20.11.2007

İrlandiya Respublikasının Gəlirlər Komissionerləri İdarəsinin nümayəndə heyətinin səfəri haqqında

Vergilər Nazirliyi xarici ölkələrin vergi orqanları ilə əlaqələrin inkişafını, digər ölkələrlə qarşılıqlı təcrübə mübadiləsini milli vergi sisteminin təkmilləşdirilməsi baxımından zəruri hesab edir və bu istiqamətdə ardıcıl işlər aparır. Vergilər Nazirliyinin beynəlxalq əlaqələrində Avropa dövlətləri ilə formalaşmış qarşılıqlı faydalı əməkdaşlıq münasibətləri mühüm yer tutur.
Bu baxımdan İrlandiya Respublikasının Gəlirlər Komissionerləri İdarəsinin nümayəndə heyətinin Bakı səfəri də istisna deyildir. İrlandiya Respublikası ilə vergi sahəsindəki mövcud olan əməkdaşlığın genişləndirilməsi və təcrübə mübadiləsinin aparılması məqsədilə həmin ölkənin Gəlirlər Komissionerləri İdarəsinin nümayəndə heyəti noyabrın 19-da Bakıya gəlmişdir.
Vergilər Nazirliyində İrlandiya nümayəndə heyəti üçün ölkənin vergi sistemi və aparılan islahatlar barədə geniş təqdimatlar keçirilmişdir. Sonra qonaqlar Azərbaycanın vergi xidmətinin fəaliyyəti ilə daha yaxından tanış olmuşlar. İri Vergi Ödəyiciləri ilə İş Üzrə Departamentdə olan qonaqlar iri vergi ödəyiciləri ilə işin qurulması metodikası ilə yaxından maraqlanmışlar.
Noyabrın 20-də Vergilər Nazirliyinin mərkəzi aparatında İrlandiya Respublikasının Gəlirlər Komissionerləri İdarəsinin əməkdaşları “Vergi borclarının məcburi alınması”, “Xüsusi təhqiqatlar”, “Online Xidmətlər” və “Vergi amnistiyası” mövzularında təqdimatlar keçirilmiş, bu sahədə öz ölkələrinin təcrübələrini bölüşmüşlər.
Nümayəndə heyəti Vergilər Nazirliyinin rəhbərliyi  tərəfindən qəbul edilmişdir. Görüşdə bu səfərin iki ölkənin vergi xidmətləri arasında qarşılıqlı əlaqələrin genişlənməsində mühüm rol oynayacağı vurğulanmış, əməkdaşlığın perspektivləri müzakirə edilmişdir.
Noyabrın 21-dək davam edəcək səfər çərçivəsində nümayəndə heyəti Azərbaycan Respublikasının vergi sisteminin son illər əldə olunan nailiyyətlərilə tanış olacaqlar, eyni zamanda, əməkdaşlığın sonrakı inkişafına dair məsələlər müzakirə ediləcəkdir.

 


geriyə || yuxarı