29.10.2007

Vergi cinayətləri ilə mübarizə tədbirləri haqqında

Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamenti tərəfindən 2007-ci ilin yanvar-sentyabr ayları ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində müəyyən işlər görülmüşdür.
Həmin dövrdə Departamentə daxil olmuş audit yoxlaması materialları əsasında ayrı-ayrı hüquqi və fiziki şəxslər tərəfindən vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq və başqa faktlarla bağlı 131 cinayət işi başlanmışdır.  Başlanmış həmin işlər nəzərə alınmaqla icraatda cəmi 300 cinayət işi olmuşdur ki, bundan 106-sı üzrə ibtidai istintaq  tamamlanmışdır. İstintaqı tamamlanmış 93 nəfər barəsində 76 cinayət işi baxılması üçün məhkəmələrə göndərilmişdir. 
Yayındırdıqları vergiləri ibtidai istintaq zamanı tamamilə ödədiklərinə görə 12 cinayət işinə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsinə əsasən, 18 cinayət işinə isə digər əsaslarla xitam verilmişdir.
Cari ilin yanvar-sentyabr ayları ərzində əsassız olaraq cinayət işləri başlanmamış, əsassız təqsirləndirilən şəxs qismində cəlb edilən və barələrində həbs qətimkan tədbiri seçilən şəxslər, habelə prosessual rəhbərliyi həyata keçirən prokuror və ya məhkəmə tərəfindən əlavə ibtidai istintaqa qaytarılan cinayət işləri olmamışdır.
İstintaqı tamamlanmış cinayət işləri üzrə 1 milyon 223 min manat, istintaqı davam etdirilən və cari ilin oktyabr ayının 1-dək icraatda qalıq qalmış cinayət işləri üzrə 3 milyon 622 min manat (cəmi 4 milyon 845 min manat) məbləğində pulun ibtidai istintaq zamanı dövlət büdcəsinə ödənilməsi təmin olunmuşdur.
Hazırda Departamentdə bir sıra çoxepizodlu və məzmunca mürəkkəb olan cinayət işləri üzrə külli miqdarda vergiləri ödəməkdən yayınma və digər faktlarla bağlı ibtidai istintaq davam etdirilir.  
Hesabat dövrü ərzində vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində Departament tərəfindən digər tədbirlər də həyata keçirilmişdir. Belə ki, daxil olmuş əməliyyat məlumatları, habelə vergi orqanları və digər şəxslərdən daxil olmuş müraciətlərlə bağlı aparılmış araşdırmaların nəticəsindən asılı olaraq görülmüş işlər nəticəsində Departamentdə toplanmış materiallar əsasında vergiləri ödəməkdən yayınma, qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olma və rəsmi sənədlərin saxtalaşdırılması faktları üzrə 3 cinayət işi başlanmış, 36 hüquqi və fiziki şəxs barəsində toplanmış materiallar vergi qanunvericiliyinə müvafiq olaraq tədbirlər görülməsi üçün aidiyyəti vergilər idarələrinə göndərilmişdir.  Həmin materiallar üzrə aparılmış vergi yoxlamaları zamanı 1 milyon 193 min manat məbləğində vergilərin dövlət büdcəsindən yayındırıldığı müəyyən edilmişdir.
Göstərilənlərdən əlavə, təqsirləndirilən şəxs qismində cəlb edilməli olan şəxsin müəyyən olunmamasına görə, Azərbaycan Respublikası CPM-in 53.1.1-ci maddəsi ilə icraatı dayandırılmış cinayət işləri üzrə aparılmış əməliyyat-axtarış tədbirləri nəticəsində, vergi cinayətləri törətmiş 4 şəxs müəyyən olunaraq məsuliyyətə cəlb edilmişdir.
Yanvar-sentyabr ayları ərzində keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində vergiləri ödəməkdən yayınma və araşdırılması vergi orqanlarının səlahiyyətinə aid olan digər cinayətlər törətdiklərinə görə barələrində axtarış elan edilmiş 33 şəxs tutularaq Departamentin İstintaq şöbəsinə təhvil verilmişdir.
Bundan başqa, vergi orqanlarının üzərinə düşən vəzifələrin icrasına köməklik göstərilməsi ilə bağlı müraciətlər əsasında, yoxlamalardan yayınan 27 nəfər vergi ödəyicisi tapılaraq müvafiq vergi orqanlarına təqdim edilmişdir.
Cinayət işləri üzrə verilmiş istintaq və əməliyyat tapşırıqlarının icrası ilə əlaqədar olaraq istintaqdan yayınan 63  şəxsin  məcburi qaydada gətirilməsi təmin olunmuş, 160 şəxsin isə yeri müəyyən olunaraq istintaqa təqdim edilmişdir.


geriyə || yuxarı