18.02.2008
Aşkar edilmiş qanunsuz sahibkarlıq faktı haqqında
Vergilər Nazirliyi və onun müvafiq strukturları tərəfindən vergi hüquqpozmalarına qarşı mübarizə sahəsində işlər davam etdirilir.
Bu günlərdə Vergilər Nazirliyinə Sumqayıt şəhəri, 49-cu məhəllədə yaşayan Səlimov Rəsul Bulud oğlunun evində və həyətində yerləşən qarajda saxta yolla müxtəlif növ araq və şərab istehsal olunub satılması barədə məlumat daxil olmuşdur.
Həmin məlumat əsasında, həmçinin Xətai rayon məhkəməsinin qərarına əsasən, fevralın 14-də Rəsul Səlimovun qeyd olunan ünvanda yerləşən evinə və ona məxsus qaraja baxış keçirilmişdir.
Keçirilən tədbir zamanı Rəsul Səlimova məxsus evdən və qarajdan qanunsuz yolla əldə edilmiş 2998 ədəd saxta aksiz markaları, 73 şüşə saxta üsulla hazırlanmış müxtəlif növ spirtli içki, müxtəlif həcmli plastmas qablarda və çəlləklərdə 1200 litrdən artıq spirt, alkoqollu içkilərin hazırlanması üçün 2144 ədəd müxtəlif növ qapaq, tıxac, başlıqlar, etiket, çoxlu miqdarda müxtəlif növ və həcmli spirtli içkilərin boş şüşələri, habelə digər avadanlıqlar aşkar edilərək götürülmüşdür.
Aparılan araşdırma nəticəsində müəyyən edilmişdir ki, Həsənqulu Səlimov son 4 il ərzində qardaşı Rəsul Səlimovun Sumqayıt şəhəri, məhəllə 49, ev 56 ünvanında yerləşən mənzilində lisenziya almadan və vergi orqanlarında uçota durmadan müxtəlif mənbələrdən qanunsuz yolla əldə etdiyi saxta aksiz markalarından və spirtdən istifadə edərək alkoqollu içkilər hazırlayaraq ticarət və ictimai iaşə obyektlərinə satmaqla məşğul olmuşdur.
Departamentə dəvət edilmiş Həsənqulu Səlimov, həyat yoldaşı Heyran Mahmudova, qardaşı və digər ailə üzvləri qeyd olunan ünvanda saxta alkoqollu içkilərin hazırlanaraq müxtəlif ticarət və iaşə obyektlərinə satıldığını etiraf etmişdir.
Qeyd olunan fakt üzrə Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin Təhqiqat şöbəsində araşdırılma aparılır.
geriyə || yuxarı
|