27.12.2007
Operativ nəzarət tədbirləri haqqında
Dekabrın 27-də Vergilər Nazirliyində 2007-ci ilin ötən dövründə həyata keçirilmiş operativ nəzarət tədbirləri ilə bağlı brifinq keçirilmişdir. Brifinqdə Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev və idarənin rəisinin 1-ci müavini Habil Məmmədov iştirak etmişdir.
Operativ Nəzarət İdarəsinin rəisi İlham Əmirəliyev Vergilər Nazirliyinin əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. məsələlər üzrə operativ nəzarət tədbirlərinin uğurla davam etdirildiyini bildirmişdir.
Qeyd edilmişdir ki, bu ilin dekabrın 25-ə qədər keçirilmiş operativ nəzarət tədbirləri zamanı respublika üzrə 29429 obyektdə nöqsan aşkar olunmuş, həmin obyektlərdə qanunvericiliyin tələblərinə uyğun olaraq 8276 min manat məbləğində inzibati cərimə və maliyyə sanksiyaları tətbiq edilmişdir.
Əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunması üzrə həyata keçirilən reydlər zamanı 16446 obyektdə ciddi nöqsanlar aşkar edilmiş, həmin vergi ödəyicilərinə 7947.0 min manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.
Ötən müddətdə keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 2500 vergi ödəyicisi aşkar edilmiş və belə sahibkarlar 99,9 min manat məbləğində cərimələnmişlər.
Daha 3858 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması faktları müəyyən edilmiş, sözügedən obyektlərə qarşı səlahiyyətli dövlət orqanları tərəfindən 35,3 min manat məbləğində cərimə tətbiq olunmuşdur.
Valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul olunması faktlarının aşkar edilməsi istiqamətində də nəzarət tədbirləri həyata keçirilmiş, 1078 obyektdə nöqsan aşkar edilmiş və qanunvericiliyin tələblərini pozanlara qarşı 28.3 min manat məbləğində inzibati cərimə tətbiq edilmişdir. Eyni zamanda, valyuta sərvətlərinin ictimai yerlərdə alınıb-satılması halları üzrə 494 qanun pozuntusu faktı aşkar edilmiş, nöqsana yol verənlərə qarşı 14.2 min manat inzibati cərimə kəsilmişdir.
İ.Əmirəliyev bildirmişdir ki, vergi orqanlarının apardığı nəzarət tədbirləri zamanı 3366 obyektdə 3083 nöqsan aşkar olunmuş, 5706 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi halları müəyyən edilmişdir. Dövlət Əmək Müfəttişliyi orqanlarından daxil olmuş məlumatlara əsasən qanunvericiliyin tələblərini pozanlara qarşı ümumilikdə 99,2 min manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
Aparılan nəzarət tədbirləri zamanı 672 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması faktı müəyyən edilmişdir.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirləri zamanı isə 1298 vergi ödəyicisində ciddi qanun pozuntuları aşkar edilmiş, nöqsana yol verənlərə qarşı məhkəmə orqanları tərəfindən 29,9 min manat məbləğində inzibati cərimə tətbiq edilmişdir.
İ.Əmirəliyev bildirmişdir ki, 2008-ci ildən başlayaraq, nağd hesablaşmaların aparılması, aksiz markalarının tətbiqi, əmək müqavilələrinin bağlanılması üzrə aparılan operativ nəzarət işləri daha da gücləndiriləcəkdir.
İdarə rəisi məlumat vermişdir ki, Vergi Məcəlləsinə edilmiş son əlavə və dəyişikliklərə əsasən, Məcəlləyə yeni 58.10-cu maddə əlavə edilmişdir. Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi bağlamadan işə götürən tərəfindən fiziki şəxslərin hər hansı işlərin yerinə yetirilməsinə cəlb edilməsi yolu ilə onların gəlirlərinin gizlədilməsinə (azaldılmasına) şərait yaradıldığına görə işəgötürənə hər bir belə şəxs üzrə 1000 manat məbləğində maliyyə sanksiyası tətbiq ediləcəkdir.
Tədbirdə çıxış edən Operativ Nəzarət İdarəsinin rəisinin 1-ci müavini Habil Məmmədov da qeyd etmişdir ki, qarşıdakı ildə həyata keçiriləcək operativ nəzarət tədbirləri zamanı nağd hesablaşmalarda NKA-dan istifadə və aksizli malların satışı zamanı aksiz markalarının tətbiqi vəziyyətinə mütəmadi nəzarətin həyata keçirilməsi əsas diqqət mərkəzində olacaqdır. Rəis müavininin sözlərinə görə, Vergi qanunvericiliyinə edilmiş əlavə və dəyişikliklərlə cərimələrin sərtləşdirilməsindən və görülən işlərdən sonra NKA-dan istifadə vəziyyətinin xeyli yaxşılaşmasına baxmayaraq nəzarət işləri davam etdiriləcəkdir.
H.Məmmədov vergi oraqanlarının xüsusi diqqətində olan aktual məsələlərdən birinə - müğənnilərlə əlaqədar aidiyyəti tədbilərin aparılması məsələlərinə də toxunmuşdur. Bildirilmişdir ki, bu sahədə mütəmadi aparılan təhlilllər çatışmamazlıqların olduğunu göstərsə də, indiyədək vergi orqanları tərəfindən musiqi xidməti göstərən şəxslərin könüllü əməletmə prinsipinə üstünlük verilmişdir.
İdarə rəisinin 1-ci müavininin sözlərinə görə, vergi orqanlarının bu yanaşmasına rəğmən sözügedən sahədə lazımi nəticələr əldə edilməmişdir. Belə ki, musiqi xidməti göstərən 1425 şəxsin dövriyyələri və büdcəyə ödənişlərinə dair rəqəmlər acınacaqlı bir mənzərəni ortaya çıxarmışdır. Belə ki, sözügedən 1425 şəxsdən bir şəxs üzrə orta ayılıq dövriyyə (gəlir) məbləği 90 manat, orta aylıq büdcəyə ödəniş məbləği isə 4 manat təşkil etmişdir. H.Məmmədov müğənnilərin vergi öhdəlikləri barədə sualları cavablandıraraq qeyd etmişdir ki, respublikanın tanınmış və populyar müğənniləri belə dövriyyələrini aşağı səviyyədə göstərmişlər. Belə ki, əlifba sırası ilə qeyd edilərsə, Ağayev Faiq, Bağırov Abbas, Bağırov İzzət, Qafarov Nadir, Dadaşova Brilliant, Yaqubov Əyyub, İbrahimova İradə, İsmayılova Rəqsanə, Nəcəfova Röyalə, Pişiyari Nazim, Salmanov Elaris, Səmədov Ağasəməd, Hümmətova Nüşabə, Caparidze Manana, Şükürov Ədalət, həmçinin Şeron qrupunun təqdim etdiyi bəyannamə məlumatlarına əsasən orta aylıq gəlirləri 560 manat, orta aylıq büdcəyə ödənişlərinin məbləği isə 37 manat təşkil edir.
H.Məmmədov müğənnilərin bəyannamələrdə göstərdikləri gəlirlərin məbləğinin həqiqətdən uzaq olduğunu qeyd etmişdir. Belə ki, bu tanınmış sənətçilərin bəyan etdiyi orta aylıq 560 manat gəlir məbləğinin onların təkcə bir mərasimdə əldə etdiyi gəlirin məbləğindən belə aşağı olduğu vurğulanmışdır.
H.Məmmədov həmçinin bir sıra tanınmış müğənnilərin ümumiyyətlə vergi orqanlarına gəlirləri barədə bəyannamə təqdim etmədiyini bildirmişdir. Belə ki, 2007-ci ilin 3-cü rübündə Bağırov Abbas, Qədimova Xumar, Qasımova Nisə, İsgəndərli Mətanət, Kazımova Aygün, Kərimova Könül, Mehdiyev Rüfət, Məhərrəmli Vasif, Nəcəfova Röyalə, Nisanov Xəyyam, Hüseynəliyev Elton, Şuşalı Xuraman, Şükürov Namiq, həmçinin N-Brohers və Şeron qrupları vergi orqanlarına bəyannamə təqdim etməmişlər.
H.Məmmədov bildirmişdir ki, musiqi xidməti ilə məşğul olan şəxslərin fəaliyyəti hazırda tam nəzarətə götürülmüşdür. Belə ki, şənlik mərasimlərinin keçirildiyi şadlıq evləri və digər iri obyektlərə Vergilər Nazirliyi tərəfindən verilmiş xüsusi kitablarda, bu obyektlərdə oxuyan hər bir müğənniyə hər dəfə ödənilmiş nağd pul vəsaitlərinin uçotu aparılır. Bu kitablarda qeydiyyata alınmış məbləğlər, bu məqsədlə xüsusi olaraq hazırlanmış proqram təminatına işlənilməklə, musiqiçilərin əldə etdikləri gəlirlərin minimum məbləği müəyyənləşdirilir. Müəyyənləşdirilmiş minimum gəlir məbləğləri, əlaqəli məlumat kimi, Vergi Məcəlləsinin 67-ci maddəsinə əsasən təqdim olunmuş bəyannamələrinin göstəriciləri ilə üzləşdirilməklə, vergidən yayındırılmış məbləğlər kameral hesablama aparmaqla büdcəyə bərpa olunur.
H.Məmmədov qeyd edib ki, vergi orqanları bu sahədə qısa müddət ərzində köklü dəyişikliklərə səbəb ola biləcək ciddi tədbirlərə başlayacaq. Odur ki, vergidən yayınan musiqiçilərə qarşı sərt cəza tədbirləri görülməklə yanaşı, hətta cinayət məsuliyyətinə cəlb olunma halları da gözləyə bilər.
Vergilər Nazirliyi müsiqi fəaliyyəti ilə məşğul olan vergi ödəyicilərinə bir daha xəbərdarlıq edir, vergi qanunvericiliyinə əməl etmələrini, təqdim etdikləri bəyannamələrdə real gəlirlərini göstərməyi tövsiyə edir.
geriyə || yuxarı
|