03.05.2007

«Vergi tədrisi» modelinin təqdimat mərasimi haqqında

Mayın 3-də Azərbaycan Dövlət İqtisad Universitetinin «Heydər Əliyevin İqtisadi İrsinin Öyrənilməsi Mərkəzi»ndə ümumilli lider Heydər Əliyevin anadan olmasının 84-cü ildönümü münasibətilə Vergilər Nazirliyinin Tədris Mərkəzinin hazırladığı «Vergi tədrisi» modelinin təqdimat mərasimi keçirilmişdir. Tədqimat mərasimində vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru, Milli Məclisin elm və təhsil məsələləri üzrə daimi komissiyasının sədri Şəmsəddin Hacıyev, millət vəkilləri, Təhsil, Maliyyə Nazirliklərinin, Tələbə Qəbulu üzrə Dövlət Komissiyası və Dövlət Sosial Müdafiə Fondunun rəhbərliyi, həmçinin beynəlxalq maliyyə qurumlarının nümayəndələri iştirak etmişlər.
Tədbir iştirakçıları əvvəlcə, Dövlət İqtisad Universitetinin foyesində xalqımızın ümumilli lideri Heydər Əliyevin büstü önünə əklil qoymuş, xatirəsini ehtiramla yad etmişlər. Sonra təqdimat mərasimi keçirilmişdir.
Təqdimat mərasimini açıq elan edən Ş.Hacıyev rəhbərlik etdiyi ali məktəbdə informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə daim böyük əhəmiyyət verildiyini, müasir təlim metodlarının, xüsusilə də interaktiv tədris üsullarının tətbiqi sahəsində intensiv iş aparıldığını vurğulamışdır. Rektor bununla əlaqədar  Vergilər Nazirliyi ilə sıx əməkdaşlıq qurulduğunu da bildirmişdir.
Öz növbəsində, vergilər naziri F.Məmmədov nazirliyin kadr təminatının formalaşmasında İqtisad Universitetinin böyük rol oynadığını və bu rolun daim artdığını diqqətə çatdırmışdır. Adıçəkilən ali məktəbdə «Vergi və vergiqoyma» kafedrasının, kafedra nəzdində fənn laboratoriyasının yaradıldığını və uğurla fəaliyyət göstərdiyini vurğulayan F.Məmmədov Vergilər Nazirliyində də vergi xidməti əməkdaşlarının peşə hazırlığının təkmilləşdirilməsi və ixtisasının artırılması istiqamətində əhəmiyyətli işlər görüldüyünü qeyd etmişdir. Nazir «Vergi sistemində insan resurslarının inkişafına dair strategiya»sı, «Vergilər Nazirliyinin tədris konsepsiyası» və «Dövlət vergi orqanlarının əməkdaşlarının peşə hazırlığı qaydaları»nın təsdiq edildiyini bildirmişdir. F.Məmmədov «Vergi tədrisi» modelinin məhz adıçəkilən konsepsiya çərçivəsində yaradılğını və nazirliyin Tədris Mərkəzində uğurla həyata keçirildiyini vurğulamışdır. Artıq nazirliyin tədris konsepsiyasının Avropadaxili Vergi Administrasiyası Təşkilatı tərəfindən də bəyənildiyini və qabaqcıl metodika kimi digər dövlətlərə tövsiyyə olunduğunu diqqətə çatdıran nazir yeni modelin ali məktəblərdə də tətbiqinin səmərəli olacağına inandığını qeyd etmişdir.
Təhsil nazirinin müavini Elmar Qasımov təhsildə müasir tədris metodlarının tətbiqinin genişləndirlməsini müsbət qiymətləndirmiş, bu modelin vergi tədrisində keyfiyyətcə yeni mərhələ olduğunu vurğulamışdır.
Sonra Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev tədris Mərkəzinin hazırladığı layihə barədə ətraflı məlumat vermiş, onun üstünlüklərini tədbir iştirakçılarının diqqətinə çatdırmışdır. Y.Kəlbiyev yeni modelin şəffaflığın və obyektivliyin təmin edilməsində əhəmiyyətli olduğunu vurğulamışdır.
Mərasimdə çıxış edən digər natiqlər tədris modeli barədə müsbət fikirlər söyləmiş, bu modelin tətbiqinin təhsil və kadr hazırlığı prosesində əhəmiyyətli rol oynayacağını bildirmişdirlər.
Qeyd olunmalıdır ki, təqdimat mərasimi ilə paralel olaraq qonşu auditoriyada sözügedən tədris modelinin modellərinin tətbiqi vasitəsilə test imtahanları keçirilmiş və tədbirin sonunda imtahan zalı ilə təqdimat mərasimi keçirilən zal arasında telekörpü vasitəsilə əlaqə yaradılmışdır.
Təqdimat mərasimində sonra tədbir iştirakçıları İqtisad Universitetində fəaliyyət göstərən «Vergi və vergiqoyma» kafedrası, eləcə də kafedranın fənn laboratoriyası ilə yaxından tanış olmuşlar.
Tədbirin sonunda kütləvi informasiya vasitələrinin nümayəndələrini maraqlandıran suallar cavablandırılmışdır.


geriyə || yuxarı