03.05.2007

Belarus vergilər və yığımlar naziri Anna Deyko ilə görüş haqqında

Mayın 3-də vergilər naziri Fazil Məmmədov Belarusun ölkəmizdə rəsmi səfərdə olan vergilər və yığımlar naziri Anna Deykonu qəbul etmişdir. Görüşdə iki ölkə arasında vergilər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Vergilər naziri Fazil Məmmədov xanım Anna Deykonu Bakıda görməkdən məmnun olduğunu bildirmiş, iki dost ölkə arasında qarlışılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. Nazir qeyd etmişdir ki, ölkələrimiz arasında işgüzar tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq xüsusilə də son iki ildə yüksələn xətlə inkişaf edir.
Xanım A.Deyko Azərbaycanı dost ölkə hesab etdiklərini, onun inkişafında və dünya birliyinə inteqrasiyasında birgə əməkdaşlığa hazır olduqlarını qeyd etməklə yanaşı, Azərbaycan prezidenti İlham Əliyevin Belarus Respublikasına son səfərini xatırlamışdır.  Belarus vergilər və yığımlar naziri bu səfərin iki ölkə arasında əməkdaşlığın keyfiyyətcə yeni formada qurulmasına impuls verdiyini, xüsusilə də dövlət başçılarının qarşılıqlı şəkildə səfirliklərin açılması ilə bağlı razılaşmasından sonra iki ölkə arasında ticarət dövriyyəsinin potensial imkanlarının artıdığını qeyd etmişdir.
Vergilər naziri Azərbaycanın vergi xidmətində aparılan islahatlar, Vergi Məcəlləsinin qəbulu, vergi inzibatçılığının təkmilləşdirilməsi və vergi nəzarətinin təşkili ilə bağlı qonağa geniş məlumat vermişdir.
Sonra Belarus vergilər və yığımlar naziri üçün Azərbaycanının vergi xidmətiin modernləşdirilməsi barədə xüsusi təqdimat keçirilmişdir. Bildirilmişdir ki, son bir neçə ildə ölkəmizin vergi xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Vergi ödəyicilərinə xidmət sistemi, Nazirliyin Tədris Mərkəzi yaradılmış, vergi uçotu sadələşdirilmiş, vergilərin sayı və dərəcələri azaldılmış, vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi işə salınmış, şəffaflıq prosedurları tətbiq edilmişdır. Qeyd olunmuşdur ki, Vergilər Nazirliyi artıq bəyannamələrin elektron şəkildə qəbulu prosesinə də başlamışdır.
Xanım A.Deyko Azərbaycanın vergi sahəsində beynəlxalq əlaqələri ilə maraqlanmışdır. Belarusun vergilər və yığımlar naziri ölkəmizin Avropadaxili Vergi Admanistrasiyaları Təşkilatının üzvlüyünə qəbul prosesi ilə bağlı təcrübə mübadiləsi aparmaq niyyətini bildirmişdir.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.


geriyə || yuxarı