14.11.2007
Elektron bəyannamələrlə bağlı keçirilmiş görüş haqqında
Məlum olduğu kimi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli qərarı ilə “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası” təsdiq edilmişdir. Bununla əlaqədar olaraq artıq sentyabr ayından ümumrespublika səviyyəsində elektron bəyannamələrin qəbuluna başlanmışdır. Vergilər Nazirliyi həmin prosesin “Elektron hökumət”in qurulması istiqamətində vacib addım olduğunu, xidmətlərin keyfiyyətinin yaxşılaşdırılmasına və müvafiq prosedurların beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət etdiyini nəzərə alaraq, vergi ödəyicilərinin maarifləndirilməsi və məlumatlandırılmasına ciddi əhəmiyyət verir.
Bununla bağlı, noyabrın 14-də Vergilər Nazirliyinin Bakı şəhəri Vergilər Departamenti vergi ödəyiciləri ilə görüş keçirilmişdir. Tədbirdə çıxış edən Bakı şəhəri Vergilər Departamentinin 1 saylı filialının şöbə rəisi Rəşad Babayev bildirmişdir ki, Vergi Məcəlləsi və digər hüquqi-normativ aktların tələblərinə uyğun hazırlanan “Vergi hesabatlarının elektron sənəd formasında göndərilməsi Qaydası”nın başlıca məqsədi vergi ödəyicisin bəyannamələri elektron şəkildə təqdim etməsi, vergi orqanı tərəfindən hesabatların qəbulu və bu haqda ödəyiciyə bildirişin verilməsi ilə bağlı işlərin tənzimlənməsindən ibarətdir.
Artıq elektron mübadilənin aparılması üçün vergi orqanına təqdim olunan ərizənin və müqavilənin forması Vergilər Nazirliyi tərəfindən təsdiq edilmişdir. Bu formalar, eləcə də zəruri proqram təminatları, onlardan istifadə qaydaları üzrə təlimat və digər metodik məlumatlar nazirliyin www.e-taxes.gov.az «İnternet Vergi İdarəsi» saytında yerləşdirilmişdir.
Tədbirdə bəyannamələrin elektron formada doldurulması və vergi orqanlarına göndərilməsinin üstünlüklərindən danışılmış, ödəyicilərin vaxtına qənaət olunacağı, ortaya çıxan uyğunsuzluqlar proqram tərəfindən aşkar ediləcəyindən xətaların sayının azalacağı bildirilmişdir.
Vergi ödəyicilərinə elektron bəyannamələrin doldurulması qaydaları barədə ətraflı məlumat verilmiş, bu proses konkret misallar vasitəsilə izah edilmiş, bütün suallar ətraflı cavablandırılmışdır.
geriyə || yuxarı
|