12.01.2009
Vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində görülmüş işlər barədə
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə Vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq 2008-ci il ərzində də vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işləri davam etdirmişdir.
2008-ci il ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 191 cinayət işi başlanmışdır. Bu işlərdən 17-si bilavasitə Departamentə daxil olmuş əməliyyat məlumatları ilə bağlı toplanmış materiallar üzrə olmuşdur.
İbtidai istintaqı tamamlanmış 118 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 53 iş, qanunsuz sahibkarlığa görə 7 iş, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 5 iş və özgənin əmlakını mənimsəməyə görə 1 iş, cəmi 75 nəfər barəsində 66 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 36 cinayət işinə xitam verilmişdir.
İstintaqı tamamlanmış cinayət işləri və bəraetverici əsaslar olmadan cinayət işi başlanması rədd edilmiş üzrə materiallar üzrə 16 milyon 802 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Bu da 2007-ci illə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 9 milyon 84 min manat və ya 2,2 dəfə çoxdur.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 41 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər əsasında 122 şəxs haqqında araşdırmalar aparılaraq materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilmişdir.
Cinayət işləri üzrə qəbul edilmiş qərarlara əsasən istintaqdan yayınan 129 şəxsin məcburi qaydada gətirilməsi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 27 şəxsin tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilməsi təmin edilmişdir. Bundan əlavə, 360 şəxsin yeri müəyyən olunaraq istintaqa təqdim edilmişdir.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 62 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.
geriyə || yuxarı |