13.07.2007
Kollegiya iclası haqqında
İyulun 13-də Vergilər Nazirliyində 2006-cı il və 2007-ci ilin birinci yarımilliyində fəaliyyətin nəticələri və qarşıda duran vəzifələrlə bağlı geniş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov ilin birinci yarısında vergi orqanları qarşısında duran vəzifələrin icrası ilə bağlı qısa məlumat vermişdir.
Sonra Nazirliyin İqtisadi təhlil və uçotun təşkili idarəsinin rəisi Zaur Fətizadə geniş məruzə ilə çıxış etmişdir. Natiq ilin ilk yarısında vergi daxilolmalarının vəziyyəti barədə məlumat vermiş, büdcə ilə nəzərdə tutulmuş proqnoz tapşırıqların 101,3 faiz yerinə yetirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkədəki iqtisadi yüksəliş vergi ödəmələrinə də müsbət təsir etmiş, 2007-ci ilin birinci yarısında daxiolmaların həcmi 1926,7 mln. manat proqnoza qarşı 1951,9 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 924,8 mln. manat və ya 90 faiz çox olmuşdur. Bu zaman həm dövlət, həm də qeyri-dövlət sektoru üzrə daxilolmalarda nəzərəçarpacaq artım müşahidə edilmişdir. Dövlət sektoru üzrə daxilolmalar ötən ilin müvafiq dövrünə nisbətən 182,9 mln. manat, qeyri-dövlət sektoru üzrə daxilolmalar isə 741,9 mln. manat artmışdır.
Gündəlikldə duran digər məsələ - respublikada operativ vergi nəzarəti sahəsində işlərin mövcud vəziyyəti barədə Operativ nəzarət idarəsinin rəisi Habil Məmmədov məruzə etmişdir. Natiq nağd hesablaşmaların aparıldığı sahələrdə qanunvericiliyə əməl edilməsi, həmçinin aksizsiz və ya müvafiq qaydada aksiz markası ilə markalanmamış malların aşkar edilməsi sahəsində vəziyyət barədə məlumat vermiş, nəzarət kassa aparatlarının tətbiqi sahəsində mövcud olan problemləri qeyd etmiş, bu sahədə həlli vacib olan məsələləri diqqətə çatdırmışdır.
Daha sonra Vergilər Nazirliyinin Tədris Mərkəzinin rəisi Yaşar Kəlbiyev mərkəzin fəaliyyətinin nəticələri barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, vergi işçilərinin peşəkarlıq səviyyələrinin artırılması istiqamətində əldə edilmiş nailiyyətlərə baximayaraq, hazırda daha müasir tədris modellərinin tətbiqi üzərində iş aparılır.
Geniş kollegiya iclasını yekunlaşdıran vergilər naziri Fazil Məmmədov əsas diqqəti mövcud olan problemlərin aradan qaldırılmasına, xüsusilə də nağd hesablaşmalar sahəsində Ərazi Vergilər İdarələrində aparılan işlərin qənaətbəxş olmamasına yönəltmiş, yerli vergi orqanlarında icra intizamının artırılmasının vacibliyini vurğulamışdır. Nazir qarşıda duran məsələlərin icrası ilə bağlı konkret göstərişlər vermiş, bu sahədə vergi xidmətinin bütün əməkdaşlarının ciddi səylər göstərməsinin vacibliyini vurğulamışdır.
geriyə || yuxarı
|