27.05.2008

Məcburi köçkünlərə edilən yardım haqqında

Vergilər Nazirliyinin nümayəndələri mayın 27-də hər bayramlarda olduğu kimi, bu ilki Respublika Günü və Milli Qurtuluş Günü bayramları münasibətilə də Ağcabədi rayonu ərazisində məskunlaşan Şuşa, Laçın, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkünlərə baş çəkərək bayram sevincini onlarla bölüşmüşlər.
Vergilər Nazirliyinin nümayəndələri 16 ildir öz doğma yurdlarından ayrı düşmüş bu insanların problemləri ilə maraqlanmış və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi fərmana uyğun olaraq hökumətin bu istiqamətdə gördüyü işlərdən bəhs etmişlər.
Bildirilmişdir ki, 28 may - Respublika Gününün Azərbaycanın dövlətçilik tarixində mühüm rolu vardır və bu gün xalqımızın istiqlal tarixinə qızıl hərflərlə yazılmışdır. 15 iyun - Milli Qurtuluş Günü də bilvasitə dövlətçiliyimizlə bağlı olan bir bayramdır. 90-cı illərin əvvəllərində Azərbaycan öz tarixində ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu dövrdə Azərbaycanda başlanan hakimiyyət uğrunda silahlı mübarizə, ayrı-ayrı şəxslərə xidmət edən qanunsuz silahlı birləşmələrin yaradılması dövlətçiliyimizə çox ağır zərbələr vurmuşdu. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədə separatçılığı, etnik parçalanma meyillərini, ölkənin varlığı üçün yaranan təhlükəni dəf edə bildi. Ulu öndərimizin əsasını qoyduğu iqtisadi inkişaf bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan Milli Qurtuluş Günü ölkəmizin yeni müstəqillik tarixində mühüm bayramlardan biridir.
Məcburi köçkünləri bayram münasibətilə təbrik edən nazirliyin nümayəndələri onlara qısa müddətdə öz doğma evlərinə qayıtmağı və bütün bayramları doğma ocaqlarında qarşılamağı arzulamışlar.
Öz növbəsində, məcburi köçkünlər, icra hakimiyyəti və yerli bələdiyyə orqanlarının nümayəndələri göstərilən diqqətə görə minnətdarlıqlarını bildirməklə yanaşı, ölkə prezidentinin qaçqın və köçkünlərə göstərdiyi qayğını yüksək qiymətləndirdiklərini xüsusi vurğulamışlar.
Sonda Nazirliyin daxili imkanları hesabına alınmış 52 tona yaxın ərzaq məhsullarından və 20,3 tona yaxın yanacaqdan ibarət olan bayram sovqatı rayon ərazisindəki Türk Qızıl Ay, Taxtakörpü, Alman qəsəbələrində məskunlaşan 8.326 nəfəri əhatə edən 1.605 ailəyə paylanmışdır.

 

geriyə || yuxarı