21.11.2008
Koordinasiya Şurasının İclası haqqında
Noyabrın 21-də “Park-İnn” otelində MDB iştirakçısı olan dövlətlərin vergi xidmətləri rəhbərlərinin Koordinasiya Şurasının 15-ci iclası keçirilmişdir. Tədbir iştirakçıları ilk öncə Fəxri xiyabanda Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin məzarına əklil qoymuş, ulu öndərin xatirəsini yad etmişlər. Qonaqlar görkəmli oftolmoloq alim Zərifə xanım Əliyevanın məzarına gül dəstələri qoymuşlar. Sonra onlar Şəhidlər Xiyabanını ziyarət etmişlər.
Koordinasiya Şurasının iclasında Rusiya Federasiyası, Ukrayna, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova və Tacikistanın vergi orqanlarının, MDB İcraiyyə Komitəsinin və Baltikyanı ölkələrin nümayəndələri iştirak etmişlər. Moldova Respublikasının Baş Dövlət Vergi Müfəttişliyinin rəisi Tatyana Logina Koordinasiya Şurasının İclasını açıq elan edərək sözü vergilər nazirinin müavini Natiq Qasımova vermişdir. N.Qasımov tədbir iştirakçılarını salamlayaraq bu günkü görüşün əhəmiyyətindən danışmış, üzv dövlətlərin vergi sisteminin daha da inkişaf etdirilməsi üçün bu cür görüşlərin hər zaman faydalı oldugunu ön plana çəkmişdir. Nazir müavini vergi inzibatçılığının təkmilləşdirilməsi istiqamətində son dövrlərdə ölkəmizdə görülən işlər barədə qonaqlara ətraflı məlumat vermişdir. Sonra “Azərbaycanın müasir vergi sistemi haqqında” film nümayiş etdirilmişdir.
İclasda Koordinasiya Şurasının 14-cü iclasında qəbul edilmiş qərarların və 2008-ci il üçün iş planının icra vəziyyəti müzakirə edilmişdir. Həmçinin toplantıda cari ildə MDB iştirakçısı olan dövlətlərdə vergi qanunvericiliyinə edilmiş dəyişikliklərin monitorinqi, vergi ödəyicilərinin qeydiyyatı sahəsində təcrübə mübadiləsi, ikiqat vergitutmanın aradan qaldırılması haqqında sazişlərin tətbiqi təcrübəsi haqqında və digər məsələlər müzakirə edilmişdir.
Daha sonra, MDB vergi xidmətlərinin nümayəndələri kommersiya hüquqi şəxslərin “bir pəncərə” prinsipi üzrə dövlət qeydiyyatı ilə taniş olmaq üçün Vergilər Nazirliyi yanında Xüsusi Rejimli Vergi Xidməti Departamentində olmuşlar. Burada qonaqlara “bir pəncərə”nin iş prinsipi barədə ətraflı məlumat verilmiş, informasiya texnologiyalarının vergi sistemində tətbiq olunan son nailiyyətləri nümayiş etdirilmişdir.
Xatırladaq ki, Koordinasiya Şurası 31 may 2001-ci il tarixdə MDB dövlətlərinin Hökumət Başçılarının qərarı ilə təsis olunmuşdur və həmin dövlətlərin vergi xidmətlərinin fəaliyyətinin koordinasiyası üçün əlverişli şəraitin yaradılması məqsədini daşıyır. Azərbaycan Respublikası Vergilər Nazirliyi bu Şurada iştirak etməklə MDB dövlətlərinin vergi orqanları arasında əməkdaşlığın genişləndirilməsində, təcrübə mübadiləsində, vergidən yayınma hallarının qarşısının alınması istiqamətində birgə səylərin göstərilməsində maraqlıdır.
geriyə || yuxarı |