05.05.2007
Ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş şahmat turniri haqqında
Mayın 5-də Yasamal rayon Şahmat və Dama Mərkəzində vergi xidməti əməkdaşları arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümünə həsr olunmuş şahmat turnirinin açılış mərasimi keçirilmişdir.
Turnir Gənclər və İdman Nazirliyinin və Azərbaycan Şahmat Federasiyasının dəstəyi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyi tərəfindən təşkil edilmişdir.
Mərasimdə çıxış edən vergilər nazirinin müavini Natiq Qasımov bildirmişdir ki, Vergilər Nazirliyində ümummilli liderin xatirəsinə həsr edilmiş şahmat turnirinin keçirilməsi artıq ənənə halını almışdır. N.Qasımov qeyd etmişdir ki, Azərbaycanda şahmatın indiki səviyyəyə çatmasında ulu öndərin müstəsna xidmətləri olmuşdur. Azərbaycana rəhbərlik etdiyi uzun illər ərzində ümummilli lider bədən tərbiyəsi və idmanın inkişafını daim diqqət mərkəzində saxlamış, ona böyük qayğı göstərmişdir. Məhz Azərbaycanın ümummilli liderinin təşəbbüsü ilə ötən əsrin yetmiş-səksəninci illərində Azərbaycanda şahmatın zəngin ənənələri yaradılmış, həmin dövrdə respublikanın şahmat həyatında böyük bir canlanma baş vermiş, demək olar, bütün şəhər və rayonlarımızda bu oyunun pərəstişkarları yaraşıqlı şahmat məktəbləri və klublarında məşğul olmaq, təcrübə toplamaq, ustalıqlarını artırmaq imkanı qazanmışdılar. N.Qasımov Möhtərəm Prezident İlham Əliyevin də idmana olan qayğısı barədə danışmış, onun respublikamızda şahmatın inkişafına dair son sərəncamını xatırlatmışdır.
Şahmat turnirində vergi orqanlarının bütün struktur bölmələrinin əməkdaşları (32 nəfər) iştirak edir. Turnir olimpiya sistemi üzrə keçirilir və mayın 26-da yekunlaşacağı nəzərdə tutulub.
geriyə || yuxarı
|