16.05.2007

İOTA-nın İşçi Qrupunun iclası haqqında

Mayın 16-da Bakı şəhərində Avropadaxili Vergi Administrasiyaları Təşkilatının (IOTA) «Vergi ödəyicilərinin təhsili və xidmət» İşçi Qrupunun iclası öz işinə başlamışdır. İclasda 20-dək Avropa ölkəsinin vergi administrasiyalarının nümayəndələri iştirak edir.
Tədbirin açılış mərasimində çıxış edən vergilər nazirinin müavini, 3-cü dərəcəli dövlət vergi xidməti müşaviri Natiq Qasımov IOTA ilə əməkdaşlığın ölkəmiz üçün olduqca mühüm əhəmiyyət daşıdığını vurğulamışdır. N.Qasımov bildirmişdir ki, bu, lk növbədə, vergi fırıldaqçılığı ilə mübarizə, transfert qiymətləri, ƏDV-nin tətbiqi prosesilə bağlı olduqca mühüm və faydalı olan təcrübə mübadilələri ilə əlaqədardır. Onun sözlərinə görə, Azərbaycanın təşkilata üzv dövlətlərlə kifayət qədər yüksək səviyyədə əlaqələri yaranmışdır. İşçi Qrupunun iclasının Azərbaycanda keçirilməsinin məhz buna əyani misal olduğunu diqqətə çatdıran nazir müavini bu dəfəki tədbirdə əsas müzakirə mövzularının vergi ödəyicilərinin təhsili və xidmət sahəsi ilə bağlı olduğunu qeyd etmişdir. Bunun təsadüfi olmadığını vurğulayan N.Qasımov IOTA-nın əvvəlki forumlarından birində Vergilər Nazirliyinin Tədris Mərkəzi tərəfindən hazırlanmış «Vergi tədrisi» modelinin təqdimatının keçirildiyini xatırlatmış, bu modelin IOTA tərəfindən yüksək dəyərləndirildiyini və onun digər ölkələrdə tətbiqinin tövsiyyə olunduğunu bildirmişdir.
Sonra vergilər naziri Fazil Məmmədovun tədbir iştirakçılarına təbrik məktubu oxunmuşdur.
Öz növbəsində, İOTA-nın nümayəndəsi Yan Makdonalds tədbirin yüksək səviyyədə təşkilinə görə, təmsil etdiyi qurum adından Azərbaycan Respublikası Vergilər Nazirliyinin rəhbərliyinə minnətdarlığını bildirmişdir.
Qeyd edək ki, Avropadaxili Vergi Administrasiyaları Təşkilatı Avropanın 38 ölkəsini birləşdirən vergi sahəsində çox nüfuzlu beynəlxalq təşkilatdır. Bu təşkilatın yaradılması barədə qərar 1996-cı ildə Varşavada keçirilən Mərkəzi və Şərqi Avropa, eləcə də Baltikyanı ölkələrin Vergi Administrasiyalarının 3-cü konfransında qəbul edilmişdir. Hazırda İOTA-nın mərkəzi qərargahı və katibliyi Macarıstanın paytaxtı Budapeşt şəhərində yerləşir.
Azərbaycanın bu təşkilatla əlaqələri 2002-ci ildən qurulmuşdur. Həmin ilin sentyabr ayında Latviyanın paytaxtı Riqa şəhərində keçirilən 6-cı Baş Assambleyada Azərbaycan Respublikasının Vergilər Nazirliyi İOTA-nın tam hüquqlu üzvü seçilmişdir.
Xatırladaq ki, MDB ölkələri arasında bu təşkilata üzv olan ilk dövlətlər Azərbaycan və Moldovadır. Sonradan Ukrayna və Gürcüstan da İOTA-nın tam hüquqlu üzvü seçilmişlər.

Bakıda keçirilən İşçi Qrupun iclası mayın 18-dək davam edəcək. Toplantıda Azərbaycanla yanaşı, İtaliya, Estoniya, Polşa, Fransa, Finlandiya və Danimarkanın vergi administrasiyalarının öz təcrübələri ilə bağlı təqdimatlarını keçirəcəyi gözlənilir.


geriyə || yuxarı