19.01.2009

20 yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi haqqında

Yanvarın 19-da Vergilər Nazirliyində 20 yanvar faciəsinin 19-cu ildönümünə həsr olunmuş anma mərasimi keçirilmişdir. Şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad etdikdən sonra tədbirdə çıxış edən vergilər naziri Fazil Məmmədov bildirmişdir ki, 1990-cı ilin qanlı yanvar günləri insanlığa qarşı törədilmiş ən ağır cinayətlərdən biri kimi bəşər tarixinə qara səhifələrlə düşmüşdür. İllər keçsə də, Azərbaycan xalqı bu qanlı faciəni unutmamış, həmin müdhiş gecədə həlak olan vətən övladlarının xatirəsini bu gün də yad etməkdədir. Vergilər naziri bildirmişdir ki, 20 yanvar şəhidləri Azərbaycanın yeni tarixinə parlaq səhifə yazmış, bu gün tarixiə milli azadlıq, dövlət müstəqilliyi uğrunda mübarizənin zirvəsi və xalqın qəhrəmanlıq salnaməsi kimi daxil olmuşdur.
Fazil Məmmədov o zamankı respublika rəhbərliyinin həm hadisələr vaxtı, həm də həmin qanlı aksiyanın baş verməsindən sonrakı dövrdə fəaliyyətsizliyinə toxunmuş, informasiya blokadasına düşmüş xalqımızın haqq səsini dünyaya ilk çatdıranlardan birinin ümummilli lider Heydər Əliyev olduğunu bildirmişdir. Nazir qeyd etmişdir ki, o ağır günlərdə faciə ətrafında xəyanət sükutunu ilk yaran Heydər Əliyev olmuş, məhz ümummilli lider ilk olaraq sovet rəhbərliyinin Azərbaycan xalqına qarşı etdiyi bu zorakılığı pisləmiş, bunu bütöv bir xalqa qarşı həyata keçirilmiş qəsbkarlıq və cinayətkar hərəkət adlandırmış, təcavüzə cəsarətlə kəskin etirazını bildirmişdi. Nazir vurğulamışdır ki, 20 yanvar hadisələrinə siyasi-hüquqi qiymət də məhz Azərbaycan xalqının böyük oğlu Heydər Əliyevin yenidən siyasi hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Mərasimdə çıxış edənlər 20 yanvar hadisələrinin baş vermə səbəblərinə toxunmuş, Azərbaycan torpaqlarının erməni qəsbkarları tərəfindən ilhaq olunmasına qarşı xalqın etiraz dalğasının yaranması, bu prosesin tədricən milli müstəqillik uğrunda mübarizəyə çevrilməsi, həmin dövrdə ölkədə yaranmış siyasi gərginlik və bu zaman siyasi hakimiyyətin yarıtmaz fəaliyyət göstərməsi haqqında danışmışlar.
Tarixçi alim Kərim Şükürov 20 yanvar hadisələri ilə bağlı aparılan araşdırmalardan danışmış, bu qırğının planlaşdırılması, həlak olan insanların bilərəkdən və xüsusilə qəddarlıqla öldürülməsi barədə faktların sübut olunduğunu qeyd etmişdir. Kərim Şükürov 20 yanvar hadisələrinin tarixçi alimlər tərəfindən geniş tədqiq edildiyini bildirmiş, bu tədqiqatlar sırasında xüsusilə ümummilli lider Heydər Əliyevin həmin hadisələrə verdiyi diqqəti, bu dahi şəxsiyyətin həmin faciənin öz siyasi-hüquqi qiymətini almasında oynadığı rolu qeyd etmişdir.
Mərasimdə yekun sözlə çıxış edən vergilər naziri Fazil Məmmədov bildirmişdir ki, bu gün Azərbaycan dövləti bu hadisənin qurbanlarını, şəhid ailələrini unutmamışdır. Dövlətimizin başçısı, möhtərəm Prezidentimiz İlham Əliyev şəhid ailələrinin dövlət qayğısı ilə əhatə olunmasını daim diqqətdə saxlayır, onların ehtiyaclarının ödənməsi, sosial problemlərinin həll olunması üçün müntəzəm olaraq qərarlar qəbul edir. Qeyd edilmişdir ki, şəhid adlarının əbədiləşdirilməsi, şəhid ailələri üçün müavinətlərın müntəzəm artırılması dövlətimizin başçısının şəhid ailələrinə olan qayğısının nümunəsidir.
Nazir vurğulamışdır ki, 20 yanvar tariximizin qanlı və qəhrəmanlıqla dolu bir səhifəsidir və xalqımız bu tarixi heç zaman unutmayacaqdır.



geriyə || yuxarı