16.01.2008
195 saylı telefon məlumat xidməti haqqında
195 saylı telefon məlumat xidməti vergi ödəyiciləri ilə operativ ünsiyyət baxımından çox faydalı və mütərəqqi bir xidmət növü olaraq qalır. Statistika göstərir ki, müraciətlərin operativ cavablandırılması üçün yaradılan bu məlumat xidmətindən istifadə edənlərin sayı durmadan artır.
Belə ki, əgər 2006-cı ildə telefon məlumat xidmətinə 187091 müraciət edilmişdirsə, 2007-ci ildə bu rəqəm 226845-ə çatmışdır. Bunlardan 61578 sorğu canlı olaraq mütəxəssislər tərəfindən, 165267-i isə elektron operator tərəfindən cavablandırılmışdır.
Sorğuların təhlili göstərir ki, canlı əlaqə zamanı vergi ödəyicilərini daha çox ayrı-ayrı vergilərin ödənilməsi ilə əlaqədar hesablamaların aparılması, həmçinin hesabatların təqdim edilməsi ilə bağlı məsələlər maraqlandırır. Suallar arasında vergi ödəyicilərinin uçotu, nəzarət-kassa aparatları, sanksiyalar barədə suallar da çoxluq təşkil edir.
Qeyd etmək lazımdır ki, 195 saylı telefon məlumat xidməti təkcə sorğuların cavablandırılmasını deyil, vergi qanunvericiliyinin pozulması və vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətləri barədə vergi ödəyicilərinin şikayətlərinin qəbul edilməsini də təmin edir.
geriyə || yuxarı
|