11.02.2008
Vergi işçilərinin peşə bayramı münasibətilə keçirilən tədbir haqqında
Fevralın 11-də Vergilər Nazirliyinin yaradılmasının 8-ci ildönümünə və vergi xidməti əməkdaşlarının peşə bayramı gününə həsr olunmuş mərasim keçirilmişdir.
Əvvəlcə, Nazirliyin əməkdaşları Fəxri Xiyabana gələrək xalqımızın ümummilli lideri Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, abidəsi önünə əklil qoymuşlar.
Ziyarətdən sonra Vergilər Nazirliyində peşə bayramı münasibətilə mərasim keçirilmişdir. Tədbirdə çıxış edən vergilər naziri, 2-ci dərəcəli dövlət vergi xidməti müşaviri Fazil Məmmədov vergi xidməti əməkdaşlarını 2008-ci il fevralın 11-i – Vergilər Nazirliyinin yaradılmasının 8-ci ildönümü və vergi işçilərinin peşə bayramı münasibətilə təbrik etmiş, onlara gələcək fəaliyyətlərində uğurlar arzulamışdır.
Ümummilli lider Heydər Əliyevin Azərbaycanın dövlətçilik tarixində yeni mərhələnin əsasını qoyduğunu bildirən vergilər naziri bu dahi şəxsiyyətin rəhbərliyi dövründə ölkədə iqtisadi islahatların, o cümlədən vergi xidmətində də əsaslı və kompleks islahatların aparıldığını vurğulamış, müasir vergi xidmətinin yaranması, yenidən qurulması və təkmilləşdirilməsi istiqamətində aparılan işlərin strategiya və əsas istiqamətlərinin dahi öndər tərəfindən təsbit olunduğunu bildirmişdır.
Azərbaycan iqtisadiyyatının inkişaf vəziyyətinə toxunan F.Məmmədov qeyd etmişdir ki, 2003-cü ilin 15 oktyabr prezident seçkilərindən sonra Azərbaycanın müasir tarixində yeni inkişaf mərhələsinin əsası qoyulmuş, ölkəmiz dinamik inkişaf yoluna çıxmışdır. Böyük uğurlarla zəngin olan bu müddətdə ölkəmiz iqtisadi artım sürətinə görə dünyada lider dövlətə çevrilmişdir. Ötən 4 il dövlətimizin siyasi və iqtisadi qüdrətinin artması, milli maraqlarımızın beynəlxalq miqyasda təmin edilməsi, yeni iqtisadi inkişaf siyasətinin daha sürətlə həyata keçirilməsi, iqtisadi islahatların dərinləşdirilməsi, mövcud potensialın gücləndirilməsi və ondan istifadənin səmərəliliyinin yüksəldilməsi, həmçinin əldə edilmiş nailiyyətlərin həcmi baxımından ölkəmizin müasir tarixinə uğurlu və zəngin bir dövr kimi daxil olmuşdur. Ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən 2003-cü ildə irəli sürülmüş iqtisadiyyatın inkişaf templərinin sürətləndirilməsi strategiyasının son dörd il ərzində ardıcıl surətdə həyata keçirilməsi ölkəmizin davamlı dinamik inkişafını şərtləndirmişdir.
Vergilər naziri son dörd ili vergi sisteminin inkişafının keyfiyyətcə yeni dövrü kimi səciyyələndirmişdir. Qeyd edilmişdir ki, bu dövrdə mərhələlər üzrə aparılan kompleks islahatların nəticəsi olaraq ölkəmizdə təkmil və dayanıqlı vergi sistemi formalaşmış, iqtisadi inkişafa xidmət edən tədbirlər həyata keçirilmişdir. Vergi qanunvericiliyinin və inzibatçılığının təkmilləşdirilməsi prosesi davam etdirilmiş, vergi ödəyicilərinə xidmətin əhatə dairəsi genişləndirilmiş, «elektron hökumət»in tərkib hissəsi olaraq vergi xidməti informasiya texnologiyaları əsasında yenidən qurulmuşdur.
Vergilər naziri vergi sisteminin inkişafı prosesində bundan sonra da vergi orqanlarının inkişafı və modernləşdirilməsi ilə bağlı layihələrin həyata keçiriləcəyini vurğulamışdır.
Vergilər naziri Fazil Məmmədov respublikamızın bütün vergi işçiləri adından Azərbaycan Prezidenti möhtərəm İlham Əliyevi əmin etmişdir ki, Vergilər Nazirliyinin və onun yerli orqanlarının şəxsi heyəti dövlət başçısının siyasi kursuna sadiq qalaraq, ölkədə həyata keçirilən islahatlarda ölkə prezidentini daim dəstəkləyəcək, onun vergi əməkdaşlarına olan etimadını doğrultmağa çalışacaq, qarşıya qoyulmuş vəzifələrin öhdəsindən layiqincə gələcək, həmçinin 2008-ci il üçün müəyyən edilmiş büdcə proqnozunun yerinə yetirilməsi üçün bütün imkanlarını səfərbər edəcəkdir.
Mərasimdə çıxış edən digər natiqlər də ötən səkkiz il ərzində vergi xidmətinin inkişaf yollarından danışmışlar. Bildirilmişdir ki, dövlət başçısının vergi xidmətinə göstərdiyi böyük ehtiram vergi orqanlarının qarşısına mühüm vəzifələr və böyük məsuliyyət qoymuşdur.
Qeyd edək ki, vergi işçilərinin peşə bayramı ərəfəsində Vergilər Nazirliyinin bir sıra yerli strukturlarının yeni inzibati binaları təhvil verilmişdir. Belə ki, Vergilər Nazirliyinin Göyçay şəhərində 9 saylı Ərazi Vergilər İdarəsinin, Şəmkir şəhərində isə 14 saylı Ərazi Vergilər İdarəsinin yeni inzibati binalarının açılış mərasimləri keçirilmişdir. Yeni inzibati binaların istifadəyə verilməsi burada çalışan 120-ə yaxın vergi xidməti əməkdaşının iş şəraitininin yaxşılaşdırılması ilə bərabər, ərazilərin əhatə dairəsinə aid olan rayonlarda uçotda olan vergi ödəyicilərinin işini asanlaşdıracaq, onlara göstərilən xidmətin səviyyəsini müasir tələblərə uygunlaşdıracaqdır. Qeyd etmək lazımdır ki, müasir tələblərə cavab verən binalar yeni texniki avadanlıqlarla tam təchiz edilmişdir.
geriyə || yuxarı
|