27.11.2007

Belçika Krallığının Azərbaycan Respublikasındakı səfiri Frank Qirkens ilə görüş haqqında

Noyabrın 27-də vergilər naziri Fazil Məmmədov Belçika Krallığının Azərbaycan Respublikasına yeni təyin olnmuş səfiri Frank Qirkensi qəbul etmişdir. Görüşdə iki ölkə arasında əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Vergilər naziri Fazil Məmmədov səfir Frank Qirkenslə tanışlıqdan məmnun olduğunu bildirmiş, Belçikanın Azərbaycanda səfirlik açmasının iki ölkə arasında qarlışılıqlı əməkdaşlığın inkişafına yardım edəcəyini bildirmişdir. Belçika Krallığının Avropa ölkələri arasında mühüm yer tutduğunu söyləyən vergilər naziri bu dövlətin Avropa Birliyinin özəyi adlandırılmasının təsadüfi olmadığını qeyd etmişdir. Bu baxımdan F.Məmmədov Avropa Birliyi ilə ölkəmiz arasında əməkdaşlığın daim genişləndirildiyini, xüsusilə enerji təhlükəsiziyi məsələləri ilə bağlı sıx müzakirələr aparıldığını diqqətə çatdırmışdır.
Səfir F.Qirkens xoş sözlərə görə təşəkkürünü bildirmiş və qeyd etmişdir ki, Azərbaycan da öz növbəsində Qafqazın mərkəzi hesab olunur və Belçika Krallığı məhz bunu nəzərə alaraq öz səfirliyini Bakıda açmağı qərara almışdır. Səfir iki mühüm regionun mərkəzləri arasında əlaqələrin genişləndirilməsinin zəruriliyini vurğulamış, qarşlıqlı münasibətlərin keyfiyyətcə yeni müstəviyə qaldırılmasına çalışacağını bildirmişdir.
Vergilər naziri F.Məmmədov səfirə Azərbaycanın müstəqillik əldə etdikdən sonra keçdiyi inkişaf yolu, aparılan siyasi və iqtisadi islahatlar, o cümlədən vergi islahatları barədə ətraflı məlumat vermişdir. Bildirmişdir ki, ölkəmizdə xarici investisiaların cəlb edilməsi üçün zəruri qanunvericilik bazası, bununla da, həmin sahədə fəaliyyətin stimullaşdırılması üçün geniş imkanlar yaradılmışdır. Vergilər naziri vurğulamışdır ki, Azərbaycan bir çox Avropa ölkələri ilə ikiqat vergitutmanın aradan qaldırılması və qarşılıqlı inzibati yardım haqqında ikitərəfli sazişlər bağlamışdır və hazırda bu istiqamətdə işlər davam etdirilir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 


geriyə || yuxarı