| Azәrbaycan
Respublikasının Vergi Mәcәllәsi
(2007-ci il 1 yanvar tarixinə AR VN edilmiş əlavələr və dəyişikliklərlə)
Ümumi hissə
Fəsil I. Ümumi müddəalar
Maddə 1. Azərbaycan Respublikasının Vergi
Məcəlləsi ilə tənzimlənən münasibətlər
1.1. Azərbaycan Respublikasının Vergi
Məcəlləsi Azərbaycan Respublikasında vergi
sistemini, vergitutmanın ümumi əsaslarını,
vergilərin müəyyən edilməsi, ödənilməsi və
yığılması qaydalarını, vergi ödəyicilərinin və
dövlət vergi orqanlarının, habelə vergi
münasibətlərinin digər iştirakçılarının
vergitutma məsələləri ilə bağlı hüquq və
vəzifələrini, vergi nəzarətinin forma və
metodlarını, vergi qanunvericiliyinin
pozulmasına görə məsuliyyəti, dövlət vergi
orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən (hərəkətsizliyindən) şikayət
edilməsi qaydalarını müəyyən edir.
1.2. Bu Məcəllə ilə Naxçıvan Muxtar
Respublikasında və bələdiyyələrdə
vergitutmanın ümumi əsasları və vergilər
müəyyən edilir.
1.3. Bu Məcəllə ilə müəyyən olunan
anlayışlar və qaydalar vergitutma məqsədi ilə
müəyyən edilir və müstəsna olaraq bu Məcəllə və
onun əsasında qəbul edilmiş digər normativ
hüquqi aktlar ilə tənzimlənən vergitutma və
vergi nəzarəti ilə bağlı münasibətlər
hüdudlarında tətbiq olunur.
Maddə 2. Azərbaycan Respublikasının vergi
qanunvericiliyi
2.1. Azərbaycan Respublikasının vergi
qanunvericiliyi Azərbaycan
Respublikasının Konstitusiyasından, bu
Məcəllədən və onlara uyğun olaraq qəbul edilmiş
Azərbaycan Respublikasının qanunvericilik
aktlarından ibarətdir.
2.2. Bu Məcəllənin əsasında və ya onun
icrası məqsədi ilə qəbul edilmiş normativ hüquqi
aktlar bu Məcəllənin müddəalarına zidd
olmamalıdır.
2.3. Vergi qanunvericiliyi aktları ilə
digər sahə qanunvericilik aktları arasında bu
Məcəllənin 2.7-ci maddəsində nəzərdə tutulan
hallar istisna olmaqla, vergitutma və vergi
nəzarəti məsələləri üzrə ziddiyyət yarandıqda
vergi qanunvericiliyinin aktları tətbiq edilir.
2.4. Aşağıdakılar istisna olunmaqla,
vergi qanunvericiliyindən başqa digər
qanunvericilik aktlarına vergitutma və vergi
nəzarəti məsələləri daxil edilə bilməz:
2.4.1. Azərbaycan
Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulan vergi münasibətlərinə aid
inzibati xətalar haqqında müddəalar;
2.4.2. Azərbaycan
Respublikasının Cinayət Məcəlləsində nəzərdə
tutulan vergi cinayətləri haqqında müddəalar;
2.4.3. vergi öhdəliklərinin üstünlüyü
haqqında müflisləşmə və iflas haqqında
qanunvericilikdə nəzərdə tutulan müddəalar;
2.4.4. büdcə qanunvericiliyində
vergilərlə bağlı müddəalar;
2.4.5. vergilər üzrə dövlət
təminatlarının və müddətli güzəştlərin
verilməsi ilə bağlı müddəalar;
2.4.6. hasilatın pay bölgüsü haqqında,
əsas boru kəməri haqqında və digər bu qəbildən
olan sazişlərdə və ya qanunlarda nəzərdə tutulan
müddəalar.
2.5. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə
vergilər haqqında bu Məcəllə ilə və ona müvafiq
olaraq qəbul edilmiş normativ hüquqi aktlarla
nəzərdə tutulmuş müddəalardan fərqli müddəalar
müəyyən edildikdə, həmin beynəlxalq
müqavilələrin müddəaları tətbiq edilir.
2.6. Azərbaycan Respublikasının
tərəfdar çıxdığı ikiqat vergitutmanın aradan
qaldırılması haqqında beynəlxalq müqavilə ilə
bu müqavilə bağlanan dövlətin rezidentinə
verilən vergi güzəştlərinə və üstünlüklərinə
münasibətdə, həmin müqavilə onu bağlamış
dövlətin rezidenti olmayan şəxs tərəfindən qeyd
edilən güzəştlərin və üstünlüklərin alınması
üçün istifadə edilirsə, bu Məcəllənin 2.5-ci
maddəsinin müddəaları tətbiq olunmur.
2.7. Bu Məcəllə qüvvəyə minənədək və ya
o, qüvvəyə mindikdən sonra qanunla təsdiq
olunmuş hasilatın pay bölgüsü haqqında, əsas
boru kəməri haqqında və digər bu qəbildən olan
sazişlərdə və ya qanunlarda, o cümlədən neft və
qaz haqqında qanunda bu Məcəllədə və vergilər
haqqında digər normativ hüquqi aktlarda nəzərdə
tutulmuş müddəalardan fərqli müddəalar müəyyən
edildikdə, həmin sazişlərin və ya qanunların
müddəaları tətbiq edilir.
Maddə 3. Vergilərin müəyyən edilməsinin və
tutulmasının əsasları
3.1. Vergilər haqqında qanunvericilik
vergitutmanın ümumi, bərabər və ədalətli
olmasına əsaslanmalıdır.
3.2. Vergilər iqtisadi cəhətdən
əsaslandırılmalıdır.
3.3. Hər kəsin konstitusiya
hüquqlarının və azadlıqlarının həyata
keçirilməsinə maneçilik törədən vergilərin
müəyyən edilməsinə yol verilmir.
3.4. Azərbaycan Respublikasının vahid
iqtisadi məkanını pozan (xüsusilə, Azərbaycan
Respublikasının ərazisində malların (işlərin,
xidmətlərin) və pul vəsaitlərinin azad
yerdəyişməsini bilavasitə və ya dolayısı ilə
məhdudlaşdıran və ya digər yolla vergi
ödəyicilərinin qanuni fəaliyyətini
məhdudlaşdıran, yaxud maneçilik törədən)
vergilərin müəyyən edilməsinə yol verilmir.
3.5. Heç bir şəxs əldə etdiyi mənfəətdən
(gəlirdən) eyni növ vergini bir dəfədən artıq
ödəməyə məcbur edilə bilməz.
3.6. Vergilər siyasi, ideoloji, etnik,
konfessional və vergi ödəyiciləri arasında
mövcud olan digər xüsusiyyətlər əsas
götürülməklə müəyyən edilə bilməz və
diskriminasiya xarakteri daşıya bilməz.
Mülkiyyət formasından və ya fiziki
şəxslərin vətəndaşlığından və ya kapitalın
yerindən asılı olaraq vergilərin müxtəlif
dərəcələrinin müəyyən edilməsi qadağandır.
Azərbaycan Respublikasına gətirilən
mallar üçün həmin malların hansı ölkədən
gətirilməsindən asılı olaraq bu Məcəlləyə və
gömrük qanunvericiliyinə uyğun olaraq müxtəlif
gömrük rüsumu dərəcələrinin müəyyən edilməsi
mümkündür.
3.7. Azərbaycan Respublikasının
vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir,
onların dəyişdirilməsi və ya ləğv edilməsi bu
Məcəlləyə dəyişiklik edilməsi ilə həyata
keçirilir.
3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə
ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə
malik olan və bu Məcəllə ilə müəyyən edilməyən,
yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan
fərqli olaraq müəyyən edilən vergilər ödəmək
vəzifəsi qoyula bilməz.
3.9. Vergilər haqqında qanunvericilik
elə tərzdə formalaşdırılmalıdır ki, hər kəs
hansı vergiləri, hansı qaydada, nə vaxt və hansı
məbləğdə ödəməli olduğunu dəqiq bilsin.
3.10. Vergi sistemi sahibkarlıq və
investisiya fəaliyyətini təşviq etməlidir.
3.11. Vergilər haqqında
qanunvericiliyin bütün ziddiyyətləri və aydın
olmayan məqamları vergi
ödəyicisinin xeyrinə şərh edilməlidir.
3.12. Fiziki və hüquqi şəxslərin
vergilərə aid normativ hüquqi aktlarla azad
tanış olmaq imkanı təmin edilməlidir.
Maddə 4. Azərbaycan Respublikasında vergi
sistemi
4.1. Azərbaycan Respublikasında
aşağıdakı vergilər müəyyən edilir və ödənilir:
4.1.1. dövlət vergiləri;
4.1.2. muxtar respublika vergiləri;
4.1.3. yerli vergilər (bələdiyyə
vergiləri).
4.2. Dövlət vergiləri dedikdə, bu
Məcəllə ilə müəyyən edilən və Azərbaycan
Respublikasının bütün ərazisində ödənilməli
olan vergilər nəzərdə tutulur.
4.3. Muxtar respublika vergiləri
dedikdə, Naxçıvan Muxtar Respublikasında bu
Məcəlləyə müvafiq olaraq, Naxçıvan Muxtar
Respublikasının qanunları ilə müəyyən edilən və
Naxçıvan Muxtar Respublikasında ödənilən
vergilər nəzərdə tutulur.
4.4. Yerli vergilər (bələdiyyə
vergiləri) dedikdə, bu Məcəllədə və müvafiq
qanunla müəyyən edilən, bələdiyyələrin
qərarlarına əsasən tətbiq edilən və
bələdiyyələrin ərazilərində ödənilən vergilər
nəzərdə tutulur. Bələdiyyələr tərəfindən tətbiq
edilən digər məcburi ödənişlər müvafiq qanunla
müəyyən edilir.
Yerli vergilərin (bələdiyyə
vergilərinin) dərəcələri vergi
qanunvericiliyində təsbit edilmiş hədlər
daxilində müəyyən edilir. Vergi
qanunvericiliyinə uyğun olaraq bələdiyyələr öz
ərazilərində vergi ödəyicilərinin ayrı-ayrı
kateqoriyalarını yerli vergilərdən tam və ya
qismən azad etmək, vergi dərəcəsini azaltmaq
barədə qərar qəbul edə bilərlər.
4.5. Azərbaycan Respublikasında bu
Məcəlləyə uyğun olaraq xüsusi vergi rejimi
tətbiq edilə bilər.
Xüsusi vergi rejimi dedikdə, müəyyən
dövr ərzində vergilərin hesablanması və
ödənilməsinin xüsusi qaydası nəzərdə tutulur.
4.6. Bu Məcəllə ilə nəzərdə tutulmayan
vergilərin müəyyən edilməsinə yol verilmir.
Maddə 5. Vergitutmanın formaları
5.0. Vergi məbləğləri aşağıdakı
formalarda tutulur:
5.0.1. bilavasitə mənbədən (verginin
gəlir və ya mənfəət əldə edilməsinədək
tutulması);
5.0.2. bəyannamə üzrə (verginin gəlir və
ya mənfəət əldə edilməsindən sonra tutulması);
5.0.3. bildiriş üzrə (vergitutma
obyektinin dəyəri və sahəsi əsasında vergi
orqanının və ya bələdiyyənin hesabladığı məbləğ
üçün təqdim etdiyi tədiyə bildirişi əsasında
vergi ödəyicisi tərəfindən verginin ödənilməsi).
Maddə 6. Dövlət vergiləri
6.1. Dövlət vergilərinə aşağıdakılar
aiddir:
6.1.1. fiziki şəxslərin gəlir vergisi;
6.1.2. hüquqi şəxslərin mənfəət vergisi
(bələdiyyə mülkiyyətində olan müəssisə və
təşkilatlardan başqa);
6.1.3. əlavə dəyər vergisi;
6.1.4. aksizlər;
6.1.5. hüquqi şəxslərin əmlak vergisi;
6.1.6. hüquqi şəxslərin torpaq vergisi;
6.1.7. yol vergisi;
6.1.8. mədən vergisi;
6.1.9. sadələşdirilmiş vergi;
6.2. Bu Məcəllə ilə bütün dövlət
vergilərinin dərəcələrinin ən yüksək hədləri
müəyyən edilir.
6.3. Dövlət vergilərinin hər il üçün
tətbiq olunan dərəcələri bu Məcəllədə müəyyən
edilən dərəcələrdən yüksək ola bilməz və hər il
Azərbaycan Respublikasının dövlət büdcəsi
haqqında qanunu qəbul edilən zaman həmin
dərəcələrə yenidən baxıla bilər.
Maddə 7. Muxtar respublika vergiləri
Muxtar respublika vergilərinə
Naxçıvan Muxtar Respublikasında tutulan bu
Məcəllənin 6.1-ci maddəsində sadalanan dövlət vergiləri
aiddir.
Maddə 8. Yerli vergilər (bələdiyyə vergiləri)
8.1. Yerli vergilər (bələdiyyə
vergiləri) aşağıdakılardır:
8.1.1. fiziki şəxslərin torpaq
vergisi;
8.1.2. fiziki şəxslərin əmlak
vergisi;
8.1.3. yerli əhəmiyyətli tikinti
materialları üzrə mədən vergisi;
8.1.4. bələdiyyə mülkiyyətində olan
müəssisə və təşkilatların mənfəət vergisi.
8.2. Yerli vergilərin hesablanması və
ödənilməsi qaydaları, vergi ödəyicilərinin və
bələdiyyələrin vergi xidməti orqanlarının hüquq
və vəzifələri, vergi nəzarətinin forma və
metodları, vergi qanunvericiliyinin pozulmasına
görə məsuliyyət, bələdiyyələrin vergi xidməti
orqanlarının və onların vəzifəli şəxslərinin
hərəkətlərindən (hərəkətsizliyindən) şikayət
edilməsi qaydaları müvafiq qanunvericiliklə
müəyyən edilir.
Maddə 9. Vergilərin hesablanmasının və
ödənilməsinin pul vahidi
Azərbaycan Respublikasının
ərazisində vergilər Azərbaycan Respublikasının
pul vahidi — manatla hesablanır və ödənilir.
Maddə 10. Vergi qanunvericiliyi ilə tənzimlənən
münasibətlərin iştirakçıları
10.0. Vergi qanunvericiliyi ilə
tənzimlənən münasibətlərin iştirakçıları
aşağıdakılardır:
10.0.1. bu Məcəlləyə uyğun olaraq vergi
ödəyicisi hesab edilən hüquqi və fiziki şəxslər;
10.0.2. bu Məcəlləyə uyğun olaraq vergi
agenti hesab edilən hüquqi və fiziki şəxslər;
10.0.3. Azərbaycan Respublikasının
dövlət vergi orqanları;
10.0.4. Azərbaycan Respublikasının
gömrük orqanları;
10.0.5. bu Məcəllə ilə nəzərdə tutulan
məsələlərin həlli ilə bağlı Azərbaycan
Respublikasının maliyyə orqanları;
10.0.6. bu Məcəllə ilə nəzərdə tutulan
hallarda vergi ödəyicilərindən vergilərin
ödənilməsi üçün vəsaitlərin alınmasını və
onların büdcəyə köçürülməsini, vergi və gömrük
orqanlarından başqa, müəyyən edilmiş qaydada
həyata keçirən dövlət hakimiyyəti orqanları,
yerli özünüidarəetmə orqanları, digər
səlahiyyətli orqanlar və vəzifəli şəxslər.
Maddə 11. Vergi anlayışı
Vergi — dövlətin və bələdiyyələrin
fəaliyyətinin maliyyə təminatı məqsədi ilə
vergi ödəyicilərinin mülkiyyətində olan pul
vəsaitlərinin özgəninkiləşdirilməsi şəklində
dövlət büdcəsinə və yerli büdcələrə köçürülən
məcburi, fərdi, əvəzsiz ödənişdir.
Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas
şərtləri
12.1. Vergi o halda müəyyən edilmiş
hesab olunur ki, bu zaman vergi ödəyicisi və
aşağıdakı vergitutma elementləri müəyyən
edilmiş olsun:
12.1.1. vergitutma obyekti;
12.1.2. vergitutma bazası;
12.1.3. vergi dövrü;
12.1.4. vergi dərəcəsi;
12.1.5. verginin hesablanması qaydası;
12.1.6. verginin ödənilməsi qaydası və
müddəti.
12.2. Vergi müəyyən edildikdə, bu Məcəllə
ilə nəzərdə tutulan əsaslarla vergi güzəştləri
müəyyənləşdirilə bilər.
12.3. Vergitutma obyekti gəlir, mənfəət,
əmlak, torpaq, faydalı qazıntılar, təqdim edilmiş
malların (işin, xidmətin) dəyəri və ya bu Məcəllə ilə müəyyənləşdirilən
digər vergitutma obyektləridir.
12.4. Vergitutma bazası — vergitutma
obyektinin vergi tutulan hissəsinin kəmiyyətcə
ifadəsidir.
Maddə 13. Bu Məcəllədə istifadə edilən əsas
anlayışlar
13.1. Bu Məcəllədə istifadə olunan
mülki, ailə və Azərbaycan Respublikasının digər
qanunvericilik sahələrinin anlayışları, əgər bu
Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa,
həmin qanunvericilik sahələrində qəbul edilmiş
mənada tətbiq edilir.
13.2. Bu Məcəllənin məqsədləri üçün
aşağıdakı anlayışlar istifadə olunur:
13.2.1. Şəxs — istənilən fiziki və ya
hüquqi şəxs, qeyri-rezidentin daimi
nümayəndəliyi, filialı və digər bölməsi.
13.2.2. Hüquqi şəxs — Azərbaycan
Respublikasının və ya xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq hüquqi şəxs
statusunda yaradılmış müəssisə və təşkilatlar.
13.2.3. Fiziki şəxs — Azərbaycan
Respublikasının vətəndaşı, habelə əcnəbi və vətəndaşlığı olmayan şəxs.
13.2.4. Vergi ödəyicisi — bu Məcəlləyə
uyğun olaraq müəyyən edilmiş vergitutma
obyektlərindən vergini ödəməli olan istənilən şəxs.
13.2.5. Rezident:
13.2.5.1. aşağıda göstərilən tələblərin
birinə cavab verən istənilən fiziki şəxs:
- təqvim ilində üst-üstə 182
gündən artıq vaxtda həqiqətən Azərbaycan Respublikasının ərazisində olan;
- təqvim ili içərisində, yaxud bir təqvim ili ərzində
xarici ölkədə Azərbaycan Respublikasının dövlət xidmətində olan;
- bu Məcəllənin 13.2.5.1-ci maddəsinin ikinci və
üçüncü abzaslarında Azərbaycan Respublikasının ərazisində və xarici ölkədə
(hər hansı birində) fiziki şəxsin olma müddəti 182 gündən artıq olmadıqda,
həmin fiziki şəxs aşağıdakı ardıcıllıqla göstərilən meyarlarla Azərbaycan
Respublikasının rezidenti sayılır:
- daimi yaşayış yeri;
- həyati mənafelərinin mərkəzi;
- adətən yaşadığı yer;
- Azərbaycan Respublikasının vətəndaşlığı;
13.2.5.2. fiziki şəxs vergi ilində
Azərbaycan Respublikasının ərazisində qaldığı
son gündən etibarən bu vergi ilinin sonunadək
olan dövr ərzində Azərbaycan Respublikasının
qeyri-rezidenti sayılır, bu şərtlə ki, həmin şəxs
bilavasitə növbəti vergi ilində Azərbaycan
Respublikasının qeyri-rezidenti olsun;
13.2.5.3. Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq təsis edilən
və sahibkarlıq fəaliyyətini həyata keçirən və ya
Azərbaycan Respublikasında idarə edilən
istənilən hüquqi şəxs.
13.2.6. Qeyri-rezident:
13.2.6.1. Azərbaycan Respublikasının
ərazisində diplomatik və ya konsulluq statusu
olan şəxs və onun ailə üzvləri;
13.2.6.2. Azərbaycan Respublikasının
ərazisində müəyyən edilmiş qaydada dövlət
qeydiyyatından keçmiş beynəlxalq təşkilatın
əməkdaşı və ya Azərbaycan Respublikasında
xarici ölkənin dövlət xidmətini həyata keçirən
şəxs və onların ailə üzvləri;
13.2.6.3. məqsədi yalnız Azərbaycan
Respublikasının ərazisindən bir xarici
dövlətdən digər xarici dövlətə keçmək olan şəxs;
13.2.6.4. bu Məcəllənin 13.2.6.1-ci və 13.2.6.2-ci
maddələri Azərbaycan Respublikasının
ərazisində sahibkarlıq fəaliyyəti göstərən
şəxslərə aid edilmir;
13.2.6.5. Azərbaycan Respublikasının
ərazisində yerləşən diplomatik imtiyazları və
immunitetləri olan diplomatik nümayəndəliklər,
konsulluq idarələri və xarici ölkələrin digər
rəsmi nümayəndəlikləri, beynəlxalq təşkilatlar
və onların nümayəndəlikləri, habelə sahibkarlıq
fəaliyyəti ilə məşğul olmayan xarici
təşkilatların və firmaların nümayəndəlikləri;
13.2.6.6. rezident anlayışı ilə əhatə
edilməyən digər şəxslər.
13.2.7. Vergi ödəyicisinin ailə üzvləri:
13.2.7.1. ər-arvadlar;
13.2.7.2. valideynlər, övladlar və
övladlığa götürülmüş şəxslər;
13.2.7.3. vərəsələr;
13.2.7.4. doğma (ögey) bacılar (qardaşlar);
13.2.7.5. bacı və qardaş övladları;
13.2.7.6. ər-arvadların bacıları,
qardaşları və valideynləri;
13.2.7.7. bacıların ərləri və qardaşların
arvadları;
13.2.7.8. valideynlərin bacıları
(qardaşları);
13.2.7.9. qəyyumlar və qəyyumluğa
götürülənlər, onların arasındakı ev təsərrüfatı
birliyi nəticəsində biri o biri ilə valideyn və
övlad kimi bağlı olduqda.
13.2.8. Mal — hər hansı maddi və ya
qeyri-maddi əmlak (aktiv), o cümlədən elektrik və
istilik enerjisi, qaz və su.
Əlavə dəyər vergisinin (ƏDV)
məqsədləri üçün qeyri-maddi aktivlər, pul
vəsaiti və torpaq mal sayılmır.
13.2.9. Qeyri-maddi aktivlər —
intellektual, o cümlədən ticarət nişanları,
digər sənaye mülkiyyəti obyektləri, habelə
müvafiq qanunvericiliklə müəyyən edilmiş
qaydada vergi ödəyicisinin mülkiyyət hüququnun
obyekti kimi tanınan digər analoji hüquqlar.
13.2.10. Malların təqdim edilməsi —
mallar üzərində mülkiyyət hüququnun başqasına
verilməsi, o cümlədən, lakin bunlarla
məhdudlaşdırılmayan, malların satışı,
mübadiləsi, hədiyyə verilməsi, natura şəklində
əmək haqqı ödənilməsi və natura şəklində digər
ödəmələr, həmçinin girov qoyulmuş mallar üzrə
mülkiyyət hüququnun girov saxlayana və ya
digər şəxsə keçməsi.
13.2.11. Xidmət (iş) –– malların təqdim
edilməsi sayılmayan, nəticələri maddi ifadə kəsb
edən fəaliyyət.
ƏDV-nin məqsədləri üçün pul vəsaitinə
və torpağa mülkiyyət hüququnun başqasına
verilməsi, həmçinin işəgötürənə muzdlu işçi kimi
xidmət göstərilməsi istisna olunur.
Xidmətlərin göstərilməsi (işlərin
görülməsi) zamanı istifadə olunan mallar ayrıca
təqdim edilmirsə və ya xidmətin (işin) dəyərinə
daxil edilməyən kompensasiyalı xərclər
müqavilədə və ya ödəniş sənədlərində ayrıca
göstərilmirsə, həmin mallar və ya xərclər
xidmətin (işin) ayrılmaz tərkib hissəsi hesab
edilir.
13.2.12. Satışdankənar gəlirlər — digər
müəssisələrin fəaliyyətində payçı kimi
iştirakdan gəlir, müəssisəyə məxsus səhmlər,
istiqrazlar və digər qiymətli kağızlardan əldə
olunan gəlirlər, habelə mal və xidmət (iş)
istehsalı və satışı ilə bilavasitə bağlı olmayan
əməliyyatan götürülən digər gəlirlər, o cümlədən
cərimə və zərərin ödənilməsi şəklində alınmış
məbləğ, xarici valyuta əməliyyatları üzrə artan
məzənnə fərqi, qanunvericiliyə müvafiq iddia
müddəti keçmiş kreditor deponent borc
məbləğləri.
13.2.13. Vergi ödəyicisinin,
alıcının, sifarişçinin və ya hər hansı şəxsin adı
— hüquqi şəxsin dövlət qeydiyyatına alınmış adı,
fiziki şəxsin adı, atasının adı və soyadı.
13.2.14. Maliyyə xidmətləri:
13.2.14.1. kreditlərin, maliyyə lizinqi
əməliyyatlarının, kredit təminatlarının və
pul-kredit əməliyyatlarında hər hansı girov və
ya lombard təminatının təqdim edilməsi (yaxud
verilməsi) və qaytarılması, o cümlədən krediti və
ya təminatı təqdim etmiş şəxsin kreditləri və
kredit təminatlarını idarə etməsi;
13.2.14.2. müştərilərin depozitlərinin və
hesablarının idarə edilməsi, tədiyələr,
köçürmələr, borc öhdəlikləri və tədiyə
vasitələri ilə bağlı əməliyyatlar;
13.2.14.3. qanuni tədiyə vasitələri olan
valyutanın, pul vəsaitlərinin və əskinasların
(numizmatika əşyalarından başqa) tədavülü ilə
bağlı əməliyyatlar;
13.2.14.4. səhmlərin, istiqraz
vərəqələrinin, sertifikatların, veksellərin,
çeklərin və digər qiymətli kağızların tədavülü
ilə bağlı əməliyyatlar. İnkassasiya xidmətləri
və ya banknotların, qiymətli kağızların və ya
digər qiymətlilərin saxlanması və ya onların
qorunmasının təmin edilməsi üzrə xidmətlər
maliyyə xidmətlərinə aid deyildir;
13.2.14.5. törəmə maliyyə vasitələri ilə
əqdlərə, forvard müqavilələrinə, opsionlara və
analoji sazişlərə aid əməliyyatlar;
13.2.14.6. investisiya fondlarının idarə
edilməsi ilə bağlı xidmətlər;
13.2.14.7. sığorta və təkrar sığorta
əməliyyatları.
13.2.15. Dividend — hüquqi şəxsin öz
təsisçilərinin (payçılarının) və yaxud
səhmdarlarının xeyrinə xalis mənfəətinin (sadələşdirilmiş
vergi ödəyiciləri tərəfindən vergi və xərclər
çıxıldıqdan sonra gəlirin) bölüşdürülməsi ilə
bağlı pul və ya digər ödəmələr şəklində etdiyi
ödəniş.
Hüquqi şəxsin ləğvi ilə bağlı əmlakın
bölüşdürülməsi nəticəsində əldə edilən gəlir,
həmçinin səhmdarların səhmlərinin faiz
nisbətini dəyişdirməyən səhmlərin
bölüşdürülməsi, səhmlərin (hissələrin, payların)
nominal dəyəri hüdudlarında geri alınması ilə
bağlı edilən ödənişlər dividend sayılmır.
13.2.16. Azərbaycan mənbəyindən gəlir:
13.2.16.1. Azərbaycan Respublikasında
muzdlu işdən gəlir;
13.2.16.2. Azərbaycan Respublikasında
istehsal edilmiş malların istehsalçı tərəfindən
təqdim edilməsindən gəlir;
13.2.16.3. Azərbaycan Respublikasında
malların təqdim edilməsindən, iş görülməsindən
və xidmət göstərilməsindən gəlir;
13.2.16.4. Azərbaycan Respublikasının
ərazisindəki daimi nümayəndəliyə aid edilən
sahibkarlıq fəaliyyətindən əldə olunan gəlir, o
cümlədən belə daimi nümayəndəlik vasitəsilə
təqdim edilmiş mallara (işlərə, xidmətlərə) aid
edilə bilən eyni cinsli, yaxud bənzər (oxşar)
malların (işlərin, xidmətlərin) təqdim
edilməsindən, habelə daimi nümayəndəlik
vasitəsilə həyata keçirilən fəaliyyətə aid
edilə bilən fəaliyyətdən və ya ona oxşar
fəaliyyətdən əldə edilmiş gəlir;
13.2.16.5. Azərbaycan Respublikasındakı
sahibkarlıq fəaliyyəti ilə əlaqədar:
- vergi ödəyicisinin borclarının onun kreditorları
tərəfindən silinməsindən;
- bu Məcəllənin 114.7-ci maddəsinə uyğun olaraq
gəlirə daxil edilmiş əsas vəsaitlərin təqdim edilməsindən;
- xərclərin bu Məcəllənin 141-ci maddəsinə uyğun
olaraq kompensasiya edilməsindən və ya
ehtiyatların azalmasından gəlir;
13.2.16.6. rezident hüquqi şəxsdən
dividend şəklində əldə edilən gəlir, həmçinin bu
hüquqi şəxsdə iştirak payının satılmasından və
ya başqasına verilməsindən əldə edilən gəlir;
13.2.16.7. rezidentlərdən alınan faizlər
şəklində gəlir;
13.2.16.8. rezident tərəfindən ödənilən
pensiya;
13.2.16.9. Azərbaycan Respublikasının
ərazisində daimi nümayəndəliyi və ya əmlakı olan
şəxsdən alınan faizlər şəklində gəlir — həmin
şəxsin bu faizlər üzrə borcu bu cür daimi
nümayəndəlik və ya əmlakla bağlıdırsa;
13.2.16.10. Azərbaycan Respublikasında
saxlanılan və ya istifadə edilən əmlak üçün
alınan royalti şəklində gəlir, yaxud bu
Məcəllənin 13.2.23-cü maddəsində göstərilən və
Azərbaycan Respublikasında saxlanılan və ya
istifadə edilən əmlakın təqdim edilməsindən
gəlir;
13.2.16.11. Azərbaycan Respublikasında
istifadə edilən daşınan əmlakın icarəyə
verilməsindən əldə edilən gəlir;
13.2.16.12. Azərbaycan Respublikasındakı
daşınmaz əmlakdan əldə edilən gəlir, o cümlədən
bu əmlakda iştirak payının təqdim edilməsindən
gəlir;
13.2.16.13. aktivlərinin 50 faizindən çox
olan hissəsi birbaşa və ya dolayısı ilə
Azərbaycan Respublikasındakı daşınmaz əmlakdan
ibarət olan müəssisənin səhmlərinin və ya
iştirak payının təqdim edilməsindən gəlir;
13.2.16.14. rezidentin sahibkarlıq
fəaliyyəti ilə bağlı olmayan əmlak təqdim
edilməsindən əldə etdiyi digər gəlirlər;
13.2.16.15. idarəetmə, maliyyə xidmətləri
göstərilməsindən əldə edilən gəlir — bu gəlir
rezident hüquqi şəxsin və ya qeyri-rezidentin
Azərbaycan Respublikasının ərazisində yerləşən
daimi nümayəndəliyi tərəfindən ödənilirsə,
yaxud o, həmin müəssisə və ya onun daimi
nümayəndəliyi ilə bağlanmış müqaviləyə əsasən
əldə edilmişdirsə;
13.2.16.16. Azərbaycan Respublikasında
riskin sığortası və ya təkrar sığortası haqqında
müqavilə üzrə ödənilən gəlir;
13.2.16.17. Azərbaycan Respublikası ilə
digər dövlətlər arasında beynəlxalq rabitə və ya
daşınmalar həyata keçirilərkən
telekommunikasiya və ya nəqliyyat
xidmətlərindən gəlir;
13.2.16.18. Azərbaycan Respublikasındakı
fəaliyyətlə bağlı meydana çıxan və bu Məcəllənin
əvvəlki maddələrində əhatə edilməyən digər
gəlirlər. Bu maddəyə uyğun olaraq gəlirin
mənbəyi müəyyən edilərkən gəlirin ödənildiyi
yer, həmçinin onun birbaşa və ya dolayısı ilə
ödənilməsi nəzərə alınmır.
13.2.17. Əsas vəsaitlər — istifadə
müddəti bir ildən çox olan və dəyəri 100 manatdan çox olan bu
Məcəllənin 114-cü maddəsinə uyğun olaraq
amortizasiya edilməli olan maddi aktivlər.
13.2.18. Faizlər — borc öhdəlikləri ilə
bağlı olan hər hansı ödəmə, o cümlədən
kreditlərin (ssudaların) və ya depozitlərin
(hesabların) verilməsi üçün ödəmə.
13.2.19. Xalis mənfəət — mənfəət vergisi
çıxıldıqdan sonra qalan mənfəət.
13.2.20. İştirakçı — səhmdar, payçı və ya
müəssisənin mənfəətində digər iştirakçı.
13.2.21. Əmlak — hər hansı daşınan və ya
daşınmaz əmlak, o cümlədən qeyri-maddi
aktivlər, dövriyyə vəsaitləri və mülkiyyət
hüququnun digər obyektləri.
13.2.22. Əmlakın qalıq dəyəri — əsas vəsaitlərin ilkin
dəyərinin həmin əsas vəsaitlərə hesablanmış
amortizasiyanın məbləği qədər azaldılan dəyəri.
13.2.23. Royalti — ədəbiyyat, incəsənət,
yaxud elm əsərləri, proqram təminatı,
kinematoqrafik filmlər və digər qeyri-maddi
aktivlər üzərində müəllif hüquqlarından
istifadə olunması, yaxud istifadə hüquqlarının
verilməsinə görə, istənilən patentə, ticarət
markasına, dizayn, yaxud modelə, plana, məxfi
düstura, yaxud prosesə, sənaye, kommersiya, yaxud
elmi təcrübəyə aid olan informasiyaya, sənaye,
kommersiya və ya elmi avadanlıqdan istifadə,
yaxud istifadə hüquqlarının verilməsinə görə
mükafat şəklində alınan ödənişlərdir.
13.2.24. Nəzarət-kassa aparatı - malların (işlərin, xidmətlərin) təqdim edilməsi zamanı hesablaşmaların qeydiyyatında istifadə edilən, fiskal yaddaşa malik olan və vergi orqanlarında müəyyən olunmuş qaydada qeydiyyatdan keçən elektron avadanlıq və ya kompyuter sistemləri.
13.2.25. Forvard kontraktı — şəxsin
qiymətli kağızlar, mallar və ya pul vəsaitləri
gələcəkdə müəyyən vaxtda və müəyyən şərtlərlə bu
cür forvard kontraktının bağlandığı anda təsbit
edilmiş qiymətlə əldə etməyə (satmağa)
öhdəliyini təsdiq edən müqavilədir.
13.2.26. Opsion — qiymətli kağızlar,
mallar və ya pul vəsaitləri gələcəkdə müəyyən
şərtlərlə bu cür opsionun bağlanması anına və ya
tərəflərin qərarına əsasən bu cür əldə etmənin
anına satış qiymətlərinin təsbit edilməsi ilə
əldə etməyə (satmağa) hüququ təsdiq edən
sənəddir.
13.2.27. Qeyri-kommersiya fəaliyyəti —
məqsədi gəlir götürmək olmayan və əldə etdiyi
gəliri yalnız qeyri-kommersiya məqsədləri, o
cümlədən öz nizamnamə məqsədləri üçün istifadə
etməyi nəzərdə tutan qanunla qadağan edilməyən
fəaliyyətin həyata keçirilməsidir, əks halda bu
fəaliyyət kommersiya fəaliyyəti sayılır.
13.2.28. Qeyri-kommersiya təşkilatı —
qeyri-kommersiya fəaliyyətini həyata keçirən,
əldə etdiyi gəliri təsisçilər (payçılar,
iştirakçılar) arasında bölüşdürməyən və onu
kommersiya məqsədləri üçün sərf etməyən hüquqi
şəxsdir, əks halda bu təşkilat kommersiya
təşkilatı sayılır.
13.2.29. Malların ixracı — gömrük
qanunvericiliyinə uyğun olaraq ixrac malları
hesab edilən malların Azərbaycan Respublikası
ərazisindən çıxarılması.
13.2.30. Malların təkrar ixracı — gömrük
qanunvericiliyinə uyğun olaraq, təkrar ixrac
malları sayılan malları idxal etmiş şəxsin həmin
malları idxal edəndən sonra təqdim etmədən və
idxal olunduğu andakı vəziyyətdə ixrac etməsi.
13.2.31. Malların idxalı — gömrük
qanunvericiliyinə uyğun olaraq idxal malları
sayılan malların Azərbaycan Respublikası
ərazisinə gətirilməsi.
13.2.32. Malların təkrar idxalı — gömrük
qanunvericiliyinə uyğun olaraq, təkrar idxal
malları sayılan malları təqdim etmədən və ixrac
olunduğu andakı vəziyyətdə ixrac etmiş şəxsin
həmin malları idxal etməsi.
13.2.33. Azərbaycan Respublikası
ərazisindən tranzit — gömrük qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada Azərbaycan
Respublikası sərhədindəki iki məntəqə arasında
Azərbaycan Respublikası ərazisi ilə daşınma.
Beynəlxalq daşıma — yüklərin və
sərnişinlərin Azərbaycan Respublikası ilə
(Azərbaycan Respublikasının sərhədlərindən)
digər dövlətlərdəki məntəqə arasında daşınma
sayılır.
13.2.34. Muzdlu iş — əmək
qanunvericiliyinə uyğun olaraq müqavilə
(kontrakt) əsasında haqqı ödənilməklə yerinə
yetirilən əmək fəaliyyətidir. Muzdlu işləyən
şəxs bu Məcəllənin məqsədləri üçün «işçi», bu cür
fiziki şəxsin işçi kimi göstərdiyi xidmətlərin
haqqını ödəyən şəxs «işəgötürən», bu cür haqq isə
«əmək haqqı» adlandırılır.
13.2.35. Xeyriyyəçilik fəaliyyəti —
fiziki şəxs və (və ya) xeyriyyə təşkilatı
tərəfindən həyata keçirilən və maddi və ya digər
köməyə (yardıma) ehtiyacı olan fiziki şəxslərə və
ya bilavasitə bu cür kömək (yardım) göstərən
təşkilatlara, o cümlədən xeyriyyə
təşkilatlarına, birbaşa bu cür təmənnasız kömək
(yardım) göstərməkdən, o cümlədən əvəzsiz pul
köçürməkdən ibarət olan fəaliyyət, yaxud bu
Məcəllədə digər hallar nəzərdə tutulmamışdırsa,
ictimai mənafelər naminə həyata keçirilən elmi,
təhsil və ya başqa fəaliyyətdir. Aşağıdakı
hallarda kömək (yardım) göstərilməsi
xeyriyyəçilik fəaliyyəti sayılmır:
13.2.35.1. bu cür köməyi (yardımı) alan şəxs
köməyi (yardımı) göstərən şəxsin qarşısında
mülkiyyət və ya qeyri-mülkiyyət xarakterli
öhdəlik (alınan vəsaitdən və ya əmlakdan
məqsədli təyinatla istifadə olunmasına dair
öhdəlikdən başqa) qəbul edirsə;
13.2.35.2. bu cür köməyi (yardımı) alan və
köməyi (yardımı) göstərən şəxslər qarşılıqlı
surətdə asılı olan şəxslər sayılırlarsa;
13.2.35.3. bu cür kömək (yardım) hər hansı
fiziki və ya hüquqi şəxsə seçki kampaniyasında
iştirak etmək üçün göstərilirsə.
13.2.36. Xeyriyyə təşkilatı —
xeyriyyəçilik fəaliyyətini həyata keçirən
qeyri-kommersiya təşkilatı.
13.2.37. Sahibkarlıq fəaliyyəti —
şəxsin müstəqil surətdə, öz riski ilə həyata
keçirdiyi, əsas məqsədi əmlak istifadəsindən,
malların təqdim edilməsindən, işlər
görülməsindən və ya xidmətlər göstərilməsindən
mənfəət götürülməsi olan fəaliyyətidir.
13.2.38. Büdcə təşkilatı — büdcə smetası
əsasında fəaliyyəti tamamilə və ya qismən büdcə
vəsaiti hesabına maliyyələşdirilən, hesablaşma
hesabı olmayan qeyri-kommersiya təşkilatıdır.
13.2.39. Müəssisə — bu Məcəllənin
məqsədləri üçün müəssisələr — sahibkarlıq
fəaliyyətini həyata keçirən və bu cür fəaliyyət
üçün yaradılan aşağıdakı qurumlar deməkdir:
13.2.39.1. Azərbaycan Respublikasının
qanunvericiliyinə müvafiq olaraq yaradılmış
hüquqi şəxslər;
13.2.39.2. xarici dövlətin
qanunvericiliyinə uyğun olaraq yaradılmış
hüquqi şəxslər (korporasiyalar, şirkətlər,
firmalar və digər analoji qurumlar), habelə
onların filialları və ya daimi nümayəndəlikləri;
13.2.39.3. bu Məcəllənin 13.2.39.1-ci
maddəsində göstərilmiş hüquqi şəxslərin sərbəst
balansa, cari və ya digər hesablara malik olan
filialları, struktur bölmələri və ya digər
ayrıca bölmələri.
Maddə 14. Bazar qiyməti
14.1. Bazar qiyməti malın (işin,
xidmətin) tələblə təklifin qarşılıqlı təsiri
nəticəsində təşəkkül tapan qiyməti deməkdir.
14.2. Bu maddədə başqa hallar nəzərdə
tutulmamışdırsa, vergitutma məqsədləri üçün
malların (işlərin, xidmətlərin) qiyməti
tərəflərin əməliyyatda (əqddə) təsbit etdikləri
qiymət qəbul edilir. Əks hal sübuta yetirilmirsə,
bu qiymət bazar qiyməti kimi qəbul edilir.
14.3. Bazar qiyməti nəzərə alınmaqla
vergilərin hesablanması aşağıdakı hallarda
həyata keçirilə bilər:
14.3.1. barter (mal mübadiləsi),
idxal-ixrac əməliyyatları aparıldıqda;
14.3.2. təsərrüfat əqdləri qarşılıqlı
surətdə asılı olan şəxslər arasında həyata
keçirildikdə;
14.3.3. 30 gün ərzində vergi
ödəyicilərinin eyni xüsusiyyətli və ya eyni
cinsli mallara (işə, xidmətə) tətbiq etdikləri
qiymətlərin səviyyəsi 30 faizdən çox (aşağı və
yuxarı) dəyişdikdə.
14.4. Bazar qiyməti mal (iş, xidmət)
satılan anadək, lakin malın (işin, xidmətin)
təqdim edildiyi andan çoxu 30 gün keçənədək (əvvəl
və ya sonra) ən yaxın tarixdə eyni (analoji) mal
(iş, xidmət) üçün müvafiq əməliyyatlar zamanı
təşəkkül tapan qiymətlərə əsasən
müəyyənləşdirilir. Bu zaman qiymətli kağızın
bazar qiyməti bu qiymətli kağızın təqdim
edildiyi andan əvvəlki ən yaxın tarixdə həmin
emitentin eyni qiymətli kağızları üçün fond
birjasının kotirovkasına əsasən
müəyyənləşdirilir, bu şərtlə ki, kotirovkalar
yuxarıda göstərilən qaydaya uyğun elan edilsin.
14.5. Bazar qiyməti
müəyyənləşdirilərkən bu Məcəllənin 18-ci maddəsi
ilə müəyyən edilən qarşılıqlı surətdə asılı olan
şəxslər arasındakı əməliyyat yalnız o halda
nəzərə alına bilər ki, onların münasibətləri
həmin əməliyyatın nəticəsinə təsir göstərməmiş
olsun.
14.6. Bu Məcəllənin 14.4 və 14.5-ci
maddələrinin müddəalarını tətbiq etmək mümkün
olmadıqda, malın (işin, xidmətin) bazar qiyməti bu
maddənin tələblərinə uyğun olaraq müəyyən
edilir. Bu zaman malın (işin, xidmətin)
istehsalına və (və ya) təqdim edilməsinə çəkilən
adi məsrəflər (alınma qiyməti və ya qalıq dəyəri),
nəqletmə, saxlanma, sığorta və digər bu cür
məsrəflər, həmçinin adətən qarşılıqlı surətdə
bağlı olmayan şəxslər arasında əməliyyatlar
zamanı tələb və təkliflər amilinə əsasən əlavə
yığım və güzəştlər nəzərə alınır. Bu güzəştlər
malın keyfiyyətinin və ya digər istehlak
xüsusiyyətlərinin itdiyi, yaxud yararlılıq
müddətinin bitdiyi (bitməyə yaxınlaşdığı) və
başqa bu cür hallarda da nəzərə alınır.
14.6.1. Malların (işlərin, xidmətlərin)
bazar qiymətləri müəyyənləşdirilərkən
qiymətlərə təsir edə bilən aşağıdakı amillər
nəzərə alınır:
14.6.1.1. göndərilmiş malların (görülmüş
işlərin, göstərilmiş xidmətlərin) həcmi (əmtəə
partiyasının həcmi);
14.6.1.2. öhdəliklərin icra olunması
müddəti, ödəniş şərtləri;
14.6.1.3. mallara (işlərə, xidmətlərə)
tələb və təklifin dəyişməsi, (o cümlədən
istehlakçı tələbinin mövsümi olaraq
artıb-azalması);
14.6.1.4. malların mənşə ölkəsi, alındığı
və ya təqdim edildiyi yer;
14.6.1.5. malların (işlərin, xidmətlərin)
göndərilmə şərtləri;
14.6.1.6. malların keyfiyyətinin və digər
istehlak göstəricilərinin səviyyəsi;
14.6.1.7. marketinq siyasətinin
aparılması ilə əlaqədar olaraq analoqu olmayan
yeni malların (işlərin, xidmətlərin) bazara
çıxarılması, yaxud malların (işlərin,
xidmətlərin) yeni bazara çıxarılması,
istehlakçıların tanış olması məqsədilə əmtəə
nümunələrinin təqdim edilməsi;
14.6.1.8. işlərin görülməsi, xidmətlərin
göstərilməsi, o cümlədən təmir, tikinti,
quraşdırma işləri, nəqliyyat, icarə, təhsil, tibb
xidmətləri və digər sahələr üzrə bazar
qiymətləri müəyyənləşdirilərkən işlərin
görüldüyü, xidmətlərin göstərildiyi ərazi,
onların keyfiyyət göstəriciləri və qiymətlərə
təsir edə bilən digər şərtlər nəzərə alınır.
14.6.2. Malların (işlərin, xidmətlərin)
keyfiyyəti ilə əlaqədar qiymətlər bazar
qiymətlərindən aşağı səviyyədə
müəyyənləşdirilərkən keyfiyyətin səviyyəsi
səlahiyyətli şəxs tərəfindən təsdiq
olunmalıdır.
14.6.3. Eyni xüsusiyyətli və ya eyni
cinsli mallarla (işlərlə, xidmətlərlə) müvafiq
əmtəə (iş, xidmət) bazarında heç bir əməliyyat
aparılmadıqda, rəsmi və açıq mənbələrdən bu
malların (işlərin, xidmətlərin) bazar qiymətləri
haqqında məlumat toplamaq mümkün olmadıqda,
aşağıdakı qiymətləndirmə üsullarından istifadə
edilə bilər:
14.6.3.1. Sonrakı (təkrar) satış qiymətinə
əsasən. Malların (işlərin, xidmətlərin) bazar
qiyməti həmin malların (işlərin, xidmətlərin)
sonrakı (təkrar) satış qiymətinə əsasən müəyyən
olunur. Bazar qiyməti sonrakı satış qiymətindən
tətbiq olunmuş əlavələr çıxılmaqla
müəyyənləşdirilir.
14.6.3.2. Dəyərin toplanması üsuluna
əsasən. Bazar qiymətləri malları (işləri,
xidmətləri) təqdim edənin əsaslandırılmış
xərclərini və mənfəətini toplamaqla hesablanır.
14.6.3.3. Malların (işlərin, xidmətlərin)
bazar qiymətlərini bu maddədə göstərilən
üsullardan biri ilə müəyyənləşdirmək mümkün
olmadıqda, bazar qiymətləri müqavilə əsasında
cəlb edilmiş ekspert tərəfindən
müəyyənləşdirilir.
14.6.4. Müəyyənləşdirilmiş bazar
qiymətlərindən ancaq vergitutma məqsədləri üçün
istifadə edilir və mallar (işlər, xidmətlər)
qanunvericilikdə nəzərdə tutulmuş qaydada
faktiki satış qiyməti ilə uçota alınır.
14.6.5. Alınmış malların (işlərin,
xidmətlərin) alış qiyməti bazar qiymətlərindən 30
faizdən çox yuxarıdırsa və onların dəyəri
gəlirdən çıxılan xərclərə aid edilibsə,
aşağıdakı hallarda həmin malların (işlərin,
xidmətlərin) dəyəri gəlirdən çıxılan xərclərə
bazar qiymətləri ilə aid edilir və vergilər
yenidən hesablanır:
14.6.5.1. alınmış malların (işlərin,
xidmətlərin) faktiki alış dəyərinin əsassız
artırılması aşkar edildiyi halda;
14.6.5.2. malgöndərəni (iş görəni, xidmət
göstərəni) müəyyənləşdirmək mümkün olmadıqda.
14.6.6. Vergi ödəyicilərinin təqdim
olunan mallara (işlərə, xidmətlərə) tətbiq
etdikləri qiymətlərin səviyyəsi bu Məcəlləyə
əsasən müəyyənləşdirilən bazar qiymətlərindən 30
faizdən çox aşağı olduqda, vergilər bazar
qiymətləri əsasında, yuxarı olduqda isə faktiki
təqdimolunma qiymətləri ilə hesablanır.
14.7. Hər bir tərəfin mal (iş, xidmət)
göndərməsi və əvəzinə digər mal (iş, xidmət)
almasına uyğun olan əməliyyatların məcmusu mal
(iş, xidmət) mübadiləsi əməliyyatını təşkil edir.
Həmin əməliyyatların gedişində verilən (alınan)
malların (işlərin, xidmətlərin) bazar qiymətləri
bu maddənin müddəalarına uyğun olaraq müəyyən
edilir.
14.8. Vergi ödəyicisinin dövlət vergi
orqanına bu və ya digər əməliyyatda malın (işin,
xidmətin) bazar qiymətinin bu maddədə
göstərildiyindən fərqli qaydada
müəyyənləşdirilməsi barədə sübutlar vermək
hüququ vardır.
14.9. Malın (işin, xidmətin) bazar qiyməti
müəyyənləşdirilərkən və təsbit olunarkən malın
(işin, xidmətin) bazar qiymətləri və birja
kotirovkaları haqqında rəsmi məlumat
mənbələrindən, dövlət və yerli hakimiyyət
orqanlarının məlumat bazalarından, vergi
ödəyicilərinin dövlət vergi orqanlarına
verdikləri məlumatdan, yaxud reklam
mənbələrinin məlumatından və digər müvafiq
məlumatlardan istifadə edilir.
14.10. Qiymətləri müvafiq icra
hakimiyyəti orqanı tərəfindən tənzimlənən
mallar (işlər, xidmətlər) təqdim olunarkan (ixrac
istisna olmaqla) və alınarkan vergitutma
məqsədləri üçün müvafiq icra hakimiyyəti orqanı
tərəfindən müəyyənləşdirilən qiymətlər əsas
götürülür
|