Vergi orqanları və onların vəzifəli şəxsləri (vergi orqanlarında işlədikləri dövrdə və ya işdən çıxdıqdan sonra qanunvericiliklə müəyyən edilmiş müddətdə)) xidməti vəzifələrini yerinə yetirərkən vergi ödəyiciləri haqqında əldə etdikləri və ya onlara etibar edilən hər hansı məlumatın məxfiliyini qorumağa borcludurlar

 
Kommersiya (vergi) sirri

Aşağıdakı məlumatlar istisna olmaqla vergi orqanı və onun vəzifəli şəxsləri tərəfindən vergi ödəyicisi barədə əldə edilən istənilən məlumat kommersiya (vergi) sirri hesab olunur:

- vergi ödəyicisinin razılığı ilə aşkar edilən;
- vergi ödəyicisinin eyniləşdirmə nömrəsi haqqında;
- müəssisənin Nizamnamə fondu (nizamnamə kapitalı) haqqında;
- vergi qanunvericiliyinin pozulması və bu pozulmalara görə məsuliyyət tədbirləri haqqında.
- vergi ödənişləri üzrə borclar.

Kommersiya (vergi) sirri vergi orqanları, onların vəzifəli şəxsləri tərəfindən qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla açılmamalıdır.Kommersiya (vergi) sirrinin açılmasına əsas etibarilə, ancaq bununla məhdudlaşmayan, vergi yoxlaması zamanı vəzifələrini yerinə yetirərkən vergi orqanının vəzifəli şəxsinə, cəlb edilmiş mütəxəssisə və ya ekspertə bəlli olmuş vergi ödəyicisinin kommersiya (vergi) sirrinin istifadə edilməsi və ya başqa şəxsə verilməsi aiddir.
Vergi orqanına daxil olmuş və kommersiya (vergi) sirrini təşkil edən məlumatların qorunmasının və əldə edilməsinin xüsusi rejimi vardır.Kommersiya (vergi) sirrini təşkil edən məlumatları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən siyahı üzrə vəzifəli şəxslər əldə edə bilər.
Kommersiya (vergi) sirrini təşkil edən məlumatların itirilməsi və yaxud belə məlumatların açılması qanunla nəzərdə tutulmuş məsuliyyətə səbəb olur.
Vergi Məcəlləsinin 30.1-ci maddəsində göstərilən vergi orqanları və onların vəzifəli şəxsləri vergi ödəyiciləri haqqında məlumatı ancaq aşağıdakı hallarda digər orqanlara qanunvericiliklə müəyyən edilmiş qaydada verə bilərlər:

- vergi orqanlarına və onların vəzifəli şəxslərinə vergi orqanlarının vəzifələrinin həyata keçirilməsi məqsədi ilə;
- vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə əlaqədar onların qarşısının alınması və istintaq aparılması üçün müvafiq icra hakimiyyəti orqanına;
- inzibati xətalar və ya vergi qanunvericiliyinin cinayət tərkibli pozuntuları ilə bağlı işlərə baxılma ilə əlaqədar müvafiq məhkəmələrə;
- Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun olaraq digər dövlətlərin müvafiq dövlət hakimiyyəti orqanlarına;
- sosial müdafiə haqqında qanunların yerinə yetirilməsi üçün zəruri olan hədlərdə dövlət sosial müdafiə və tibbi sığorta fondlarına;
- gömrük qanunvericiliyinin tətbiq edilməsi məqsədləri üçün gömrük orqanlarına.

Dövlət hakimiyyəti orqanları və onların vəzifəli şəxsləri kommersiya (vergi) sirrini təşkil edən məlumatları əks etdirən sənədləri həmin sənədləri onlara təqdim etmiş vergi orqanlarına qaytarmalıdırlar.
Vergi ödəyicisinə aid məlumat vergi ödəyicisinin yazılı icazəsi ilə digər şəxsə verilə bilər

 

© AR Vergilәr Nazirliyi, 2001-2007 Haqqında Qanun Bәyannamә Statistika Sual-Cavab Əlaqә: info@taxes.gov.az