26.09.2008
Keçirilmiş əməliyyat tədbiri haqqında
19 sentyabr 2008-ci il tarixdə Bakı şəhəri, Maştağa qəsəbəsi Axund Şeyx Hüseyn küçəsi 69 saylı evdə yaşayan Emil Abdullayev Bakı şəhəri Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Bölməsinə və Bakı Şəhər Vergilər Departamentinə müraciət edərək tanımadığı 3 nəfər şəxsin qəsəbə ərazisində yerləşən fərdi sahibkar kimi işlətdiyi mağazaya gələrək özlərini vergi müfəttişi kimi təqdim edib kassa əməliiyatları zamanı çek vurmadığı üçün cərimə yazacağını deyərək, ondan 100 manat pul aldıqlarını bildirmişdir.
Sabunçu Rayon Polis Idarəsi 14-cü Polis Bölməsi və Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti əməkdaşlarının birgə keçirdikləri əməliyyat nəticəsində özbaşına özünü vergi müfəttişi kimi təqdim edərək fiziki şəxslərin hüquqlarının pozulmasına yol vermiş Yəhyəyev Anar Qüdrət oğlu, Manafov Ramil Əyyub oğlu və Rzayev Əflatun Mirxas oğlu müəyyənləşdirilərək barələrində toplanmış material tədbir görülməsi üçün Sabunçu rayon prokurorluğuna göndərilmişdir.
Faktla bağlı 20 sentyabr 2008-ci il tarixdə Bakı şəhəri Sabunçu Rayon Prokurorluğu tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə cinayət işi başlanılmışdır.
İstintaqla müəyyən edilmişdir ki, Bakı şəhər sakini, hazırda Binəqədi rayon məhkəməsinin icraatında olan cinayət işi üzrə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1 (rəsmi sənədləri saxtalaşdırma), 178.2.3., 178.2.4 (öz qulluq mövqeyindən sui-istifadə etməklə və külli miqdarda dələduzluq) maddələri ilə təqsirləndirilən Yəhyəyev Anar Qüdrət oğlu qohumu Əflatun Rzayev və tanışı Ramil Manafovla cinayət əlaqəsinə girib vəzifəli şəxsin səlahiyyətlərini mənimsəyərək 2008-ci ilin yanvar-sentyabr aylarında Bakı şəhərinin Xətai, Binəqədi, Səbail, Nərimanov, Sabunçu rayonlarında müxtəlif ünvanlarda yerləşən mağazalara daxil olub özlərini verği müfəttişi kiimi təqdim edərək, satıcılar çek vurmadığı halda onları cərimə edəcəklərini bildirməklə mağaza sahiblərindən pul alıb öz aralarında bölüşdürmüşlər. Müəyyən edilmişdir ki, dəstə üzvləri mağaza sahibləri pul verməkdən imtina etdikdə saxtalaşdırılmış inzibati tənbehetmə haqqında qərar blanklarından istifadə etməklə onları cərimə edəcəkləri ilə hədələyərək məqsədlərinə nail olmuşlar.
Dəstə üzvlərinin cinayət törətmək üçün istifadə etdikləri Yəhyaev Anar Qüdrət oğluna məxsus və onun etibarnamə ilə idarə etdiyi “Mersedes-Bens” markalı AZ 10 UF 174 nömrə nişanlı avtomaşına baxış keçirilərkən qara qovluğun içərisində 126 manat (AZN), 900 ABŞ dolları, İnzibati Xətalar Məcəlləsi, 18 ədəd VN seriyalı 173385 nömrəli izibati tənbehetmə haqqında saxtalaşdırılmış qərar, üzərində verği ödəyicisinin fərdi identifikasiya nömrələri olan və fiziki şəxslər Əlisəfa Ağayevə, Fizuli Nəbiyevə, R.Cəfərovaya məxsus müxtəlif tarixli nəzarət kassa aparatının çekləri aşkar edilərək götürülüb prossessul qaydada qablaşdırılmışdır.
Törətdiyi cinayət əməllərinə görə Yəhyəyev Anar Qüdrət oğlu, Manafov Ramil Əyyub oğlu və Rzayev Əflatun Mirxas oğlu özbaşına özünün vəzifəli şəxs kimi təqdim edilməsi və ya vəzifə səlahiyyətlərinin mənimsənilməsi ilə əlaqədar fiziki və ya hüquqi şəxslərin hüquqlarının və qanuni mənafelərinin əhəmiyyətli dərəcədə pozulmasına səbəb olan hərəkətlər etməyə görə cinayət məsuliyyəti nəzərdə tutan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 310-cu maddəsi ilə 22 sentyabr 2008-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
Hazirda əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.
geriyə || yuxarı
|