03.05.2008

Kompüter terminalının açılması haqqında

Bu gün İmişli rayonunda vergi ödəyicilərinə xidmət edəcək yeni kompüter terminalının açılış mərasimi keçirilmişdir. Tədbirdə İmişli rayon icra hakimiyyətinin və Vergilər Nazirliyinin rəhbərliyi, Azərbaycan Sahibkarlar Konfederasiyasının nümayəndələri, həmçinin yerli sahibkarlar iştirak etmişlər.
Mərasimdə çıxış edən vergilər nazirinin müavini Natiq Qasımov bildirmişdir ki, tədbir çox əlamətdar bir tarixə - Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyinə təsadüf edir. Natiq qeyd etmişdir ki, əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadi inkişaf strategiyasının həyata keçirilməsi nəticəsində bu gün ölkə iqtisadiyyatı sürətli dəyişikliklər dövrünə qədəm qoymuş, iqtisadiyyatın bütün sahələrində informasiya texnologiyalarının tətbiqi genişlənmiş, dövlət-sahibkar münasibətləri keyfiyyətcə yeni müstəvidə qurulmağa başlanmışdır. Sözügedən terminalın işə başlaması da müasir Azərbaycanın iqtisadi sistemində texnoloji bir inkişaf mərhələsinin vüsət götürməsini nümayiş etdirən göstəricilərdən biridir.
Natiq Qasımov qeyd etmişdir ki, ümummilli lider Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ölkənin sosial-iqtisadi inkişaf xəttini müəyyən edən bir çox irimiqyaslı konsepsiya, strategiya və proqramlar qəbul edilmiş və həyata keçirilmişdir. Həyata keçirilən tədbirlər ölkə iqtisadiyyatının davamlı və dinamik inkişafını təmin etmək üçün zəmin yaratmış, sərbəst bazar münasibətlərinə əsaslanan sosial istiqamətli iqtisadi sistemin formalaşdırılmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə səmərəli şəkildə inteqrasiyasının təmin edilməsinə rəvac vermişdir. Natiq Qasımov əmin olduğunu bildirmişdir ki, ulu öndərin xatirəsinə həsr edilmiş və bu gün açılışı keçirilən bu terminal rayonun vergi ödəyicilərinə yaxşı töhfə olacaqdır.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət İdarəsinin rəisi Elçin Məmmədov bildirmişdir ki, rayonun vergi ödəyicilərinin xidmətinə veriləcək terminal ver­gi ödə­yi­ci­lə­ri­nin mə­lu­mat­lan­dı­rıl­ma­sı, ver­gi qanunverici­li­yi ba­rə­də mə­lu­mat və iza­hat­la­rın alın­ma­sı və bir çox baş­qa funksi­ya­la­rı özün­də bir­ləş­di­rir ki, onun istifadəyə verilməsi vergi ödəyicilərinin işini yüngülləşdirmək məqsədinə xidmət edir. Burada vergi bəyannamələrini internet vasitəsilə vergi orqanlarına təqdim etmək imkanı yaradılacaq, bəyannamələrin və başqa hesabat sənədlərinin düzgün tərtib edilməsi və göndərilməsi barədə izahatlar veriləcək, vergi ödəyicilərinə şəxsi vərəqələrindəki məlumatlara baxmaq imkanı yaradılacaqdır.
Vergi ödəyicilərinə keyfiyyətli xidmət göstərmək üçün terminal ən müasir texnologiya və avadanlıqlarla təchiz olunmuşdur. Terminalda göstərilən bütün xidmətlər ödənişsizdir.
Sonra vergilər nazirinin müavini Natiq Qasımov və İmişli rayon icra hakimiyyyətinin rəhbəri Əbülfəz Ağayev terminalın açılışını bildirən qırmızı lenti kəsmişlər. Tədbir iştirakçıları terminalın fəaliyyəti və vergi ödəyiciləri üçün qurulan şəraitlə yaxından tanış olmuşlar.

 

geriyə || yuxarı