30.05.2008
Ümumşəhər bilik müsabiqəsi haqqında
Mayın 30-da Bakı Şəhər Vergilər Departamenti 46 saylı orta məktəbdə paytaxtın 11 rayonunu əhatə edən «Vergilərə dair bilik müsabiqəsi» keçirmişdir. «Vergilər» Tədris-metodiki kabinetində təşkil olunan müsabiqədə 3-5 və 6-8-ci sinif şagirdləri arasında Bakı şəhərinin rayonları üzrə keçirilən müvafiq müsabiqələrdə fərqlənən 44 şagird iştirak etmişdir.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən Bakı şəhəri Vergilər Departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Rəşad Babayev bütün qalibləri təbrik edərək, müsabiqədə iştirak edən şagirdlərin müəllimlərinə Vergilər Nazirliyi adından minnətdarlığını bildirmişdir. Nazirliyin vergilərin tədrisinə böyük əhəmiyyət verdiyini qeyd edən R.Babayev artıq bunun nəticəsində şagirdlərin vergilər haqqında müəyyən biliklərə sahib olduqlarını vurğulamışdır.
Tədris-metodiki kabinetin rəhbəri Cavanşir Hacıyev son illər ərzində vergilərin tədrisinin əhəmiyyətinin artdığını və vergi biliklərininn əsasının orta məktəbdə qoyulduğunu diqqətə çatdırmışdır. C.Hacıyev şagirdləri vergi biliklərini daim zənginləşdirməyə çağırmışdır.
Tədbirdə Bakı Şəhər Təhsil Baş İdarəsinin nümayəndəsi və 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova da çıxış edərək müsabiqə iştirakçılarına gələcəkdə daha böyük uğurlar arzulamışlar.
Sonra 3-5 və 6-8-ci siniflər üzrə 1,2 və 3-cü yerləri tutan şagirdlərə diplomlar və qiymətli hədiyyələr təqdim olunmuşdur.
geriyə || yuxarı |