28.09.2007
Vergi borcu ilə əlaqədar keçirilmiş hərrac haqqında
Sentyabrın 28-də Daşınar və Daşınmaz Əmlakın Satışı üzrə Hərrac Mərkəzində vergi borcu olan vergi ödəyicilərinin müsadirə olunan əmlaklarının açıq hərracda satışı təşkil edilib. Əmlakları satışa çıxarılan vergi ödəyicilərindən 10-u hüquqi, 1-i isə fiziki şəxs olub. Onlardan 3-ü Bakı şəhərində, digərləri isə respublikanın müxtəlif bölgələrində fəaliyyət göstərirlər.
Qeyd edək ki, Vergi Məcəlləsinə əsasən, vergi öhdəliyi müəyyən edilmiş müddətdə yerinə yetirilməsə, ödənilməmiş vergilərin, hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının təmin edilməsi üçün əmlaklar siyahıya alına bilər. Siyahıya alınma prosesi bitdikdən sonra vergi ödəyicisi 30 gün ərzində borcunu ödəməzsə, həmin əmlakın ixtisaslaşdırılmış açıq hərracda satılması barədə məhkəmə qarşısında iddia qaldırılır.
Öz növbəsində məhkəmə Mülki-Prosessual Məcəlləyə əsaslanaraq 3 ay ərzində siyahıya alınmış əmlakın ixtisaslaşdırılmış açıq hərracda - Respublika Əmtəə Birjasının Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzində satılması barədə müvafiq Qətnamə çıxarır. Həmin Qətnamə icra edilməsi üçün məhkəmə nəzarətçiləri və məhkəmə icraçılarına göndərilir, icra sənədinin alındığı vaxtdan 3 gün müddətində icraata başlanılması haqqında qərar qəbul edilir. Bu qərarda icra sənədində göstərilmiş tələblərin könüllü icrası üçün vergi ödəyicisinə 5 gün vaxt verilir və məhkəmə icraçısı tərəfindən bununla bağlı bildiriş göndərilir. Əgər vergi ödəyicisi yenə də vergi borcunu ödəməsə, yaxud ödəməkdən boyun qaçırarsa, məhkəmə icraçısı borclunun əmlakı üzərinə həbs qoyur və hərracda satılması məqsədilə həmin əmlakın qiymətləndirilməsi üçün qiymətləndirici dəvət edir. Əmlak qiymətləndirildikdən sonra məhkəmə icraçısı birjaya sifariş verir. Bundan sonrakı mərhələdə birjanın ixtisaslaşdırılmış təşkilatları tərəfindən hərracın keçiriləcəyi tarixə ən azı 30 gün, yararlılıq müddəti başa çatmaqda və ya qida məhsulu olan əmlak satıldlqda isə ən azı 7 gün qalmış kütləvi informasiya vasitələrində ilkin qiymətlər göstərilməklə elan və qısa məlumatlar verilir. Elanda əmlakın beh qiyməti, hərracın keçirildiyi yer və satışdan əldə olunan vəsaitin köçürüləcəyi bank rekvizitləri və s. məlumatlar da əks olunur. Qeyd edək ki, Vergi Məcəlləsinin 90.3.5.5. maddəsinə görə, behin məbləği daşınmaz əmlakın ilkin satış qiymətinin 5 faizi, daşınar əmlakın ilkin satış qiymətinin 10 faizi həcmində müəyyən edilir.
Hərrac bitdikdən sonra əmlakın satışından əldə edilən məbləğ əvvəlcə tənbeh tədbirinin yönəldilməsi və əmlakın satışı üzrə xərclərin, sonra isə hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsinə yönəldilir. Bundan sonra vəsaitin qalan hissəsi vergi ödəyicisinin yeni borcu yaranmadıqda 3 bank günü ərzində onun özünə qaytarılır.
geriyə || yuxarı
|