14.05.2008

Vergi orqanlarına işə qəbul haqqında

Azərbaycan Respublikası Prezidentinin 15 aprel 2005-ci il tarixli fərmanı ilə təsdiq edilmiş "Dövlət vergi orqanlarına işə qəbul olunmaq üçün namizədlərin müsabiqəsinin keçirilməsi haqqında Əsasnamə"yə, həmçinin Dövlət vergi orqanlarında xidmət haqqında Əsasnaməyə uyğun olaraq 2008-cı il may ayında vergi xidmətinə işə qəbulla bağlı test imtahanları və müsahibə keçirilmişdir.
Test imtahanlarında müsabiqədə iştirak etmək hüququ qazanan 267 nəfərdən 250 nəfəri iştirak etmişdir. İmtahan prosesi tam şəffaf şəraitdə keçirilmiş, imtahanın nəticələri Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən elan edilmiş və sözügedən qurumun, həmçinin Vergilər Nazirliyinin müvafiq internet saytında yerləşdirilmişdir.
Qeyd edək ki, vergi xidmətinə işə qəbul iki mərhələdə aparılmışdır. Namizədlərin bilik səviyyəsinin, ümumi dünyagörüşünün, vergi orqanlarında xidmətə yararlı və layiqli olmasının müəyyən edilməsi üçün keçirilən müsabiqə test imtahanı və müsahibədən ibarətdir.
Test imtahanlarını müvəffəqiyyətlə başa vurmuş və mümkün olan 100 baldan 70 faizini toplamış 45 nəfər növbəti mərhələyə keçmişdir. Sonrakı mərhələdə nazirliyin mərkəzi binasında Vergilər Nazirliyində yaradılan müsabiqə komissiyası tərəfindən test imtahanlarını uğurla başa vurmuş namizədlərlə müsahibə keçirilmişdir. Müsahibə zamanı namizədlərin vergi qanunvericiliyi, iqtisadi siyasətlə bağlı digər normativ hüquqi aktları tətbiq etmək sahəsində biliyi və bacarıqları yoxlanılmışdır. Bütün namizədlər musahibə mərhələsini də uğurla başa vurmuşlar. Beləliklə, müsabiqənin ümumi nəticələrinə görə 45 namizəd vergi xidmətinin kadr ehtiyatlarına qəbul olunmuşdur və yaxın vaxtlarda həmin şəxslər işlə təmin olunacaqlar.
Xatırladaq ki, vergi xidmətinə işə qəbulla bağlı vergilər nazirinin əmri ilə yaradılmış işçi qrupa 400 vətəndaş müraciət etmişdir. Sözügedən şəxslərdən 272 nəfəri qeydiyyatdan keçmişdir. 5 vətəndaşın müraciəti müxtəlif səbəblərlə bağlı qəbul edilməmiş və müsabiqəyə buraxılmamışdır. 250 nəfər test imtahanlarında iştirak etmişdir.

 

geriyə || yuxarı