22.01.2009

Mətbuat konfransı haqqında

22 yanvar 2009-cu il tarixdə Vergilər Nazirliyinin Mərkəzi Aparatında kommersiya hüquqi şəxslərin «1 pəncərə» prinsipi ilə dövlət qeydiyyatının tətbiqinin 1 illiyi, 195 saylı pulsuz telefon xidmətinin 5 illiyi və elektron kitabxananın tətbiqinə həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
Tədbirin açılışında Vergilər nazirinin mətbuat katibi Fariz Səmədov 2008-ci ilin bütövlükdə ölkə iqtisadiyyatı, o cümlədən vergi sistemi üçün uğurlu il olduğunu bildirmişdir. Ötən il vergi daxilolmaları üzrə proqnozun artıqlaması ilə icra edildiyini, vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində bir sıra uğurlar əldə olunduğunu xatırladan mətbuat katibi elektron bəyannamələrin tətbiqinin genişləndirildiyini, kommersiya hüquqi şəxslərin «1 pəncərə» prinsipi ilə dövlət qeydiyyatına alınmasına başlandığını vurğulamışdır.
Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fətizadə “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 25 oktyabr 2007-ci il tarixli sərəncamı ilə Vergilər Nazirliyinin sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin «bir pəncərə» prinsipi üzrə vahid dövlət qeydiyyatı orqanı və bu prinsiplə qeydiyyatın tətbiqinin başlanğıc tarixinin 2008-ci il yanvarın 1-i müəyyən edildiyini xatırlatmışdır. Bildirmişdir ki, 2008-ci ildən başlayaraq, Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti subyektlərinin qeydiyyatının “bir pəncərə” prinsipi üzrə təşkili təmin edilmişdir. Həmin vaxtdan qeydiyyat prosedurlarının (biznesə başlama) sayı 13-dən 5-dək, sərf edilən müddət isə 53 gündən 7 günədək, o cümlədən sırf qeydiyyatın aparılmasına sərf edilən müddət 3 günədək azaldılmışdır. Baş idarə rəisinin sözlərinə görə, “Bir pəncərə” prinsipi ilə qeydiyyat işlərinin yerinə yetirilməsinə nəzarət təşkil edilmiş, digər qeydiyyat qurumlarına məlumatların ötürülməsi, kommersiya qurumlarının dövlət qeydiyyatı məlumatları üzrə hesabatların KİV-də dərci və Vergilər Nazirliyinin internet saytında yerləşdirilməsi təmin olunmuşdur.
Z.Fətizadə bildirmişdir ki, qeydiyyat məlumatları mərkəzləşdirilmiş şəkildə Dövlət Sosial Müdafiə Fonduna, Dövlət Statistika Komitəsinə və Dövlət Gömrük Komitəsinə ötürülür. Bu məqsədlə həmin təşkilatların hər biri ilə müvafiq razılaşmalar imzalanmışdır. Həmçinin 2008-ci ildə baytarlıq fəaliyyəti və sürücülük kurslarının təşkili fəaliyyəti üzrə qeydə alınmiş sahibkarlıq subyektləri barədə məlumatlar müvafiq dövlət qurumlarına təqdim edilmişdir. İqtisadi İnkişaf Nazirliyi ilə əməkdaşlıq haqqında razılaşma imzalanmış və 2008-ci ilin dekabr ayından etibarən sahibkarlıq subyektlərinə nəzarət kitabçaları “bir pəncərə” vasitəsilə təqdim olunur.
Baş İdarə rəisi bildirmişdir ki, 2008-ci ilin əvvəlində “bir pəncərə” prinsipi ilə qeydiyyatın aparılması ilə əlaqədar normativ sənədlərin hazırlanması işləri aparılmış, müvafiq qaydalar, metodiki göstərişlər, ərizə və digər sənəd formaları təsdiq edilmişdir. “Kommersiya hüquqi şəxslərin dövlət reyestrinin aparılması, istifadəsi və mühafizəsi Qaydaları”nın və “Kommersiya hüquqi şəxslərin dövlət reyestr kitabı”nın təsdiq edilməsi haqqında” qərar layihəsi hazırlanmış və bu təkliflərə əsasən Nazirlər Kabinetinin qərarı ilə müvafiq dəyişikliklər təsdiq olunmuşdur.
Z.Fətizadə kommersiya hüquqi şəxslərin «1 pəncərə» prinsipi ilə dövlət qeydiyyatına dair statistik məlumatları açıqlamış, 2008-ci il ərzində qeydə alınmış kommersiya hüquqi şəxslərin sayının 6471 təşkil etdiyini və 2007-ci ildə vergi uçotuna alınmış kommersiya hüquqi şəxslərlə müqayisədə 1453 şəxs artdığını diqqətə çatdırmışdır. Ümumiyyətlə, il ərzində qeydə alınmış sahibkarlıq subyektlərinin sayı 44272 olmuşdur.
“Bir pəncərə” prinsipi ilə qeydiyyata alınan kommersiya hüquqi şəxslərin təxminən 63 faizinin paytaxtın payına düşdüyünü vurğulayan Bakı Şəhər Vergilər Departamentinin Kommersiya İdarəsinin rəisi Nigar Alimova İdarənin funksional fəaliyyəti barədə ətraflı məlumat vermişdir. N.Alimova Qeydiyyat İdarəsinin qısa müddətdə peşəkar kadrlarla komplektləşdirildiyini bildirmişdir. O, İdarədə həm kommersiya hüquqi şəxslərin operativ şəkildə qeydiyyata alınması, həm qeydiyyat üçün qanunvericiliklə tələb olunan sənədlər barədə məlumatlandırılması, həm də onları maraqlandıran bütün sualların cavablandırılması üçün şərait yaradıldığını diqqətə çatdırmışdır.
195 saylı telefon məlumat xidmətinin 2003-cü ilin dekabr ayından fəaliyyət göstərdiyini xatırladan Vergi ödəyicilərinə xidmət idarəsinin rəisi Elçin Məmmədov burada başlıca məqsədin vergi ödəyicilərinin müraciətlərinin müasir tələblərə uyğun cavablandırılması, vergi orqanına gəlmədən vergi qanunvericiliyinə dair düzgün və operativ informasiya almalarından ibarət olduğunu diqqətə çatdırıb. İdarə rəisi 2006-cı ilin may ayından etibarən bu xidmətin respublikanın bütün bölgələrini əhatə etdiyini vurğulayıb. E.Məmmədovun sözlərinə görə, 2008-ci ildən vergi ödəyicilərinin “bir pəncərə” prinsipi ilə əlaqədar suallarının cavablandırılması, vergi borcunun öyrənilməsi, vergi hüquqpozmaları barədə şikayət və məlumatların qəbulu, operativ baxılması üçün araşdırmaya yönəldilməsi üçün yeni xidmət menyuları da açılmışdır.
Telefon məlumat xidmətinin canlı və avtomatik rejimlərdə fasiləsiz olaraq fəaliyyət göstərdiyini xatırladan İdarə rəisi, avtomatik rejimin iş vaxtından sonrakı saatlarda və qeyri-iş günlərində, canlı rejimin isə iş günlərində saat 9.00-dan 18.00-dək çalışdığını vurğulamışdır.
E.Məmmədov bildirmişdir ki, 2008-ci il ərzində telefon xidmətinə ümumilikdə 319.439 müraciət daxil olmuşdur. Bulardan 251.995-i operator (Azərbaycan, rus və ingilis dillərində), 67.444-ü isə birbaşa mütəxəssislər tərəfindən cavablandırılmışdır. İdarə rəisinin sözlərinə görə, ötən il ərzində Telefon Mərkəzinə 141 şikayət daxil olmuş və operativ qaydada araşdırılaraq, nəticəsi barədə şikayətçilərə məlumat verilmişdir.
Vergi sistemində tətbiq olunan digər yenilik - bu il yanvarın 1-dən fəaliyyətə başlayan elektron kitabxana haqda məlumat verən F.Səmədov kitabxanaya vergi sahəsinə dair məlumatların, xarici ölkələrdə vergi sahəsində həyata keçirilən islahatlar və beynəxalq təcrübəyə dair təhlil materiallarının daxil edildiyini bildirmişdir. Qeyd etmişdir ki, E-kitabxanada materiallar Azərbaycan, ingilis və rus dillərindədir. Hələlik elektron kitabxanadan yalnız vergi xidməti əməkdaşları istifadə edə bilirlər. Lakin F.Səmədovun sözlərinə görə, vergi ödəyiciləri və digər şəxslər üçün də istifadə imkanlarının yaradılması planlaşdırılır. Tədbirdə vurğulanmışdır ki, elektron kitabxana distant təhsilin tərkib hissəsidir və beynəlxalq təcrübənin öyrənilməsi zamanı materialların internetdə uzun müddət axtarılmasına sərf olunan vaxta qənaət imkanı verir.
Tədbirin sonunda jurnalistləri maraqlandıran suallar cavablandırılmışdır.



geriyə || yuxarı