18.06.2007

Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Gəlir İdarəsinin başkanı
Osman Arıoğlu ilə görüş haqqında

İyunun 18-də vergilər naziri Fazil Məmmədov Türkiyə Respublikasının Maliyyə Nazirliyinin Gəlir İdarəsinin başkanı cənab Osman Arıoğlunun başçılıq etdiyi nümayəndə heyətini qəbul etmişdir. Görüşdə iki ölkə arasında vergilər sahəsində əməkdaşlıq məsələləri müzakirə olunmuşdur.
Vergilər naziri Fazil Məmmədov cənab Osman Arıoğlunu Bakıda görməkdən məmnun olduğunu bildirmiş, iki dost ölkə arasında qarlışılıqlı əməkdaşlığın bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə etmişdir. Nazir qeyd etmişdir ki, ölkələrimiz arasında qardaşlıq, strateji və işgüzar tərəfdaşlıq münasibətləri mövcuddur və bu əməkdaşlıq xüsusilə də son illər yüksələn xətlə inkişaf edir.
Cənab O.Arıoğlu Azərbaycanı dost və qardaş ölkə hesab etdiklərini, onun inkişafında və dünya birliyinə inteqrasiyasında Türkiyənin bir qardaş ölkə kimi daim yanında olduğunu vurğulamışdır.
Görüşdə iki ölkənin vergi xidmətləri arasında qurulan əlaqələr, onların genişləndirilməsi və dərinləşdirilməsi məsələləri müzakirə edilmişdir.
Sonra Gəlir İdarəsinin nümayəndələri üçün Azərbaycanın vergi xidmətində aparılan islahatlar və vergi sisteminin  modernləşdirilməsinə həsr olunmuş xüsusi təqdimat keçirilmişdir. Bildirilmişdir ki, son bir neçə ildə ölkəmizin vergi xidmətinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində əhəmiyyətli işlər görülmüşdür. Vergi ödəyicilərinə xidmət sistemi, Nazirliyin Tədris Mərkəzi yaradılmış, vergi uçotu sadələşdirilmiş, vergilərin sayı və dərəcələri azaldılmış, vergi xidmətində Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi işə salınmış, şəffaflıq prosedurları tətbiq edilmişdır.
Qonaqlar üçün vergi xidməti əməkdaşlarının fəaliyyətinin qiymətləndirilməsi meyarları və vergi orqanlarında vergi ödəyicilərinə xidmət sisteminin qurulması barədə xüsusi təqdimatlar keçirilmişdir. Qeyd olunmuşdur ki, Vergilər Nazirliyi artıq bəyannamələrin elektron şəkildə qəbulu prosesinə də başlamışdır.
Türkiyə Gəlir İdarəsinin başkanı O.Arıoğlu Azərbaycanın vergi sahəsində aparılan islahatların təqdirəlayiq olduğunu vurğulamışdır. Nümayəndə heyəti vergi sistemində menecmentin qurulmasının yüksək səviyyədə olduğunu qeyd etmişdir. Vergi ödəyicilrinə xidmət strukturlarının fəaliyyəti, həmçinin təklif olunan xidmətlərin spektrinin genişliyi qonaqlarda böyük maraq doğurmuşdur.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılmışdır.

 


geriyə || yuxarı