30.12.2007
Kollegiya iclası haqqında
Dekabrın 30-da Vergilər Nazirliyində 2007-ci ilin yekunları və 29 dekabr 2007-ci il tarixində keçirilmiş «bir pəncərə» prinsipi üzrə vahid qeydiyyatın təqdimatı məraismində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının verdiyi tapşırıqlardan irəli gələn vəzifələrə həsr edilmiş geniş kollegiya iclası keçirilmişdir.
İclası giriş sözü ilə açan vergilər naziri Fazil Məmmədov 2007-ci ildə vergi orqanları qarşısında duran vəzifələrin icrası ilə bağlı qısa məlumat vermişdir.
Sonra Nazirliyin Kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatının təşkili və iqtisadi təhlil Baş İdarəsinin rəisi Zaur Fəti-zadə geniş məruzə ilə çıxış etmişdir. Natiq 2007-ci ildə vergi daxilolmalarının vəziyyəti barədə məlumat vermiş, büdcə ilə nəzərdə tutulmuş proqnoz tapşırıqların 106,7 faiz yerinə yetirildiyini qeyd etmişdir. Bildirilmişdir ki, ölkədəki iqtisadi yüksəliş vergi ödəmələrinə də müsbət təsir etmiş, 2007-ci ildə daxilolmaların həcmi 4253,4 mln. manat proqnoza qarşı 4540,0 mln. manat təşkil etmişdir ki, bu da ötən ilin müvafiq dövrünə nisbətən 1825,3 mln. manat və ya 67,2 faiz çox olmuşdur. Bu zaman həm dövlət, həm də qeyri-dövlət sektoru üzrə daxilolmalarda nəzərəçarpacaq artım müşahidə edilmişdir.
Z.Fəti-zadə ölkə prezdentinin «Sahibkarlıq fəaliyyəti subyektlərinin dövlət qeydiyyatının «bir pəncərə» prinsipi üzrə təşkilinin təmin edilməsi tədbirləri haqqında» Sərəncamına toxunaraq yeni yaradılmış kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı xidmətinin qarşısında duran vəzifələr barədə danışmışdır. Bildirilmişdir ki, qısa müddət ərzində bu sahədə dövlət qeydiyyatının aparılması üçün bütün zəruri şərait artıq təmin edilmişdir.
Geniş kollegiya iclasında çıxış edən vergilər naziri Fazil Məmmədov ötən ilə yekun vurmuş, həm dövlət büdcəsi proqnozlarının yerinə yetirilməsi, həm də vergi inzibatçılığı və vergi xidmətində bir sıra uğurların əldə edildiyini bildirmişdir. Nazir «Vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramı»nın uğurla icra edildiyini, bu il elektron bəyannamələrin qəbuluna başlanıldığını və artıq 23865 vergi ödəyicisinin 38000-dən artıq bəyannaməni bu üsulla göndərdiyini qeyd etmişdir.
Vergilər naziri əldə edilən uğurlarla yanaşı, bir sıra sahələrdə hələ də çatışmazlıqların qaldığını, qarşıdakı ildə bunların tam aradan qaldırılmasının vacibliyini vurğulamışdır.
Vergilər naziri yeni yaradılmış kommersiya hüquqi şəxslərin dövlət qeydiyyatı xidmətinin fəaliyyəti ilə bağlı qarşıda duran vəzifələri xatırladaraq bildirmişdir ki, yeni xidmətin səmərəli, intensiv və çevik fəaliyyəti üçün Vergilər Nazirliyinin rəhbərliyi bütün səylərini əsirgəməmişdir.
Nazir həmçinin Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının tapşırıq və tövsiyyələrinin icrası ilə əlaqədar 2008-ci ildə Vergilər Nazirliyi qarşısında duran strateji vəzifələr barədə danışmışdır. Bildirilmişdir ki, kommersiya müəssisələrinin «bir pəncərə» prinsipi üzrə dövlət qeydiyyatının vergi orqanlarına həvalə edilməsi Vergilər Nazirliyinə göstərilən yüksək etimadın göstəricisi olmaqla yanaşı, vergi xidməti əməkdaşlarının üzərinə böyük məsuliyyət qoyur. Kommersiya müəssisələrinin «bir pəncərə» prinsipi üzrə dövlət qeydiyyatının təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının verdiyi yüksək dəyər də bunu təsdiq edir və eyni zamanda, dövlət başçısının verdiyi tapşırıqlardan irəli gələn vəzifələrin həyata keçirilməsi üçün bütün səyləri səfərbər etməyi zəruri edir.
Vergilər naziri qarşıda duran məsələlərin icrası ilə bağlı konkret göstərişlər vermiş, bu sahədə vergi xidmətinin bütün əməkdaşlarının ciddi səylər göstərməsinin vacibliyini vurğulamışdır. Kollegiya iclasında «bir pəncərə» prinsipi üzrə vahid qeydiyyatın təqdimatı mərasimində Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarının verdiyi tapşırıq və tövsiyyələrin icrası ilə bağlı 2008-ci ildə Vergilər Nazirliyinin qarşısında duran strateji vəzifələrin yerinə yetirilməsini təmin edən tədbirlər planı qəbul edilmişdir.
Kollegiyanın sonunda Vergilər Nazirliyini kollektivi adından Azərbaycan Respublikasının Prezidenti möhtərəm İlham Əliyev cənablarına müraciət qəbul edilmişdir.
geriyə || yuxarı
|