18.05.2007
BMT-nin rezident-koordinatoru ilə keçirilən görüş haqqında
Mayın 18-də Vergilər Nazirliyinin Mərkəzi Aparatında vergilər naziri cənab Fazil Məmmədovun BMT-nin rezident-koordinatoru cənab Bruno Pueza ilə görüşü keçirilmişdir.
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar haqda məlumatlı olduğunu vurğulayan Bruno Pueza ölkəmizin maliyyə imkanlarının ildən-ilə artmasından məmnulğunu bildirmişdir. Bu baxımdan rezident-koordinator Azərbaycan hökumətinə, o cümlədən Vergilər Nazirliyinə daha çox texniki yardımlara üstünlük verdiklərini qeyd etmişdir. Öz növbəsində, vergilər naziri Fazil Məmmədov Birləşmiş Millətlər Təşkilatının texniki yardımlarını yüksək qiymətləndirdiyini diqqətə çatdırmış, BMT tərəfindən həyata keçirilən layihələrin şəffaflığı ilə fərqləndiyini xüsusi vurğulamışdır.
B.Pueza BMT-nin Azərbaycanda elektron hökumətin qurulması istiqamətində görülən işləri dəstəklədiyini qeyd etmişdir. O, elektron bəyannamələrin tətbiqi ilə bağlı müvafiq yardımlarını Azərbaycan hökumətinə də təklif etmişdir. Respublikamızda artıq bu istiqamətdə müəyyən işlərin görüldüyünü vurğulayan F.Məmmədov təkcə Bakı şəhərində 500-dək bəyannamənin vergi orqanlarına elektron formatda göndərildiyini bildirmişdir. Ümumiyyətlə, Azərbaycanın vergi sistemində həyata keçirilən islahatlara toxunan nazir bir sıra MDB dövlətlərinin, o cümlədən, Moldova və Belarusun Azərbaycanın təcrübəsindən yararlandığını diqqətə çatdırmışdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.
geriyə || yuxarı
|