19.12.2007
Elektron bəyannamələrin qəbulu haqqında
Dekabrın 19-da Vergilər Nazirliyində bəyannamələrin elektron qəbuluna dair brifinq keçirilmişdir. Brifinqdə çıxış edən İqtisadi təhlil və uçotun təşkili İdarəsinin rəisi Zaur Fəti-zadə bildirmişdir ki, vergi ödəyicilərinə daha effektiv vergi xidmətinin təqdim edilməsi və vergi inzibatçılığının təkmilləşdirilməsi respublikamızda inkişaf etmiş ölkələrə xas olan xidmət növünün - elektron bəyannamənin tətbiqinə zərurət yaratmışdır. “Azərbaycan Respublikasında vergi inzibatçılığının təkmilləşdirilməsi Dövlət Proqramında (2005-2007-ci illər)” da ayrıca element olaraq nəzərdə tutulmuş bu prosesin həyata keçirilməsi üçün Vergi Məcəlləsinə müvafiq əlavə və dəyişikliklər edilmiş, Nazirlər Kabinetinin 27 iyul 2007-ci il tarixli Qərarı ilə “Vergi hesabatının elektron sənəd formasında göndərilməsi Qaydalar”ı təsdiq edilmişdir.
Z.Fəti-zadə bildirmişdir ki, artıq vergi ödəyiciləri vergi orqanı ilə müqavilə bağlamaqla, istifadəçi kodu, şifrə və parol almaqla elektron formada bəyannamə göndərmək hüququnu əldə edə və vergi orqanındakı qeydiyyat məlumatlarına və büdcə qarşısındakı öhdəliklərinə baxış imkanına malik ola bilərlər.
Z.Fəti-zadə elektron bəyannamənin vergi ödəyicisinə verdiyi üstünlüklər barədə məlumat verərək bildirmişdir ki, elektron bəyannamə sistemi vergi ödəyicisinin vergi orqanına gəlmədən və vergi orqanının əməkdaşı ilə kontakta girmədən, tam şəffaf şəkildə, onun üçün rahat olan mühitdə və istədiyi zamanda bəyannaməni tərtib edərək internet vasitəsilə təqdim etməsinə imkan verir. Digər tərəfdən, bəyannamənin tərtibinə və düzgünlüyünün yoxlanılmasına proqram təminatı vasitəsilə göstərilən köməklik, bəyannamələrin elektron formada saxlanılması, vergi ödəyicisinin büdcə qarşısındakı öhdəlikləri barədə məlumatlar əldə etmək imkanının olması vergi ödəyicisini bir sıra əlavə işlərdən azad edir.
Yaxın gələcəkdə fəaliyyət göstərən bütün vergi ödəyicilərinin elektron bəyannamədən istifadə etməsinin nəzərdə tutulduğunu bildirən idarə rəisi vergi ödəyicilərinin elektron bəyannamələrə olan maraqlarının günü-gündən artdığını qeyd etmişdir. Bildirilmişdir ki, bu günə kimi 20000-dək vergi ödəyicisi istifadəçi kodu almış, elektron formada təqdim olunmuş bəyannamə və hesabatların sayı isə artıq 25000-i ötmüşdür. Qeyd etmək lazımdır ki, artıq ƏDV ödəyicilərinin 90,0 faizi bu xidmət növündən istifadə edir.
Vergi ödəyicilərinə verilən istifadəçi kodu, şifrə və parolların təhlükəsizliyi məsələsinə də toxunan Z.Fəti-zadə qeyd etmişdir ki, onların təhlükəsizliyi ən müasir mühafizə avadanlıq və alqoritmlərdən istifadə olunmaqla qorunur. Ölkədə “elektron imza”nın tətbiqinə başlanıldıqdan sonra istifadəçi adı, parol və şifrələr “elektron imza” ilə əvəz ediləcəkdir.
Tədbirdə jurnalistləri maraqlandıran digər suallar da cavablandırılmışdır.
Foto
geriyə || yuxarı
|