06.05.2008
“Müasir vergi sisteminin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans haqqında
Mayın 6-da Vergilər Nazirliyində “Müasir vergi sisteminin formalaşmasında Heydər Əliyevin rolu” mövzusunda elmi-praktiki konfrans keçirilmişdir. Tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə Vergilər Nazirliyində təsdiq olunmuş Tədbirlər Planına əsasən təşkil edilmişdir.
Əvvəlcə vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri cənab Fazil Məmmədov və tədbir iştirakçıları Vergilər Nazirliyinin foyesində ulu öndər Heydər Əliyevin büstü önünə gül dəstələri qoymuş, onun əziz xatirəsini 1 dəqiqəlik sükutla yad etmişlər.
Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra “Xalqa bağışlanan ömür” filmi nümayiş etdirilmiş, 25 aprel 2008-ci il tarixdə Azərbaycan Dövlət İqtisad Universitetində tələbə və magistrlar arasında “Azərbaycanın vergi sisteminin inkişafında Heydər Əliyevin rolu” mövzusunda keçirilmiş elmi konfransın qalibləri diplom və hədiyyələrlə mükafatlandırılmışlar.
Konfransda çıxış edən vergilər naziri F.Məmmədov müstəqil Azərbaycan dövlətinin yaşaması, qüdrətli bir ölkə kimi təşəkkülü və davamlı inkişafı üçün dahi öndərimiz Heydər Əliyevə borclu olduğumuzu vurğulamışdır. Nazir bildirmişdir ki, ümummilli liderimizin müəyyənləşdirdiyi yol, həyata keçirdiyi siyasət, təyin etdiyi prinsiplər uzun illərdir ki, Azərbaycana, onun tərəqqisinə və inkişafına xidmət edir.
Azərbaycanın ən yeni tarixinin böyük islahatlar dövrü olduğunu xatırladan F.Məmmədov dahi öndərin rəhbərliyi və birbaşa nəzarəti ilə reallaşan iqtisadi islahatların ölkəmizi nəinki regionda, hətta dünyada aparıcı dövlətlər səviyyəsinə çatdırdığını qeyd etmişdir.
Nazir Azərbaycanın müasir vergi xidmətinin yaradılmasının da ümummilli liderin adı ilə bağlı olduğunu vurğulamışdır. Bildirmişdir ki, məhz Heydər Əliyevin təşəbbüsü və qayğısı sayəsində vergi sisteminin müasir standartlar əsasında formalaşdırılması baş tutmuşdur.
Konfransda Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının İqtisadi siyasət məsələləri şöbəsinin müdiri, iqtisad elmləri namizədi Mail Rəhimov “Heydər Əliyev və Azərbaycanın müasir iqtisadi siyasəti”, Milli Məclisin İqtisadi siyasət daimi Komissiyasının sədri, akademik Ziyad Səmədzadə “Heydər Əliyevin müasir vergi siyasətinin formalaşması”, Milli Məclisin Elm-təhsil daimi Komissiyasının sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, professor Şəmsəddin Hacıyev “Milli iqtisadi modeldə vergi amili”, Millət vəkili, Yeni Azərbaycan Partiyasının icraçı katibinin müavini, professor Mübariz Qurbanlı “Heydər Əliyev – müstəqil Azərbaycan dövlətinin qurucusudur”, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının rektoru, professor Seyfəddin Qəndilov “Heydər Əliyev və dövlət idarəçiliyi sahəsində mütəxəssislərin hazırlanması”, Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Şahbaz Muradov “Heydər Əliyevin inkişaf strategiyası və Azərbaycan iqtisadiyyatının dinamik inkişafı”, Azərbaycan Respublikası Auditorlar Palatasının sədri, professor Vahid Novruzov “Heydər Əliyevin iqtisadi siyasətində şəffaflıq amili”, Milli Məclisin İqtisadi siyasət daimi Komissiyasının sədr müavini, iqtisad elmləri namizədi Azər Əmiraslanov “Heydər Əliyev iqtisadi strategiyasının əsas xüsusiyyətləri” mövzularında məruzələrlə çıxış etmişlər.
Konfransın yekununda tədbir iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət qəbul edilmişdir.
geriyə || yuxarı |