15.05.2007
Ümumşəhər bilik müsabiqəsi haqqında
Mayın 15-də Bakı Şəhər Vergilər Departamenti 46 saylı orta məktəbdə paytaxtın 11 rayonunu əhatə edən ümumşəhər «Vergilər» bilik müsabiqəsi keçirib. «Vergilər» Tədris-metodiki kabinetində təşkil olunan müsabiqədə 3-5 və 6-8-ci sinifl şagirləri arasında Bakı şəhərinin rayonları üzrə keçirilən müvafiq müsabiqələrdə fərqlənən 41 şagird iştirak edib.
Qaliblərin mükafatlandırılması mərasimində çıxış edən tədris-metodiki kabinetin rəhbəri Cavanşir Hacıyev son illər ərzində vergilərin tədrisinin əhəmiyyətinin artıdığını və vergi biliklərininn əsasının orta məktəbdə qoyulduğunu diqqətə çatdırıb. C.Hacıyev şagirdlərin gələcəyin potensial vergi ödəyiciləri olduğunu qeyd edərək, onları biliklərini daim zənginləşdirməyə çağırıb.
Vergilər Nazirliyinin Vergi ödəyicilərinə xidmət İdarəsinin əməkdaşı Rəşad Babayev bütün qalibləri təbrik edərək, müsabiqədə iştirak edən şagirdlərin müəllimlərinə nazirlik adından minnətdarlığını bildirib. Vergilər Nazirliyinin vergilərin tədrisinə böyük əhəmiyyət vergiyini qeyd edən R.Babayev artıq ölkənin 40-dək rayonunda orta məktəblərdə «Vergilər» Tədris-metodiki kabinetlərinin yaradıldığını vurğulayıb. O, ilin sonunadək belə kabinetlərin, demək olar ki, bütün rayonlarda qurulacağını diqqətə çatdırıb.
Vergilərin tədrisi ilə bağlı məsələlərin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə təsdiq olunan «Vergi inzibatçılığının təkmilləşdirilməsi» Dövlət Proqramında da əks olunduğunu xatırladan Bakı Şəhər Vergilər Departamentinin vergi ödəyicilərinə xidmət şöbəsinin rəisi Vüsal Bayramov artıq 9-11-ci siniflər üçün də müvafiq dərsliklərin hazırlandığını bildirib. Tədris-metodiki kabinetlərin fəaliyyətinə toxunan şöbə rəisi, vergiləri tədris edən müəllimlərə mütəmadi olaraq metodiki kömək göstərildiyini, onların hazırlıq səviyyəsinin daim yüksəldildiyini vurğulayıb.
Tədbirdə Bakı Şəhər Təhsil Baş İdarəsinin nümayəndəsi Gulnarə Zeynalabdinova, 46 saylı orta məktəbin direktoru Sevinc Budaqova, Bakı Şəhər Vergilər Departamentinin 1 saylı filialının şöbə rəisi Hüseyn Məmmədov da çıxış edərək müsabiqə iştirakçılarına gələcəkdə daha böyük uğurlar arzulayıblar.
Sonra 3-5 və 6-8-ci siniflər üzrə 1,2 və 3-cü yerləri tutan şagirdlərə diplomlar və qiymətli hədiyyələr təqdim olunub. Bundan başqa, müsabiqədə iştirak edən bütün şagirdlərə xatirə hədiyyələri verilib.
geriyə || yuxarı
|