08.06.2007
Məcburi köçkünlərə edilən yardım haqqında
İyunun 8-də hər bayramlarda olduğu kimi, bu ilki Respublika günü və qarşıdan gələn Milli Qurtuluş bayramları münasibətilə Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirovun rəhbərliyi ilə Nazirliyin bir qrup əməkdaşı Ağcabədi rayonu ərazisində məskunlaşan Şuşa, Laçın, Ağdam, Füzuli və Xocavənd rayonlarından olan məcburi köçkünlərə baş çəkərək bayram sevincini onlarla bölüşmüşlər.
Vergilər Nazirliyinin nümayəndələri 15 ildir öz doğma yurdlarından ayrı düşmüş bu insanların problemləri ilə maraqlanmış və Prezident İlham Əliyevin qaçqın və məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması ilə bağlı verdiyi fərmana uyğun olaraq hökumətin bu istiqamətdə gördüyü işlərdən bəhs etmişlər.
Vergilər Nazirliyinin Aparatının rəhbəri Asif Cahangirov 28 may - Respublika Gününün Azərbaycanın dövlətçilik tarixində rolundan danışmış, bu tarixin xalqımıza miras qoyduğu iqtisadi, mədəni, mənəvi potensialdan bəhs etmişdir. Natiq qeyd etmişdir ki, 15 iyun – Milli Qurtuluş günü də bilvasitə dövlətçiliyimizlə bağlı olan bir bayramdır. 90-cı illərin əvvəllərində Azərbaycan öz tarixində ikinci dəfə əldə etdiyi müstəqilliyini itirmək təhlükəsi ilə üz-üzə idi. Bu dövrdə Azərbaycanda başlanan hakimiyyət uğrunda silahlı mübarizə, ayrı-ayrı şəxslərə xidmət edən qanunsuz silahlı birləşmələrin yaradılması, çoxhakimiyyətliliyin hökm sürməsi dövlətçiliyimizə və onun sonrakı taleyinə çox ağır zərbələr vurmuşdu. Yalnız xalqın təkidli tələbi ilə ümummilli lider Heydər Əliyev 1993-cü ildə hakimiyyətə qayıtdıqdan sonra ölkədə separatçılıq, etnik parçalanma meyillərini, ölkənin varlığı üçün yaranan təhlükəni dəf edə bildi. Ulu öndərimizin əsasını qoyduğu iqtisadi inkişaf bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Bu baxımdan Milli Qurtuluş Günü ölkəmizin yeni müstəqillik tarixində mühüm bayramlardan biridir.
Məcburi köçkünləri bayram münasibətilə təbrik edən nazirliyin nümayəndələri onlara qısa müddətdə öz doğma evlərinə qayıtmağı və bütün bayramları doğma ocaqlarında qarşılamağı arzulamışlar.
Öz növbəsində, tədbirdə iştirak edən Ağcəbədi Rayon İcra Hakimiyyəti başçısının müavini Əbülfət Tapdıqov göstərilən diqqətə görə rayon rəhbərliyinin minnətdarlığını bildirməklə yanaşı, ölkə prezidentinin qaçqın və köçkünlərə göstərdiyi qayğını alqışladıqlarını xüsusi vurğulamışdır. Tədbirdə çıxış edən ağsaqqallar və məcburi köçkünlər göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.
Görüşdə Vergilər Nazirliyinin Vergi borclarının məcburi alınması işinin təşkili İdarəsinin rəisi Bəxtiyar Qəhrəmanov, Bakı şəhər Vergilər Departamentinin rəisi Tariyel Quliyev, 8 saylı ƏVİ-nin rəisi Valid Ağayev də iştirak etmişlər.
Tədbirin sonunda Nazirliyin daxili imkanları hesabına alınmış bayram sovqatı - 50 tondan çox şəkər tozu, düyü, un və yağdan ibarət ərzaq məhsulları və 25 ton yanacaq rayon ərazisindəki Türk Qızıl Ay, Taxtakörpü, Alman qəsəbələrində məskunlaşan 8.170 nəfəri əhatə edən 1.548 ailəyə paylanmışdır.
geriyə || yuxarı
|