06.10.2007
Aşkar edilmiş daha bir qanunsuz sahibkarlıq faktı haqqında
Vergilər Nazirliyi əməkdaşlarının həyata keçirdikləri operativ əməliyyat tədbirləri nəticəsində oktyabrın 4-də paytaxtın Yasamal rayonu ərazisində qanunsuz fəaliyyət göstərən daha bir kazino aşkar edilmişdir. Belə ki, Yasamal rayonu İslam Səfərli küçəsi, 43 ünvanında yerləşən binanın zirzəmisində fəaliyyət göstərən kazinonun vergi orqanlarında uçota durmadan qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olan Qənbərov Nizami Hüseyn oğlu tərəfindən işlədildiyi müəyyən edilmişdir. Vergi Məcəlləsinin 50-ci maddəsinə əsasən, N.H.Qənbərov barəsində akt tərtib edilərək müvafiq izahatlar alınmışdır.
Qeyri-qanuni fəaliyyət göstərən kazinoda 62 ədəd pul uduşlu oyun avtomatı, 835 ədəd jeton aşkar edilərək N.H.Qənbərov, eləcə də özünü kazinonun əməkdaşı kimi təqdim edən Cəlilov Sahir Nadir oğlunun iştirakı ilə akt tərtib olunaraq götürülmüş və aidiyyatı üzrə məsul saxlanılmaq üçün təhvil verilmişdir.
Hal-hazırda faktla bağlı müvafiq araşdırlmalar aparılır.
Qeyd edək ki, bu, son günlər ərzində Vergilər Nazirliyinin əməkdaşları tərəfindən aşkar edilən 2-ci analoji faktdır. Bununla əlaqədar olaraq, Vergilər Nazirliyi bir daha bütün sahibkarları bu və ya digər şəkildə qanunsuz sahibkarlıq fəaliyyəti göstərməkdən çəkinməyə çağırır və bildirir ki, belə fəaliyyətin qarşısı daim qətiyyətlə alınacaqdır.
geriyə || yuxarı
|