09.10.2008

Vergi hüquqpozmaları haqqında

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti ölkə Prezidentinin fərmanları, sərəncamları, göstərişləri və bu sahədə vergilər nazirinin müvafiq əmrlərini rəhbər tutaraq 2008-ci ilin 9 ayında da vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işləri davam etdirmişdir.
Cari ilin 9 ayı ərzində hüquqi və fiziki şəxslər tərəfindən vergidən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı materiallar üzrə 141 cinayət işi başlanmışdır. Bu işlərdən 13-ü bilavasitə Departamentə daxil olmuş əməliyyat məlumatları ilə bağlı toplanmış materiallar üzrə olmuşdur.
İbtidai istintaqı tamamlanmış 91 cinayət işindən vergiləri ödəməkdən yayınmaya görə 38 iş, qanunsuz sahibkarlığa görə 6 iş, aksiz markası ilə markalanmalı olan məhsulların (malların) belə marka olmadan satış məqsədilə əldə edilməsinə görə 1 iş və özgənin əmlakını mənimsəməyə görə 1 iş, cəmi 55 nəfər barəsində 47 cinayət işi  baxılması üçün məhkəmələrə göndərilmişdir.
Bir sıra müəssisələrin rəhbərləri və fiziki şəxslər yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə barələrində olan 26 cinayət işinə xitam verilmişdir.
İstintaqı  tamamlanmış  cinayət işləri üzrə vurulmuş ziyandan 1 milyon 051 min manat və cinayət işi başlanması rədd edilmiş materiallar üzrə isə 5 milyon 974 min manat, cəmi 7 milyon 025 min manat məbləğində vəsaitin dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur. Bu da keçən ilin eyni dövrü ilə müqayisədə dövlət büdcəsinə ödətdirilmiş vəsaitdən 5 milyon 802 min manat və ya 4,7 dəfə çoxdur.
Vergiləri ödəməkdən yayınma və qanunla istintaqı vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətmiş 30 şəxs barəsində məhkəmələr tərəfindən həbs qətimkan tədbiri seçilmişdir.
Daxil olmuş əməliyyat məlumatları və müraciətlər əsasında 91 şəxs haqqında araşdırmalar aparılaraq materiallar qanunvericiliyə müvafiq tədbirlər görülməsi üçün aidiyyəti vergi orqanlarına göndərilmişdir.
Cinayət işləri üzrə qəbul edilmiş qərarlara əsasən istintaqdan yayınan 102 şəxsin  məcburi qaydada gətirilməsi və həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan 21 şəxsin tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilməsi təmin edilmişdir. Bundan əlavə, 292 şəxsin yeri müəyyən olunaraq istintaqa təqdim olunmuşdur.
Vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı vergi yoxlamalarından yayınan 42 nəfər vergi ödəyicisi tapılıb aidiyyəti vergilər idarələrinə təqdim edilmişdir.
Vergi hüquqpozmalarına yol vermiş şəxslər barəsində qanunda nəzərdə tutulmuş qaydada mübarizə tədbirləri davam etdirilir.



geriyə || yuxarı