09.11.2007

Məcburi köçkünlərə edilən yardım haqqında

Vergilər Nazirliyinin nümayəndələri hər bayramlarda olduğu kimi, bu ilki Ramazan Bayramı, Dövlət Müstəqilliyi Günü, Konstitusiya Günü və Milli Dirçəliş Günü münasibətilə Ağcabədi rayonu ərazisində məskunlaşan Şuşa, Laçın, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkünlərə baş çəkərək bayram sevincini onlarla bölüşmüşlər.
Nazirliyin daxili imkanları hesabına alınmış 52 tondan çox ərzaq məhsullarından və 20 ton yanacaqdan ibarət olan bayram sovqatı rayon ərazisindəki Türk Qızıl Ay, Taxtakörpü, Alman qəsəbələrində məskunlaşan 8.231 nəfəri əhatə edən 1.566 ailəyə paylanmışdır.
Nazirliyinin əməkdaşları 15 ildir öz doğma yurdlarından ayrı düşmüş bu insanların problemləri ilə maraqlanmış və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi fərman və sərəncamlara uyğun olaraq hökumətin bu istiqamətdə gördüyü işlərdən bəhs etmişlər. Qeyd edilmişdir ki, müstəqilliyimizin ilk illərində ölkədə yaranmış hakimiyyətsizlik və xaos nəticəsində torpaqlarımızın itirilməsi xalqımızı yenidən ümummilli lider Heydər Əliyevə müraciət etməyə və ondan hakimiyyətə qayıtmasını xahiş etməyə vadar etmişdir. Bu gün ölkəmizdə yaranmış sabit ictimai-siyasi şəraitə, iqtisadi sahədə əldə etdiyimiz uğurlara görə xalqımız məhz ümumilli liderə və onun layiqli davamçısı, möhtərəm prezident İlham Əliyevə minnətdar olmalıdır.
Öz növbəsində, məcburi köçkünlər, icra hakimiyyəti nümayəndələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirməklə yanaşı, bölgələrdə yeni-yeni qəsəbələrin salınmasını, məktəblərin, səhiyyə ocaqlarının inşasını, ölkə prezidenti cənab İlham Əliyevin qaçqın və köçkünlərə göstərdiyi qayğını alqışladıqlarını xüsusi vurğulamışlar.

 


geriyə || yuxarı