18.12.2007

Operativ nəzarət tədbirləri haqqında

Vergilər Nazirliyi əhali ilə nağd pul hesablaşmalarının aparılması qaydalarına riayət olunmasına, bu zaman nəzarət-kassa aparatlarından istifadə edilməsi, həmçinin vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən ödəyicilərin aşkar edilməsi, valyuta sərvətlərinin ödəniş vasitəsi olaraq qəbul edilməsi və s. kimi operativ nəzarətin əhatə funksiyalarına daxil olan məsələlər üzrə nəzarət tədbirlərini davam etdirir.
Son 2 həftə ərzində keçirilmiş operativ nəzarət tədbirləri zamanı 811 vergi ödəyicisində qanunvericiliyin pozulması faktları aşkar edilmiş və müvafiq tədbirlər görülmüşdür. Bu zaman 295 vergi ödəyicisində nağd hesablaşmaların aparılması qaydalarının pozulması, 56 vergi ödəyicisində valyuta sərvətlərinin ödəniş vasitəsi kimi qəbul edilməsi faktları aşkar edilmişdir. Keçirilən tədbirlər zamanı vergi orqanlarında uçota durmadan fəaliyyət göstərən 94 vergi ödəyicisi aşkar edilmiş, 88 vergi ödəyicisinin xüsusi razılıq (lisenziya) tələb olunan fəaliyyət növləri ilə belə razılıq (lisenziya) olmadan məşğul olması faktları müəyyən edilmişdir.
Vergi orqanlarının apardığı nəzarət tədbirləri zamanı 202 vergi ödəyicisində 266 nəfər fiziki şəxsin əmək müqaviləsi bağlamadan işə cəlb edilməsi halları aşkar edilmişdir.
Aparılan nəzarət tədbirləri zamanı 18 vergi ödəyicisinin fərqlənmə nişanı olmadan avtomobil nəqliyyatı ilə sərnişin daşınması, 40 şəxsin valyuta sərvətlərini ictimai yerlərdə alınıb-satılması faktları müəyyən edilmişdir.
Aksiz markalarının tətbiqi vəziyyətinə nəzarət məqsədilə keçirilən tədbirləri zamanı isə 18 vergi ödəyicisində 1283 ədəd aksiz markaları ilə müvafiq qaydada markalanmamış mallar aşkar edilmişdir.
Operativ nəzarət tədbirləri davam etdirilir.


geriyə || yuxarı