22.01.2008

Vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində görülmüş işlər barədə

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə Vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq 2007-ci il ərzində də vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işləri davam etdirmişdir.
Ötən il ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə Departamentdə 185 cinayət işi başlanmışdır. İbtidai istintaqı tamamlanmış cinayət işlərindən vergiləri ödəməkdən yayınmalarına görə 88 iş, qanunsuz sahibkarlıq fəaliyyətinə görə 5 iş, aksiz markası ilə markalanmamış malların satılmasına görə 3 iş olmaqla ümumilikdə 117 nəfər barəsində 96 cinayət işi baxılması üçün aidiyyəti məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə  görə barələrində olan 21 cinayət işinə xitam verilmişdir.
İstintaqı tamamlanmış cinayət işləri üzrə vurulmuş ziyandan 7 milyon 718 min manat məbləğində vəsaitin ibtidai istintaq zamanı dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Bu göstərici 2006-cı illə müqayisədə 6 milyon 289 min manat və ya 5,4 dəfə yüksəkdir.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 38 şəxs barəsində həbs qətimkan tədbiri seçilmişdir.
Hazırda Departamentdə bir sıra çoxepizodlu və məzmunça mürəkkəb olan cinayət işləri üzrə küllü miqdarda vergiləri ödəməkdən yayınma və digər faktlarla bağlı ibtidai istintaq davam etdirilir.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər üzrə aparılmış araşdırmalar nəticəsində vergidən yayınma, qanunsuz sahibkarlıq və digər faklarla baglı 53 ayrı-ayrı huquqi və fiziki şəxslər barəsində toplanmış materiallar vergi qanunvericiliyinə uygun olaraq tədbirlər görülməsi üçün müvafiq vergi orqanlarına göndərilmişdir. Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 52 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim edilmişdir.
Cinayət işləri üzrə verilmiş istintaq və əməliyyat tapşırıqları üzrə müvafiq əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və vergi cinayətlətri törətdiklərinə görə barələrində axtarış elan edilmiş 41 şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilmişdir. Xarici ölkələrdə həbsdə olan 2 şəxsin respublikamıza ekstradasiya olunması barədə məsələ qaldırılmış, əvvəlki illərdə istintaqı təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxs müəyyən olunmadığına görə dayandırılmış cinayət işləri üzrə 4 şəxsin müəyyən edilərək məsuliyyətə cəlb edilməsi təmin olunmuşdur. Bununla yanaşı, cinayət işləri üzrə istintaqdan yayınan 99 şəxsin məcburi qaydada gətirilməsi təmin olunmuş və 261 şəxsin yeri müəyyən olunaraq istintaqa məlumat verilmişdir.
Vergi hüquqpozmalarına qarşı yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.

 

geriyə || yuxarı