15.01.2008

“Bir pəncərə” prinsipi üzrə vahid dövlət qeyqiyyatı ilə bağlı keçirilmiş təqdimat mərasimi haqqında

Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsi, biznes mühitinin əlverişliliyinin daha da artırılması və biznesə başlama prosedurlarının sadələşdirilməsi məqsədilə  “Azərbaycan Respublikasında sahibkarlığın inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” 2007-ci il 30 aprel tarixində Fərman imzalamışdır. Dövlət başçısının 25 oktyabr 2007-ci il tarixli “Sahibkarlıq fəaliyyəti subyektlərinin fəaliyyətinin “bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi haqqında” Sərəncamı ilə sahibkarlıq fəaliyyəti subyektlərinin vahid dövlət qeydiyyatı orqanı kimi Azərbaycan Respublikası Vergilər Nazirliyi müəyyən edilmişdir.
Bununla əlaqədar, yanvar ayının 15-də Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində müvafiq icra strukturlarının, Azərbaycan Respublikasında akkreditə olunmuş diplomatik korpusun, beynəlxalq təşkilatların və maliyyə qurumlarının, xarici şirkətlərin nümayəndələri, iş adamları üçün təqdimat mərasimi keçirilmişdir.
Tədbir iştirakçılarını salamlayan vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədov bildirmişdir ki, ölkə iqtisadiyyatı, xüsusilə də sahibkarlıq mühitinin formalaşdırılması üçün böyük əhəmiyyət daşıyan “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatının Vergilər Nazirliyinə həvalə edilməsi dövlət başçısının vergi orqanlarına böyük etimadının göstəricisi olmaqla yanaşı, həm də vergi xidməti əməkdaşlarının üzərinə böyük məsuliyyət qoymuşdur. Odur ki, ötən müddət ərzində hökumət tərəfindən həm qanunvericilik bazasının təkmilləşdirilməsi, həm də dövlət qeydiyyatının texniki təminatı sahəsində intensiv şəkildə çox böyük işlər görülmüşdür. İndi hər bir sahibkar Vergilər Nazirliyinin müvafiq strukturuna müraciət etməklə, ancaq qanunvericiliyin tələb etdiyi zəruri sənədləri təqdim etməklə cəmi 3 gün ərzində dövlət qeydiyyatına alınır. Bu zaman qeydiyyat müddəti 20 dəfədən çox, prosedur qaydaları 3 dəfə azaldılmışdır. Vergilər naziri sahibkarların heç bir bürokratik əngəllə qarşılaşmadığını xüsusi vurğulamışdır.
Tədbirdə çıxış edən Beynəlxalq Maliyyə Korporasiyasının (BMK) MDB üzrə biznes mühitinin təkmilləşdirilməsi layihəsinin əməliyyat rəhbəri Dina Nikolas «bir pəncərə» prinsipi ilə qeydiyyatın aparılmasını mütərəqqi dünya təcrübəsi kimi qiymətləndirdiklərini, bunun Azərbaycanda tətbiqinin biznes mühitinin yaxşılaşdırılmasına yönəli mühüm addım olduğunu bildirmişdir. D.Nikolas qeyd etmişdir ki, «bir pəncərə» prinsipi ilə qeydiyyatın başlanması Azərbaycanın təkcə regionda deyil, bütün dünya miqyasında bu sahədə öndə gedən ölkələrdən birinə çevrilməsinə gətirəcəkdir. BMK nümayəndəsi əmin olduğunu bildirmişdir ki, «bir pəncərə» prinsipinin tətbiqi  Azərbaycanda iqtisadi inkişafın doğurduğu zərurətdən irəli gəlmişdir və bu, ölkədə işgüzar fəallığın artmasına, xüsusilə də kiçik şirkətlərin geniş təşəkkül tapmasına kömək edəcəkdir.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Ələkbər Məmmədov da öz çıxışında “bir pəncərə” prinsipi ilə dövlət qeydiyyatının üstünlüklərindən danışmış, bu prosesin ölkədə sahibkarlığın inkişafının sürətləndirilməsinə təkan verəcəyinə əmin olduğunu vurğulamışdır.
Vergilər Nazirliyinin Vergi siyasəti və strateji araşdırmalar Baş İdarəsinin rəisi Mirdaməd Sadıqov “bir pəncərə” sisteminin təqdimatını keçirmiş və qeydiyyat prosedurları barədə ətraflı məlumat vermişdir. Sonra təqdimat iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
Təqdimat mərasimindən sonra F.Məmmədovun KİV nümayəndələri üçün mətbuat konfransı təşkil olunmuşdur.

Fotolarda

geriyə || yuxarı