02.05.2008
Sahibkarlarla keçirilən görüş haqqında
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 85 illik yubileyi münasibətilə həyata keçirilən tədbirlər çərçivəsində mayın 2-də vergilər naziri Fazil Məmmədov respublika sahibkarları ilə görüş keçirmişdir. “Crescent Beach Hotel”də təşkil olunan görüşdə Vergilər Nazirliyinin rəhbər şəxsləri, Azərbaycanda fəaliyyət göstərən yerli və xarici iş adamları iştirak etmişlər.
Əvvəlcə tədbiri iştirakçıları ümummilli lider Heydər Əliyevin xatirəsini bir dəqiqəlik sükütla yad etmişlər.
Sonra görüşdə vergilər naziri Fazil Məmmədov geniş nitq söyləymişdir. Nazir ölkədə azad sahibkarlığın formalaşdırılması, onun inkişafının stimullaşdırılması, bazar iqtisadiyyatı şəraitində rəqabət mühitinin yaradılması istiqamətində ümummilli lider Heydər Əliyevin səylərindən danışmışdır. Nazir tədbir iştirakçılarının diqqətinə çatdırmışdır ki, Heydər Əliyevin rəhbərliyi altında iqtisadi və dövlət idarəetmə sistemi sahəsində aparılan kompleks islahatlar ölkə iqtisadiyyatının bütün sahələrinin inkişafına, o cümlədən sahibkarlıq fəaliyyətinin təşəkkül tapmasına güclü təkan vermişdir. Ölkədə aparılan uğurlu islahatlar nəticəsində özəl sektorun iqtisadi sistemdə rolu artmış, Azərbaycanda milli sahibkarlar təbəqəsi formalaşmışdır.
Görüşdə iqtisadiyyatın ayrı-ayrı sahələrini təmsil edən və respublikamızın müxtəlif ərazilərindən gələn iş adamları çıxış edərək ümummilli lider Heydər Əliyevin sahibkarlığın inkişafında, ölkədə investisiya mühitinin formalaşdırılmasında həyata keçirdiyi tədbirlərdən və onun nəticələrindən söhbət açmışdır. Sahibkarlar vergi məsələlərinə də toxunmuş, son illər Vergi Məcəlləsində edilən əlavə və dəyişikliklərin onların işində və inkişafında müsbət rol oynadığını, gələcəkdə də qanunvericilikdə bu kimi dəyişikliklərin həyata keçirilməsinin ümumi işin xeyrinə olacağını qeyd etmişlər.
Vergilər naziri Fazil Məmmədov sahibkarlar tərəfindən qeyd edilən bütün məsələlərə öz münasibətini bildirmiş və sahibkarları əmin etmişdir ki, Vergilər Nazirliyi iş adamlarının sərbəst və səmərəli fəaliyyəti üçün öz səlahiyyətləri çərçivəsində bütün lazımi tədbirləri görəcəkdir.
Sonda tədbir iştirakçıları tərəfindən ölkə Prezidenti, möhtərəm cənab İlham Əliyevə müraciət qəbul edilmiş və oxunmuşdur.
geriyə || yuxarı |