19.06.2008
Operativ nəzarət tədbirləri haqqında
Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir.
19.05.08-19.06.08 tarixləri ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 1908 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu zaman 980 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 129 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilmişdir. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 190 vergi ödəyicisi aşkar edilmiş, 343 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşgul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının həyata keşirdiyi operativ nəzarət tədbirləri zamanı 93 vergi ödəyicisində 113 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi, 51 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşıması, 95 şəxs tərəfindən valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması faktları aşkar olunmuşdur.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirlər zamanı isə 27 vergi ödəyicisində 4690,8 manat dəyərində 801 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir.
Operativ nəzarət tədbirləri davam etdirilir.
geriyə || yuxarı |