05.03.2008
BVF missiyası ilə görüş haqqında
Azərbaycanın vergi siyasəti və vergi xidmətinin fəaliyyətində son üç il ərzində görülən işlərlə tanış olmaq və öz tövsiyyələrini vermək məqsədilə Bakıya işgüzar səfərə gəlmiş Beynəlxalq Valyuta Fondunun vergi inzibatçılığına dair texniki yardım missiyası öz işini yekunlaşdırmışdır. Eyni zamanda, Fondun Azərbaycan üzrə daha bir missiyası ölkəmizə səfərə gəlmişdir. Martın 5-də vergilər naziri Fazil Məmmədov hər iki missiyasının üzvlərini qəbul etmişdir.
BVF-nin Azərbaycan üzrə missiyasının rəhbəri Valeriya Fikera bildirmişdir ki, səfər müddətində Azərbaycan hökumətilə 2007-ci ildə ölkəmizin makroiqtisadi göstəriciləri və 2008-ci il üçün orta müddət üzrə perspektivlərini müzakirə etmək niyyətindədirlər. Məqsəd ölkə iqtisadiyyatının ətraflı təhlilini aparmaq və ölkənin inkişaf perspektivlərini dəyərləndirməkdən ibarətdir.
Vergilər naziri Fazil Məmmədov ötən il ərzində vergi daxilolmaları üzrə proqnozun artıqlaması ilə yerinə yetirildiyini bildirmiş, neft və qeyri-neft sektoru üzrə daxilolmaların strukturu barədə ətraflı məlumat vermiş, həmçinin ortamüddətli perspektiv üçün vergi siyasəti barədə fikirlərini açıqlamışdır. Nazir qeyd etmişdir ki, ölkədəki iqtisadi artım, sahibkarlıq subyektlərinin sayının artması, həmçinin vergi nəzarətinin təkmilləşdirilməsi nəticəsində 2007-ci ildə qeyri-neft sektorundan vergi daxilolmalarının artım tempi yüksək olmuşdur.
Görüşdə həmçinin 2008-ci ildə həyata keçiriləcək vergi siyasəti və büdcə gəlirlərinə dair proqnozlar da müzakirə olunmuşdur.
Vergilər naziri Fazil Məmmədov Fondun vergi inzibatçılığına dair texniki yardım missiyasına da Bakıda olduqları müddətdə apardıqları gərgin iş üçün təşəkkürünü bildirmiş, bu missiyanın Vergilər Nazirliyi üçün böyük əhəmiyyət kəsb etdiyini, qarşıya qoyulan məsələlərin hərtərəfli təhlil edilməsi və gələcəkdə vergi orqanında görüləcək işlərin təkmilləşdirilməsi baxımından mühüm önəm daşıdığını vurğulamışdır.
Texniki yardım missiyasının rəhbəri Qraham Harrison qeyd etmişdir ki, iki həftə ərzində Azərbaycanın vergi sistemində vergi inzibatçılığı ilə bağlı görülən işlər geniş təhlil edilmiş, son üç il ərzində Vergilər Nazirliyi tərəfindən həyata keçirilən mühüm modernləşdirmə işləri yüksək qiymətləndirilmiş, vergitutmanın idarəedilməsi üzrə nəticələr müəyyən edillmiş, Vergilər Nazirliyinin 2009-2012-ci illər üçün modernləşdirmə strategiyasına dair tövsiyyələr hazırlanmışdır.
Fazil Məmmədov Vergilər Nazirliyini maraqlandıran istiqamətlərdə BVF-nin texniki yardım göstərməsinin müsbət nəticələr verə biləcəyini qeyd etmişdir. Bildirilmişdir ki, missiyanın hazırladığı təkliflərin Vergilər Nazirliyi tərəfindən yüksək qiymətləndirilir və bu təkliflər hərtərəfli təhlil ediləcəkdir. Nazir onu da vurğulamışdır ki, hazırda Azərbaycanın vergi qanunvericiliyinin və inzibatçılığının Avropa İttifaqının yüksək standartlarına uyğunlaşdırılması üçün 2009-2012-ci illəri əhatə edəcək Dövlət Proqramı layihəsinin hazırlanması üçün beynəlxalq təcrübə öyrənilir və bu proqram layihəsinin təkmilləşdirilməsi üçün missiyanın təklifləri nəzərə alınacaqdır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər də müzakirə edilmişdir.
geriyə || yuxarı
|