uyğun olaraq ödəmə mənbəyində gəlir vergisi tutmalı və dövlət büdcəsinə ödəməlidirlər.
Ödəmə mənbəyində vergi tutan gəlir vergisinin ödəyiciləri rüb başa çatdıqdan sonra növbəti ayın 20-dən gec olmayaraq ödəmə mənbəyində tutulan vergilər barədə bəyannaməni vergi orqanına təqdim etməlidirlər.

Fiziki şəxslərin illik gəlirindən aşağıdakı dərəcələrlə vergi tutulur:

Vergi tutulan illik  gəlirin məbləği

Verginin məbləği

24000 manatadək

14 faiz

24000 manatdan çox olduqda

3360 manat + 24000 manatdan çox olan məbləğin 35 faizi

Fiziki şəxslərin illik gəliri 2400 manatadək olduqda minimum əmək haqqının 12 misli məbləğində olan hissəsi  azaldılır.
Fərdi sahibkarlar rüb qurtardıqdan sonra 15 gündən gec olmayaraq cari ödəmələri dövlət büdcəsinə ödəməli, hesabat ilindən sonrakı ilin mart aynın 31-dən gec olmayaraq vergi orqanlarına gəlirləri haqqında bəyannamə verməli və həmin vaxtadək illik gəlir üzrə son hesablama aparmaqla (cari ödəmələr nəzərə alınmaqla) gəlir vergisini dövlət büdcəsinə ödəməlidirlər.

  • Maliyyə sanksiyaları və faizlər

Vergi hesabatını və vergi öhdəliyinini yaranmaması barədə arayışı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 40 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Aktivləri barədə  məlumatı əsas olmadan müəyyən edilən müddətdə təqdim etməyən vergi ödəyicisinə vergi orqanının qərarına əsasən 100 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Verginin (o cümlədən ödəmə mənbəyində verginin) hesabatda göstərilən məbləği verginin hesabatda göstərilməli olan məbləğinə nisbətən azaldılmışdırsa, habelə büdcəyə çatası vergi məbləği hesabat təqdim etməməklə yayındırılmışdırsa vergi ödəyicisinə azaldılmış və ya yayındırılmış vergi məbləğinin (kameral vergi yoxlaması nəticəsində hesablanmış əlavə vergi məbləği istisna olmaqla)50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilir.
Azərbaycan Respublikasının Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq edilir.
Vergi və cari vergi ödəməsi qanunla müəyyən edilmiş müddətdə ödənilmədikdə, ödəmə müddətindən sonrakı hər bir ötmüş gün üçün vergi ödəyicilərindən və ya vergi agentindən ödənilməmiş vergi və ya cari vergi ödəməsi məbləğinin 0,1 faizi məbləğində faiz tutulur. Bu  faiz cari vergi ödənişlərinə münasibətdə bütün ötmüş müddətə, ancaq bir ildən çox olmamaq şərti ilə tətbiq edilir.

>> əvvələ <<